Топ-100 Ə.Ələkbərli: Qərbi Azərbayvanlı qaçqınlarının Azərbaycan hökumətindən təzminat tələb etmək haqqı var

Ə.Ələkbərli: Qərbi Azərbayvanlı qaçqınlarının Azərbaycan hökumətindən təzminat tələb etmək haqqı var


Yaxud niyə BMT-nin qaçqınlar siyhısında Qərbi Azərbaycandan olan qaçqınlar yoxdur?...
Müsahibimiz Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Dr. Əziz Ələkbərlidir.


Davamı:
M: Bəs Cənub Azərbaycan məsələsində nə qədər həssassınız?
Ə.Ə: Son zamanlar, xüsusilə Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra xalqımızda Bütöv Azərbaycan təfəkkürü daha da güclənib. Azərbaycanın şimal ilə cənubunun bir-birindən ayrılmasından cəmi iki yüz il keçir. Bu, bir milləti iki müxtəlif millətə çevirəcək qədər böyük bir tarix deyil. Biz Cənublu qardaş-bacılarımızla bir millət olaraq qalırıq və mənəvi-mədəni cəhətdən bir-birimizə getdikcə yaxınlaşırıq. İranla Azərbaycan qonşu və dost dövlətdir, bir-birinin ərazi bütövlüyünə hörmət edirlər və bu tarixi dönəmdə bizi Cənubdakı soydaşlarımızın bütün mədəni hüquqlarının tanınması, ana dilində məktəblərə sahib olması daha çox maraqlandırır və biz qardaş İran hökumətindən qardaşlıq jesti gözləyirik.

M: Qərbi Azərbaycan televiziyası qarşısında hansı məsələlər durur?
Ə.Ə: İlk növbədə soydaşlarımızın Qərbi Azərbaycan torpaqlarına bağlılığını gücləndirmək. Azərbaycandakı soydaşlarımız Qərbi Azərbaycan, onun coğrafiyası, tarixi, mədəniyyəti, şəxsiyyətləri və s. haqqında çox az bilgiyə malikdir. Qərbi Azərbaycan televiziyası öncə bunu təbliğ etməlidir. Azərbaycanda Qərbi Azərbaycan qaçqınlarının məhz bir qaçqın kimi hüquqlarının qorunmasına da çox böyük ehtiyac var. Bunlar da vaxtaşırı işıqlandırılmalıdır.
M: Qərbi Azərbaycan folklorunun, mədəniyyətinin, tarixinin tanıdılmasında, qorunub saxlanmasında nə kimi sistematik işlər görmək olar?
Ə.Ə: 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində yaradılmış Folklor İnstitutu son 15 ildə Qərbi Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi sahəsində çox böyük işlər görüb. Başqa qurumlar da öz sahəsinə uyğun layihələr həyata keçirir. Amma Qərbi Azərbaycanla bağlı sistemli işlərin aparılması, bu işlərin koordinasiya olunması üçün mütləq Qərbi Azərbaycan İnstitutu və ya Elmi-Mədəni Mərkəzi kimi bir quruma ehtiyac var. Onillərdir biz bunu deyirik, amma Qərbi Azərbaycanın işğalından 30 il keçməsinə, azərbaycanlıların deportasiya və soyqırımının 200 ildən artıq bir müddətdə davam etməsinə baxmayaraq, Azərbaycanda belə bir qurum yoxdur. Biz buna təəssüf edirik və belə bir stukturun olmamasını tarixi yanlışlıq sayırıq. Qərbi Azərbaycanlıların 1948-ci il deportasiyasının 70, 1988-ci il deportasiyasının 30 illiyi ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevdən belə bir insitut və ya mərkəzin yaradılmasını istərdik.

