Yaxud Azərbaycanın təhsil proqramı Bütöv Azərbaycan
düşüncəsinə uyğun olmalıdır
Müsahibimiz Azərbaycan
Qaçqınlar Cəmiyyətinin sədri Dr. Əziz Ələkbərlidir.

M: Əziz bəy, əvvəlcə saytımıza müsahibə verdiyinizə
görə təşəkkür edirik.
İlk oncə buradan başlayaq, Qərbi Azərbaycanlılar Azərbaycan
Respublikasının prezidenti İlham Əliyevə müraciət ediblər. Səbəb? Tutalım, bu müraciətə
müsbət cavab verildi, onda Qərbi Azərbaycanlılar nəsə əldə edəcək?
Ə.Ə: Bildiyiniz kimi, 1988-ci ildə başlanan və hələ də
davam edən Qarabağ müharibəsinin tarixi kökləri xeyli dərin olsa da, bu il bu
müharibənin 30-cu ili tamam olur. Müharibənin ilk mərhələsində Azərbaycan öz
tarixi torpaqlarının böyük bir parçasını – Qərbi Azərbaycan adlandırdığımız,
zaman-zaman itirə-itirə gəldiyimiz 29,8 min kv. km-lik böyük bir ərazini
itirdi... Əslində, bu ərazi bu gün Ermənistan Respublikası kimi tanınsa da, son
qarışına qədər tarixi Azərbaycan ərazisi, qədim türk torpağıdır. Burada ilk erməni
dövləti – daşnak Ararat Respublikası 1918-ci ildə yaradılıb. Azərbaycan
Prezidenti İlham Əliyevə müraciət etməkdə məqsədimiz də bu tarixin – Qərbi azərbaycanlı
soydaşlarımızın 1988-ci il deportasiyasının dövlət səviyyəsində qeyd
olunmasıdır. Bundan əlavə, bu il həm də soydaşlarımızın həmin ərazidən
1948-1953-cü illər deportasiyasının 70-ci ildönümüdür. Biz belə hesab edirik
ki, bu ildönümlərinin dövlət səviyyəsində qeyd olunması xalqımızın vaxtilə məruz
qaldığı faciənin unudulmaması və yüksək tribunalardan dünya ictimaiyyətinə
çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Soruşursunuz ki, bu müraciətə
müsbət cavab verildiyi halda Qərbi azərbaycanlılar nə əldə edəcək? İlk növbədə 1948
və 1988-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın,
onların övladlarının tarixi yurd yerlərimizə bağlılığı artacaq, Azərbaycanın
işğal altında olan ərazilərinin düşməndən azad olunması uğrunda xalqımızın
mübarizə əzmi daha da yüksələcək. İndilik bu, azdırmı?
M: Qərbi Azərbaycanlılar Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən kənarda təşkilatlana biliblərmi?
Ə.Ə:
Qərbi Azərbaycanlılar tarixi torpaqlarından qovulduqdan sonra 1988-ci ildə Bakıda
Zəngəzur Cəmiyyətini, 1989-cu ildə isə həmin cəmiyyətin bazasında Azərbaycan
Qaçqınlar Cəmiyyətini yaradanda və Azərbaycanda gedən ictimai-siyasi
proseslərdə fəal iştirak edəndə hələ Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsi yaradılmamışdı. Əslində, Qaçqınlar Cəmiyyəti o vaxtkı
Azərbaycan SSR Nazirlər Soveti sədrinin xüsusi sərəncamı ilə yaradılmış və
qeydiyyata alınmışdır. Dövlət də qaçqınlarla bağlı bütün işləri Azərbaycan
Qaçqınlar Cəmiyyəti vasitəsilə həyata keçirirdi. Bu Cəmiyyət bu gün də
fəaliyyət göstərir və 1988-ci ildə sayı 250 min nəfər olan, indi isə sayı artıq
500 min nəfərə çatan Qərbi Azərbaycandan (indiki Ermənistandan) qovulmuş
qaçqını təmsil edir. Bundan əlavə, bir məqamı yaddan çıxarmaq lazım deyil:
Qərbi Azərbaycan qaçqınları siyasi cəhətdən həmişə fəal olublar, Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü, işğal altında olan və tarixi torpaqlarımızın
azad edilməsi məsələsi gündəmə gəldiyi istənilən vaxt yenidən və qısa vaxtda
təşkilatlanmaq gücünə malikdirlər.
