Топ-100 Liderlik qabiliyyəti və Əli Qoç

Liderlik qabiliyyəti və Əli Qoç



Yaxud Fənərbaxçada nələr baş verir?..
Bu günlərdə Türkiyə mətbuatı Fənərbaxçada baş verən çalxalanmalardan yazmaqdadır.
Ötən günlərdə Fənərbaxçanın üç məşqçisinin klubdakı fəaliyyətinə son qoyulub.Məşqçilərin komandaya xəyanət etdiklərini Fənərbaxça idman klubunun prezidenti Əli Qoç FB tv-ə verdiyi açıqlamada dilə gətirib.Həqiqət isə bundan ibarətdir ki, Fənərbaxçadakı bütün problemlər media tərəfindən böyüdülür və asparaqas yaradılır.Halbuki digər klublarda Fənərbaxçadakı hadisələrdən daha dəhşətlisi baş verir. Sadəcə, o klubların gündəmə gəlməməsinin iki ciddi səbəbi var. Birincisi, Fənərbaxça kimi xal cədvəlində son sıralarda deyillər. İkincisi, klub prezidentləri yeni deyil. Bununla da medianın qaragüruh qüvvələrinin əlinə girəvə düşüb.
Təbii ki, Əli Qoçu klubdakı bu gərgin vəziyyət əməlli-başlı sıxır və təşviş keçirməsinə səbəb olur. Nəticədə bir liderin etməyəcəyi yanlışlara yol verir. Konflikti idarə etmək bacarığının olmaması, həmçinin təcrübəsizliyi  onu yanğın üzərinə yağla getməyə sövq edir.
İlk baxışdan böyük bir şirkətin sahibinin belə səhvlərə yol verməsi əcaib görünə bilər. Əslində isə bu təbiidir. Axı Fənərbaxça ictimaiyyətlə daha geniş və daimi əlaqələri olan bir idman təşkilatıdır.Belə ki, toplumla daha iç-içə olan bir qurumun idarəsi, hər hansı bir şirkətin idarəsi ilə müqayisədə çox çətindir.
Beləliklə, məsələni bir neçə rakursdan ələ alsaq, görərik ki, hər bir tərəfin doğru və yanlış olduğu məqamlar vardır.Belə ki, Komandanın idman direktoru Damien Komollinin uğursuz addımları klubu bu vəziyyətə düşürüb. Fikrimizə bir qədər açıqlıq gətirək.
Məlum olduğu kimi UEFA-ın “financial fair play” qaydaları klubları “kəmər sıxma”ğa məcbur edib. Fənərbaxça da təbii olaraq, bu qaydaları əsas götürməklə transfer siyasəti həyata keçirməli idi. Bunun üçün əvvəlcə almaqla deyil, satmaqla başlamalı idilər.
Digər tərəfdən D.Komollinin qarşısında klubun gəncləşdirilməsi vəzifəsi qoyulmuşdu. Deməli, altyapı və digər çempionatlar titizliklə ələ alınmalı idi. Lakin bu da uğursuz şəkildə həyata keçirilib.Belə ki, edilən transferlərin böyük əksəriyyəti gəncləşdirmə politikasına uyğun gəlmir.Komandanın yeni oyunçuları 25 yaşın üzərindədir. Bir çoxu isə kirəlikdir.Digər yandan idman direktorunun transferləri zamanında etməməsi adaptasiya prosesini xeyli ləngidib və Fənərbaxçanı uğursuzluq zolağına sürükləyib.Komandaya daxil olan az sayda gənc futbolçulara isə etimad demək olar ki, yoxdur.Çünki bu futbolçuları meydanda görmək mümkün deyil.  Nəticədə bu günkü acı vəziyyət yaranıb..
Böyük vədlər verərək klub prezidenti olmuş Əli Qoçu mövcud durum rahatsız etməyə bilməzdi.Bu vəziyyət təbii olaraq, onu araşdırmalara sövq edib. Günah keçisi axtarışına başlanılıb.
Nəticədə üç məşqçinin taleyi həll olundu. İddia edildiyi kimi məşqçilərin xəyanət edib etmədiklərini isə təbii ki, zaman göstərəcək. Lakin həqiqət budur ki, ortada ya problemin həllində acizlik göstərən, ya da problemdən xəbərsiz, eləcə də aldadılmış bir Əli Qoç var. Həmçinin, ictimai fikrin manipulyasiyası ilə məşğul olan mətbuatın varlığı da inkar edilməzdir. Halbuki mövcud reallıqda idman meneceri daha fəal prosesə müdaxilə etməli idi. Amma bu baş verməyib. Problem klub prezidentinə qədər böyüyüb. Klub prezidenti də bu problemi ya daxili qaydada həll etməli, ya da FB tv-ə danışdığı şəkildə müsahibə verməməli idi. Amma artıq çox gecdir, ox yaydan çıxıb. Çox güman ki, Fənərbaxçanı irəlidə sakit günlər gözləmir.


0/Şərhlər

Previous Post Next Post