M:  Qafqaz tarixinin tərkib hissəsi kimi Qərbi Azərbaycan tarixinin tədrisi Azərbaycan təhsilində yer almalıdırmı? Əgər belədirsə, niyə aidiyyatı qurumlara müraciət olunmur?
Ə.Ə: Sualın cavabı özlüyündə aydındır. Təbii ki, ehtiyac var. Azərbaycan təhsilində Qafqaz tarixinin öyrənilməsi ön sıralarda durmalıdır. Qərbi Azərbaycan tarixi isə ümumazərbaycan tarixindən əlahiddə təsəvvür edilməməlidir. Biz artıq müstəqil dövlətik və Azərbaycanın bütün təhsil proqramları Bütöv Azərbaycan düşüncəsinə uyğun tərtib olunmalı, dərsliklər də bu proqramlara uyğun yazılmalıdır. Doqquz yüz illik tarixi olan Göygölü öyrənək, amma tarixi minillərlə ölçülən və tariximizin bütün dövrlərində diqqət mərkəzində olan Göyçə gölünün tarixini və gözəlliyini də övladlarımıza öyrətməyi, sevdirməyi unutmayaq. Məncə, bunun üçün “üst instansiyalara” müraciət etməyə ehtiyac yoxdur, bu, ictimai sifarişdir, “üst instansiyala”ra milli düşüncəli insanları təyin etmək kifayətdir ki, belə məsələlər avtomatik həll olunsun.
M: Ermənilər türk kültürünü özünəməxsus şəkildə mənimsəyir və dünyaya erməni mədəniyyəti kimi təqdim edir.  Bu qəbildən olan təxribatların qarşısının alınmasında Qərbi Azərbaycan türklərinin üzərinə daha çox yük düşmürmü? Sizə elə gəlmirmi, bu istiqamətdə daim gecikirik?Ə.Ə: Xeyr, elə düşünmürəm. Bu məsələdə də mənim fikrim bir qədər fərqli və fərdidir. Birincisi, bu, təkcə Qərbi Azərbaycandan olan mütəxəssislərin yox, ümumazərbaycan elminin, təhsilinin, mədəniyyətinin və s. problemidir. İkincisi, erməni – düşməndir, düşmən gündə bir yalan deyəcəksə, biz fəaliyyətimizi onların sərsəmləmələrinə yönləndirmək məcburiyyətində deyilik. Üçüncüsü, əgər erməni hər hansı bir yalanı ortaya atıb yeridirsə, demək, bizim fəaliyyətimizdə həmin məsələdə ciddi boşluq var və erməni asanlıqla bu boşluğu doldurur. Və nəhayət, erməni damarlarında regionun bütün xalqlarının qanı axan hibrid bir toplumdur, hibrid bir xalqın mədəniyyətinin də hibrid olması normal deyilmi? “Erməni tarixinin atası” Moisey Xorenli: “Ermənilərin Tanrısının adı Türkdür”, - deyir. Bir millətin “tarixinin atası” belə deyirsə, həmin millətin bugünkü nümayəndələrindən daha nə gözləyirsiniz?

M: Əziz bəy, Qərbi Azərbaycanlılara vətəndaşlıq statusunun verilməsinin yanlış olduğunu qeyd edənlər var. Siz necə düşünürsünüz?
Ə.Ə: Bu barədə biz dəfələrlə demişik. Bəli, Qərbi azərbaycanlılara onların fikrini öyrənmədən və tarixi zərurət olmadan ucdantutma Azərbaycan vətəndaşlığının verilməsi ilk növbədə həmin qaçqınların insan və qaçqın hüquqlarının kobud şəkildə və birtərəfli qaydada pozulması, sonra da ümumiyyətlə tarixi səhv idi. Azərbaycan qanunlarına görə, hər bir qaçqın vətəndaşlıq əldə etmək üçün fərdi qaydada ərizə vermə bilər. Halbuki, həmin qaçqınların heç biri belə bir ərizə ilə Azərbaycan hökumətinə və ya hər hansı quruma müraciət etməyib. Azərbaycan hökumətinin bu yanlış qərarının nəticəsidir ki, bu gün Qərbi Azərbaycan qaçqınları BMT-nin qaçqınlar siyahısına daxil deyil. Vaxtilə Azərbaycandan könüllü şəkildə köçüb gedən ermənilər bu gün əllərindəki Sovet-Azərbaycan pasportu ilə qaçqın kimi istədikləri ölkədə məskunlaşırlarsa və səslərini yüksək tribunalardan eşitdirirlərsə, Qərbi Azərbaycan qaçqınları bu imkandan məhrumdurlar. Elə hesab edirik ki, Azərbaycan parlamentinin və Azərbaycan hökumətinin bu yanlışlığı düzəltməsi hələ də gec deyil. Hələ mən onu demirəm ki, həmin qaçqınların bu məsələdə onlara vurulan zərərə görə Azərbaycan hökumətindən maddi və mənəvi təzminat tələb etmək haqqı var.
M: Maraqlı söhbət üçün təşəkkürlər!


0/Şərhlər

Previous Post Next Post