M: Bəs Azərbaycandan kənarda Qərbi Azərbaycanlıların
hər hansı bir təşkilatı varmı?
Ə.Ə: Mən bilən,
Azərbaycandan kənarda belə bir təşkilat yoxdur, bəlkə buna heç ehtiyac da
yoxdur. Azərbaycandan kənarda hər bir azərbaycanlının Azərbaycan naminə vahid
təşkilatda birləşməsi daha məqsədəuyğundur. Məncə, indi Azərbaycandan kənarda
Azərbaycan diasporunu və lobbisini gücləndirmək daha vacibdir.
M: Diaspora ilə kordinə edilmiş fəaliyyət göstərə bilirsinizmi?
Ə.Ə: Xeyr, amma elə hesab edirik ki, belə bir fəaliyyətə ehtiyac var.
M: Necə düşünürsünüz, Qərbi Azərbaycanlılar
ümumtürk məsələsində nə qədər aktivdirlər?
Ə.Ə:
Qərbi azərbaycanlı soydaşlarımızın siyasi cəhətdən kifayət qədər yetkin olması
mübahisə mövzusu ola bilməz. Biz yüz illər boyu azərbaycanlı-türk qanına
susamış bir düşmənlə iç-içə yaşamışıq. Dil içində dil, din içində din, millət
içində millət yaşatmış və zərrə qədər milli kimliyimizdən, adət-ənənmizdən uzaq
düşməmişik. Bu, bəlkə həm də ona görə mümkün olub ki, Qərbi Azərbaycanda
yaşayanların, demək olar ki, hamısı xalis türk olublar. Sovet dönəmində SSRİ
tərkibindəki Azərbaycanın Türkiyə ilə heç bir əlaqəsi olmadığı halda, biz
Ermənistanda yaşayan azərbaycanlılar hamımız xüsusi vasitələrlə Türkiyə
televiziya kanallarına baxmışıq, Türkiyədə gedən prosesləri izləmişik. Bu gün
də Azərbaycanda türkçülük ideyasını güclü şəkildə dəstəkləyənlər içərisində
başqa bölgələrimizdən olan soydaşlarımızla yanaşı, kifayət qədər Qərbi
azərbaycanlı da var. Türkçülük bizim qanımızdadır.
M: Məlum olduğu kimi Qarabağ münaqişəsində xalq
diplomatiyasiyanı israrla gündəmə gətirənlər var. Lakin bunun qəti əleyhinə
olan böyük çoxluq da var. Bəs siz nə düşünürsünüz?
Ə.Ə: Bu məsələdə mənim
fikrim bir qədər fərqli və fərdidir. Hamı bilir ki, bu münaqişənin iki həlli
yolu var: birincisi müharibə, ikincisi sülh. Hamı kimi mən də birinci – şərəfli
yolun tərəfdarıyam, lakin gəlin görək buna bizə imkan verirlərmi? Vermirlər.
