Топ-100 ORTA ŞƏRQ YENİDƏN ŞƏKİLLƏNİR

ORTA ŞƏRQ YENİDƏN ŞƏKİLLƏNİR

ANKARA-TEHRAN-BAĞDAD REGİONA SAHİB ÇIXA BİLƏCƏKMİ?..


İraq Baş Naziri Haydar Əl-Abadi oktyabrın 25-də Ankaraya səfər etdi.
Onun Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş Nazir Binəli Yıldırım ilə görüşləri oldu.
Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrini genişləndirməyi qərara alıblar.
İraq neftinin yenidən Türkiyəyə satışında, iki ölkə arasında təzə gömrük qapısının açılmasında razılıq əldə olunub.
Yeni gömrük qapısının açılması İraq mərkəzi hakimiyyətinin mövqeyinin möhkəmlənməsində, türkmanların həyat səviyyəsinin yüksəlməsində, ən nəhayət, Bərzaninin gücünün zəifləməsində mühüm rol oynayacaq.
Hərbi-siyasi ortaqlıq da davam edəcək.
İraqın ərazi bütovlüyünün önəmi yenidən təsdiqlənib.
PKK-ya qarşı birgə mübarizədə də razılıq əldə olunub.
Belə bir vaxtda Şimali İraq muxtar vilyət rəhbəri Məsud Bərzani referenduma qədərki vəziyyətə qayıtmağa razı olduğunu bildirib.
Bu bəyanata Baş Nazir Biməli Yıldırım, əgər qayıdacaqdın, niyə referenduma getdin, şəklində reaksiya verib.
Məsələ ilə əlaqədar türkmanlar da öz münasibətini açıqlayıb. İraq Türkman Cəbhəsinin aktivisti Aydın Səlim Maruf qeyd edib ki, Ərbilin qeyri-qanuni referendumun nəticələrini dondurması yetərli deyil. O, qərarın tam ləğvini tələb edib.
Bağdad isə hərbi güclərinin  ölkənin 36-cı paralelinə qədər irəliləyəcəyini söyləyir. Yəni hər nə qədər Ərbilə daxil olmasa da, mərkəzi hakimiyyət bu şəhəri də öz nəzarəti altına alacaq.
Süleymaniyyə isə Bərzanidən ayrılmaq niyyətindədir. Belə ki, burada Təlabaniyə bağlı qüvvələr hakimdir və onlar müstəqil Kürdüstan xəyallarının yıxılmasında Bərzanini günahkar bilirlər.
Bəli, Bərzaninin itkisi böyükdür. Amma Şimal İraqla bərabər Tel-Əvivə də ciddi zərbə dəyib. Axı bu ərazidən hasil olunan neftin böyük hissəsi İsrailə axırdı. Həm də xeyli sərfəli, qiymətə. Məhz buna görə İsrail “müstəqil Kürdüstan”nın ərsəyə gəlməsi uğrunda bu qədər canfəşanlıq edir. Amma olmur.
İsrail qədər Amerika,Almaniya,Ermənistan da gizli və ya aşkar şəkildə bu ideyanı müdafiə edirdi. Hərəsinin də öz səbəbi var.
Məsələn, Rusiya da kürdlərə loyal münasibət göstərməkdədir. Çünki Kreml Şimal İraqın enerji mənbələrinə sahiblənmək fürsətini fövtə vermək istəmir...
Bütün bunlara rəğmən, Ankara bölgədəki müttəfiqləri ilə birgə israrla hərbi əməliyyatları davam etdirir. Başqa sözlə, İraq probleminin həllindən sonra Türkiyə yenidən Suriyanı mərcəyə alacaq. Yəni İdlibdən sonra sıra Afrindədir. Məqsəd terroru, separatizmi sonlandırmaq, Aralıq dənizinə qədər uzanacaq süni koridorun formalaşmasının, “müstəqil Kürdüstan”ın təşəkkülünün qarşısını almaqdır...
Bu da İsrail, Amerika, Almaniya, Ermənistanın, və Rusiyanın, o cümlədən xəyalpərəst kürdlərin “Boyük Kürdüstan” planlarının uğursuzluğa düçar olacağına işarədir.
Görünən budur ki, Ankara-Tehran-Bağdad, (tədricən Şam da bu üçlüyə qoşularsa), regionun təhlükəsizliyi istiqamətində birgə addım atdıqlrı təqdirdə hər hansı super gücün və ya ittifaqların burada uğur əldə etməsi mümkünsüzdür...

0/Şərhlər

Previous Post Next Post