Rusiya təşəbbüsü tamamilə ələ alır?..

Rusiyaya
məxsus gəmilərin Aralıq dənizinə açılması, Moskva-Vaşinqton xəttindəki siyasi
oyunların gərginliyinə işarə edir.
Hər iki
ölkənin kifayət qədər müharibə və sülh təcrübəsi olduğundan, mövcud konfliktdə
də istədikləri qədər “alova yağ və ya su ata bilirlər”.
Hər iki
ölkənin strategiyasında İdlib xüsusi önəm kəsb edir.
Rusiya
üçün İdlib Bəşər Əsədə məxsus hökumət qüvvələrinin nəzarətində olmayan ən iri
anklavdır və bu əraziyə nəzarəti ələ keçirən qüvvənin masa arxasında da mövqeyi
ötkəm olacaq.
Kremil
üçün İdlibin digər bir önəmi isə bu bölgəyə nəzarəti əl keçirməklə, müharibənin
aktiv fazasını nöqtələmək və bazarlıqlara başlamaq istəyir.
Amerika isə
kürdləri silahlandıraraq, hələ də Fəratın şərqindəki ərazilərə nəzarət edir.Burada
isə kifayət qədər neft və qaz yataqları var. Hasil edilmiş yanacağı dəniz vasitəsi
ilə bazara çıxarmaq lazım gələcək. Bu məna da İdlib strateji mövqeyə malikdir.
Bunu
başa düşən Vaşinqton, hətta Paris də yenidən Bəşər Əsədin kimyəvi silah işlətmək
təhlükəsindən danışmağa başlayıblar. Belə bir addım atıldığı təqdirdə isə Dəməşqi
yerlə-yeksan edəcəklərini bəyan edirlər. İnanmaq çətindir ki, belə bir “hədə”
rusları dayandırsın. Putin qoyunu soyub-soyub, quyruğunda yarımçıq buraxmaz.
Hazırda Moskva
belə bir təbliğat aparır ki, əslində Amerikanın çığır-bağırının arxasında
İsrailin təhlükəsizliyi durur. Kreml hesab edir ki, Tel-Əvivin təhlükəsizliyinə
isə yalnız Rusiya əsl zəmanət ola bilər. Yəni Amerikanın vasitəçilinə ehtiyac
yoxdur,əksinə bölgəyə gərginlik gətirir. Bununla da Putin diplomatiyası bir
güllə ilə iki dovşan vurmuş olur. Vaşinqtonu oyundan kənar edir, Tel-Əvivin
timsalında isə münasibətləri daha da möhkəmləndirir. Başqa sözlə, Yaxın Şərq, yəni
İsrail-Fələstin kartını da ələ keçirmiş olur.
Bəs
Türkiyə? Moskva Ankaranın maraqlarını nə qədər diqqətə alır?
İdlib məsələsində
Ankaranın mövqeyi qətidir. Bu bölgəyə vasitəçi dövlətlərin, yəni
Rusiya-İran-Türkiyənin nəzarəti altında sülh gəlməsinin istəyir. Lakin Tehran və
Moskvanın köməyi ilə yenidən Suriyada möhkəmlənən Əsəd rejimi ilə Ərdoğan hökuməti
arasındakı problemli münasibətlər işin rəngini xeyli dəyişdirir.
İran və
Rusiya üçün isə Əsəd məsələsi çoxdan gündəmdən düşüb. Hər iki dövlət Suriyada qanuni
hakimiyyətin Bəşər Əsədə məxsus olduğunu bəyan edir. Yəni bu məsələdə Ankara
meydanda təkdir. Çünki indiyə qədərki danışıqlar göstərdi ki, Bəşər Əsədin
hakimiyyətdə qalıb-qalmaması heç Vaşinqtonu da bir o qədər maraqlandırmır.
Bu qədər
hərbi xərc, bu qədər itkidən sonra Türkiyənin Əsəd məsələsində geri addım
atması olduqca qəribə görünə bilər. Axı Ankara Əsədin hakimiyyətini tanısın, ya
tanımasın, o, Türkiyəyə qarşı sakit oturmayacaq.Hafiz Əsədin dövründə olduğu
kimi Bəşər də gələcəkdə kürd kartından aktiv istifadə edəcək.
Kreml yenə də ənənəvi oyununu oynayır. Artıq bundan
sonra Rusiya sülh libasına bürünərək, vasitəçi missiyasını oynamağa başlayacaq.
Daha doörusu “sülhpərvər qüvvə” qiyafəsində hədəfləri uğrunda mübarizə
aparacaq. Bir başqa sözlə, indi Moskva Bəşərin əli ilə Türkiyəni meydandan
sıxışdıracaq və ya “Ankaraya yerini göstərəcək”. Gərginlik yarandığı təqdirdə
isə Rusiya bir vasitəçi ölkə kimi ortaya çıxıb problemi özünün və müttəfiqinin
lehinə “ vəziyyəti stabiləşdirmə”adı altında həll edəcək.
Hadisələrin
belə bir inkişafına tanıdığımız Ərdoğan sərtliyi və ya Türkiyənin potensialı nə
qədər imkan verəcək, görəcəyik.
Əgər
söylədiklərimizin əksi baş versə, deməli, rus siyasəti xəstəliyə yoluxub.
Əlqərəz,
İdlib ətrafında torpaq, su, hava isinir. Kartların burada yenidən
qarışdırılması ehtimalı xeyli yüksəkdir.
Necə? Kimin
nəfinə?
Bu gedişatla Moskva-Tehran-Dəməşqin xeyrinə...
Post a Comment