Deməli, müharibə yolu hələlik mümkün görünmür. Belə çıxır ki, biz bu yol mümkün
olana qədər oturub gözləməliyik. Amma biz 30 ildir gözləyirik, daha 30 il
oturub gözləmək o torpaqları həmişəlik itirmək deməkdir. Onda ikinci yol qalır
– sülh yolu. Sülh yolu isə, hamımız bilirik ki, mümkün deyil. Niyə? Çünki
erməni işğal etdiyi torpaqları heç vaxt könüllü olaraq verməyəcək. Deməli,
Azərbaycan torpaqların düşməndən azad edilməsi ilə bağlı bu günə qədərki
taktikasına yenidən baxmalıdır. Hamımıza bəllidir ki, yerli Qarabağ erməniləri,
əslində xristian alban türkləridir və onlar 16-19-cu yüzillərdə
erməniləşdiriliblər. Bunu alban mənşəli erməni alimləri də dəfələrlə etiraf
ediblər. Onlar etnik və genetik cəhətdən Azərbaycan türklərinə daha
yaxındırlar, nəinki ermənilərə. Deməli, buradan başlamaq lazımdır. Bu
istiqamətdə tədqiqatları və təbliğatı gücləndirmək üçün Azərbaycanda və keçmiş
SSRİ məkanında kifayət qədər mütəxəssis var. Bu istiqamətdə güclü elmi-ideoloji
baza yaradıldıqdan sonra alban mənşəli Qarabağ erməniləri ilə bağlı xüsusi
dövlət siyasəti həyata keçirilməlidir, bəlkə onların tarixi alban adlarını
özlərinə qaytarmaq lazımdır – ermənidilli xristian alban türklər, bunu zaman
diqtə edəcək. Amma əgər Dağlıq Qarabağ Azərbaycan Respublikasının ərazisi,
burada yaşayanlar Azərbaycan vətəndaşıdırlarsa, Azərbaycan hökuməti onları ilk
növbədə erməni təzyiqi və təsirindən aralamalı və qorumalıdır. O ki qaldı
Rusiya amilinə, Rusiya bizim üçün qonşu ölkədir. Həm də qonşu olmaqdan başqa,
biz iki yüz il eyni çardaq altında yaşamışıq. Doğrudur, bu gün
Ermənistan-Azərbaycan gərginliyi Rusiyaya sərf edə bilər və edir, bu da ilk
növbədə Rusiya dövlətinin region maraqlarından irəli gəlir. Bu məsələdə
Rusiyanı da anlamaq və reallıqla hesablaşmaq lazımdır. Keçmiş SSRİ məkanında
qaydaları bu gün Rusiya qoyur. Belə şəraitdə Azərbaycan Rusiya ilə
münasibətləri ən yüksək səviyyədə inkişaf etdirməkdə davam etməlidir. Əslində
bu gün Rusiya üçün Azərbaycan Ermənistandan daha yaxın, daha etibarlı strateji
müttəfiqdir. Bundan düzgün istifadə etmək lazımdır. Millət olaraq bizi
Rusiyanın Azərbaycana qarşı tarixi düşmənçilik siyasəti qorxudur, amma bunda da
ifrata varmaq lazım deyil. 19-cu əsrin əvvəllərində Rusiya İranla Cənubi Qafqaz
uğrunda imperiya müharibəsi aparıb və bu müharibə nəticəsində Rusiya Cənubi
Qafqaz torpaqlarını işğal edib (Azərbaycanın şimal torpaqlarını da o cümlədən)
və İran da Cənubi Qafqazı Rusiyaya güzəştə getməyə məcbur olub. Bu,
müharibədir, necə ki, bir vaxtlar sasanilər, sonra ərəblər, monqollar,
teymurilər bu yerləri işğal etmişdi, 19-cu yüzildə də ruslar işğal etdi. Hər
dövlətin imperiya maraqları var. Necə ki, biz bu gün həmin işğallara görə
ərəbləri, monqolları, özbəkləri ittiham etmirik, Rusiya ilə münasibətlərdə də
həmin tarixi münasibətləri əsas götürməməliyik. Tarix bir çox rus-türk
müharibələri tanıyır, amma Türkiyə ilə Rusiyanın bu günkü dövlət maraqları
onların müttəfiq olmasını tələb edir və bu gün bu müttəfiqlik uğurla davam
edir. Biz bundan nəticə çıxarmalıyıq.
M: Bəs Cənub Azərbaycan məsələsində nə qədər həssassınız?
Davamı növbəti yayında...
Post a Comment