Топ-100 QARAGÜRUHLAR MEYDANI VƏ İKİLİ STANDARDLAR...

QARAGÜRUHLAR MEYDANI VƏ İKİLİ STANDARDLAR...

YAXUD CƏNABLAR, DIĞ-DIĞ ADAMI AZARA SALAR...


Məlum olduğu kimi bu günlərdə Türkiyədən dörd nəfər ictimai fəal Dağlıq Qarabağa icazəsiz səfər edib.
Azərbaycan hüquq-mühafizə orqanları haqlı olaraq, artıq həmin şəxslər barəsində cinayət işi açıb.
Amma bu qalmaqalda insanı düşündürən iki məsələ var.
Birincisi, niyə bu səfər indi baş verdi?
İkincisi, niyə Azərbaycan mediasında bu dörd nəfərin qara əməlləri bütün Türkiyəyə şamil edildi?
İlk öncə diqqətləri Şimal İraqda keçirilən qeyri-qanuni referenduma cəlb etmək istərdik...
Bizə görə bu səfərin Şimali İraq kürdlərinin özlərini müstəqil elan etdiyi bir vaxta rastlaması, heç də təsadüf deyil...
Zənnimizcə, burada Azərbaycan və Türkiyə toplumlarının psixoloji vəziyyətləri yenə də test edilmiş oldu. Yəni Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmliyi bir daha dişə vuruldu...
Başqa sözlə, Şimali İraq hadisələrində Türkiyəni meydanda yalnız qoymaq üçün olduqca hiyləgər manevr edildi. Amma Anadolunu Azərbaycan kimi qardaş və strateji müttəfiq dövlətdən məhrum etmək planı uğursuz oldu.
Çünki buna Türkiyənin həm iqtidar, həm də müxalif partiyaları olduqca sərt reaksiya verdilər, atılmış addımı pislədilər...
Halbuki, əgər niyətləri baş tutsa idi, süni gündəm yaradılacaqdı, Türkiyə mediasının və ictimaiyyətinin diqqəti Şimali İraqdan yayındırılacaqdı.
Lakin bu səfərdə ən əsas məqam ermənilərin timsalında Şimali İraq kürdlərinin müstəqillik kompaniyasına dəstək əldə etmək idi. Bununla da ermənilər üzərindən Rusiyanı da oyuna cəlb etməklə, Ankaranın manevr imkanlarını daraltmaq hədəfi güdülürdü.
 Bir sözlə, bir güllə ilə bir neçə quş vurmaq...
Söylədiklərimizi əsaslandırmaq üçün Xankəndinə səfər edən zatların kimliklərinə fikir verək:
Sait Çetinoğlu, Türkiyədə “Amnesty İnternational” təşkilatının ilk koordinatorlarından olub.
Onun fəaliyyətinə qondarma 1915-ci il “erməni soyqırımı”nı tanıtmaq və 1934-cü ildə guya Frakiyada yəhudilərə qarşı törədilmiş talanların araşdırılmasına nail olmaq, daxildir.
Fikir verin, yəhudi talanları və erməni qırğını...
Sual ortaya çıxır, kürdlərin müstəqilliyini tərəddüdsüz hansı dövlət tanıyır?
Əlbəttə İsrail!
Artıq xoruzun quyruğu göründü, deyilmi?..
Ali Bayramoğlu, yalançı erməni soyqırımı üzrə ixtisaslaşıb, yəni türk qiyafəsindəki “etirafçılardandır”.
Ufuk Aras, Türkiyədə kürdlərin etnik zəmində qurduqları HDP siyasi-təşkilatının sabiq üzvüdür.
HDP-nin isə separatçı mövqe tutduğu, PKK-nın siyası qolu olduğu hər kəsə məlumdur.
Ufuk Aras hazırda özünə yeni partiya yaratmaqla məşğuldur. Yəni yeni qiyafədə zühur etməyə çalışır. 
Erol Katırcıoğlu, yenə də sabiq HDP üzvüdür, siyasi hədəfində Türkiyədə maksimum kürd müstəqilliyinə, minimum muxtariyyətinə nail olmaq durur.
Zənnimizcə, bu cəbhədə artıq bütün nəsnələrə aydınlıq gətirmiş olduq.
Gələk Azərbaycan tərəfinə...
Baş vermiş bu hadisəyə “Lider” televiziyası və Hikmət Babaoğlunun timsalında bəzi millət vəkilləri və siyasətçilər olduqca qəribə mövqedən reaksiya verdilər...
Yəni üç-beş niyyəti bəlli qaragüruhun bəd əməllərini bütün Türkiyə dövlətinə şamil etməyə çalışdılar.
Hətta 15 iyul hadisələrində Azərbaycanın nümayiş etdirdiyi haqlı tərzi uşaqcasına “başa qaxmağa” çalışdılar.
Araşdırmadan, belə bir qeyri-peşəkar yanaşma olduqca üzücüdür.
Halbuki zamanında Aleksandr Duqin və ona bənzər rus siyasətçilərin Azərbaycan əleyhinə səsləndirdikləri bəyanatları, atdıqları addımları yuxarıda adlarını çəkdiyimiz Azərbaycan mediası və siyasətçiləri Rusiyadakı bir qrup insanın şəxsi mövqeyi kimi təqdim ediblər, yəni Kremlin ayağına yazmayıblar...
Bu günlərdə isə Duqini hətta ağsaqqal belə adlandırmaq həvəsinə düşdülər...
Anlamaq olmur, bu Moskva leyhinə bir fürsətçilikdir, yoxsa tələskənlik...
Axı, hətta Türkiyənin özünün suverenliyinə düşmən kəsilmiş bu qaragüruhun qara əməllərini, bütövlükdə Türkiyəyə şamil etmək, nə qədər doğrudur?..
Halbuki həmin gün “Lider” televiziyası və digər kütləvi informasiya vasitələri Türkiyənin Müdafiə naziri Nurəddin Caniklinin şəhidlər xiyabanında verdiyi bəyanata diqqət çəkməli idi.
Axı, cənab nazirin “Azərbaycan xalqının istəyi bizim üçün əmrdir!” -bəyanı, indi iki dövlət, bir millət fəlsəfəsini yeni bir mərhələyə daşımış oldu...
Güc birlikdədir, deyilmi?!
Bəli, sular bulanır, amma həm də durulur.

Durulmuş sularda kimim kim olduğunu görmək isə o qədər də çətin deyil...

0/Şərhlər

Previous Post Next Post