Топ-100 HAQDAN DANIŞAN VÜQAR RƏHİMZADƏ NƏ QƏDƏR HAQLIDIR

HAQDAN DANIŞAN VÜQAR RƏHİMZADƏ NƏ QƏDƏR HAQLIDIR

RƏHİMZADƏ MƏFKURƏSİ AZƏRBAYCAN ÜÇÜN NİYƏ TƏHLÜKƏLİDİR?..

Azərbaycanın “İctimai” televiziyası mətbuatın mövcud durumu ilə daim maraqlanır. Sanki öz vəziyyəti məmnuniyyətvericidir. Xalq arasında AzTv-nin filalı kimi tanınan və heç bir nüfuzu olmayan bu yayım şirkətinin sosial mediya və saytlar üzərinə hücumu xeyli düşündürücüdür. Əslində tək “İctimai” Tv deyil, dövrün tələblərinə uyğunlaşa bilməyən əksər ənəənəvi media təmsilçiləri bu yolu tutmaqdadır.
Başqa sözlə, özünə umac ova bilməyən ənənəvi mətbuat, israrla başqalarına əriştə kəsməkdədir.
İndi də Mətbuat Şurasının, üzvü “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin timsalında sosial media və saytlar üzərinə hücum başlayıb.
Səbəb nədir?
Dediklərinə görə Azərbaycan jurnalistikasının xilasını düşünürlər.
Sual ortaya çıxır, kimdən və nədən?
V.Rəhimzadə iddia edir ki, kiçik saytlar, jurnalist peşəsini ləkələyir. Əlavə edir ki, axı bir məktəb direktorundan, xəstəxanadan nə qədər yazmaq olar?..
Bununla da guya bir tərəfdən reket jurnalistikaya diqqət çəkmək istədiyini, digər tərəfdən isə Azərbaycan dilinin qayğısına qaldığını nümayiş etdirir.
Əgər belədirsə haqlıdır.
Amma qanun hamı üçün yazılıb. Həm şantajla pul qoparan reket, həm də tərif yazıb əvəzində rüşvət alan məddah jurnalistlər üçün...
Vüqar Rəhimzadəni reket jurnalistika narahat edə bilər. Əslində isə onu daha çox narahat edən özünün rəhbəri olduğu “İki sahil” qəzetinin, saytının mövcud vəziyyətidir. Çünki saytlar bolluğu arasında onun qurumu itib-batmaqdadır. Axı belə bir media bolluğu şəraitində əvvəllər olduğu kimi ənənəvi prestiji qoruyub saxlaya bilmir. Çünki yaradıcı məfkurədən xeyli uzaqdır, dövrün nəbzini tuta bilmir, nə edəcəyini bilmir. Rahat yola əl atır, hakimiyyətdəki gücündən istifadə edib, xilas olmağa çalışır. Buna görə də V.Rəhimzadə “kiçik saytlar”ın bağlanmasını istəyir.
Gülməlidir, deyilmi?
Çünki bu yanaşmanın özü sübut edir ki, niyə Vüqar Rəhimzadə kimilərinin rəhbəri olduğu ənənəvi və rəqəmsal media qurumları ortalıqda görünmür.
Lap tutalım, kiçik saytlar bağlandı. Bəs ”Facebook”, “Twitter”, ”Youtube”, ”Vimeo”, “İnstaqram”, “Linkedin” və s. kimi sosial şəbəkələr də bağlanılacaq?
Əcəba, Azərbaycana Şimali Koreya görüntüsü verməyə niyə bir bu qədər həvəs göstərilir?
Niyyət nədir?
Halbuki bütün milli məsələlərdə məhz həmin “kiçik saytlar”, sosial şəbəkələr daha aktiv rol oynayır. Bu dəfələrlə sübut olunub.
Unutmayaq ki, hər kiçik sayt və ya sosial şəbəkə aktivistinin hətta belə 500-1000 arası izləyicisi olarsa, bu Azərbaycan həqiqətlərinin, haqq işinin dünyaya çatdırılmasında böyük qüvvəyə çevrilir.
Cənablar, buraxın, yeni mətbuat üzərinə bir bu qədər hücumu... 
M.Ə.Sabiri çox sevirsiniz, və ondan çox sitat gətirirsiniz.
Mən də sevirəm, ona görə sizə dünyaya Sabirin gözü ilə baxmağı tövsiyyə edirəm. Buraxın, bu geriliyin ətəyini, gələcəyi görməyi bacarın.
Digər tərəfdən, cənab Rəhimzadə, xatırlayırsınızsa, 2010-cu ilin dekabr ayında sizin rəhbərliyiniz altında qəzetiniz “Çağ” oyrətim şirkətini ziyarət edib, şapalaq-şapalaq təriflər yazırdı...
Amma bəyənmədiyiniz həmin “kiçik sayt”lar bu və buna bənzər qurumların təhlükəsi barədə dönə-dönə ictimaiyyəti məlumatlandırmaqla məşğul idi.
Nəticədə nə oldu, həqiqətən də indi tək Azərbaycan deyil, Türkiyənin özü də FETÖ adlı bir cinayət şəbəkəsinin təhdidləri ilə üzbəüz qaldı.
Deməli “kiçik saytlar” əgər bir məktəb direktoru və ya xəstəxananın baş həkimi barədə sürəkli yazırsa, orda ciddi təhlükə var.
Nəhayət sonda, “kiçik saytlar”la məşğul olmağı bir kənara qoyun, bir böyük sayt kimi Azərbaycanın inkişafı istiqamətində böyük işlərlə məşğul olun.
Bu arada, cənab Rəhimzadə, bir də təşəkkür borcunuz var, axı saytınızı reklam etmiş oldum...

0/Şərhlər

Previous Post Next Post