Топ-100 Şuhrat Barlas: Biz qardaş ölkələrdən olan dostlarla bir film ssenarisi üzərində işləyirik

Şuhrat Barlas: Biz qardaş ölkələrdən olan dostlarla bir film ssenarisi üzərində işləyirik


Tarixi hadisələri nəzərdən keçirdikdə, pisliyin insanlığın düşmənlərindən gəldiyini görürük.
Qonağımız jurnalist-tarixçi Şuhrat Salamov (Barlas)



Davamı (V bölmə)
M: Bu gün Özbəkistan üçün ən vacib problem nədir? Əgər vardırsa, bu problemlər necə həll olunur?
Ş .B: Müstəqilliyimizi təxminən, dörddəbir əsrə bərabər bir müddətdir ki, bərpa etmişik. Atalarımız azadlığımızı əldə edənə qədər, bu müqədddəs günü daima xəyallarında yaşatdı. Digər yandan dövlət müstəqilliyi elan olunana, yəni 1991-ci ilə qədər özbək xalqı ideoloji, siyasi, sosial-mədəni cəbhələrdə şərəflə mübarizə apardı.  Başqa sözlə, kimsə azadlığın bizə xonçada təqdim olunduğunu sanmsın.
Bizim azadlığımız bizim şərəfimizdir. Bununla belə, Özbəkistanda yerli, regional və qlobal miqyasda həll edilməsini gözləyən problem də yox deyil. Dünyanın hər yerində olduğu kimi bizdə də gündəlik problemlər vardır. Dövlət müstəqilliyimizin qurulmasından sonra biz bir çox çətinliklərlə üzləşdik. Amma hər birimiz azadlığımız naminə çalışdığımız sahədə öz işimizlə vətənə xidmət edirik, onun çiçəklənməsi üçün lazımlı səy göstəririk.
M: Özbəkistanın qonşuları ilə münasibəti necədir? Müasir Özbəkistanda dövlət ideologiyası nədir?
Ş.B: Özbəkistan dövlət müstəqilliyini bərpa edərkən qarşısına başqa ölkəlırin ərazi bütövlüyünə qəsd etmək, nağıl və əfsanələrə əsaslanaraq, digər xalqlara təzyiq göstərmək kimi niyyət qoymadı. İndi də yoxdur. Özbək xalqı ümummilli dəyərlərə və xalqlar arasında nəzakət və qarşılıqlı hörmət ideallarına daim sadiq qalmaqdadır.
Özbəkistanın milli müstəqilliyi dini və etnik tolerantlıq prinsipləri ilə sıx bağlıdır. Bu səbəbdən, millətindən, dini baxışlarından asılı olmayaraq, Özbəkistan Konstitusiyası hər bir vətəndaşa yaşadığı cəmiyyəti "mənim xalqım" adlandırmaq haqqı verir və bunun üçün hüquqi, əxlaqi baza formalaşdırır.
Yəni Özbəkistanda insanlara hörmət irqi, milli və dini münasibətlər yolu ilə müəyyənləşdirilmir.
Özbəkistan zehniyyətində etnik düşmənçilik yoxdur.
Özbək mentalitetinin əsasında millətə yox, insanlara sevgi və mərhəmət hissləri durur.
Hitlerə görə almanlara nifrət, Hz. Məhəmməd peyğəmbərə görə ərəblərə rəğbət, Ömər Xəyyamın şeirlərinə görə farslara  qibtə etmək doğru deyil.
Hər nəqədər mədəniyyətə, dilə, vətəndaşlığa və s. ənənəvi baxış olsa da, bunlar fərqli anlayışlardır. Unutmayaq ki, beynəlxalq hüququn mövzusu millətlər deyil, dövlətlərdir. Məhz bu faktor Özbəkistan ərazisində yaşayan xalqı vahid millətə çevirir. Fikrimə aydınlıq gətirmək üçün belə bir nümunə göstərim, məsələn, Özbəkistan Respublikası vətəndaşı əgər bir papualı, erməni və ya rusdursa, o zaman Papua-Yeni Qvineya, Ermənistan və Rusiya Federasiyası kimi dövlətlər bu insanlar üçün Özbəkistanın fövqündə hər hansı bir məna ifadə etməməlidir. Çünki bu insanlar Özbəkistanlıdır. Başqa sözlə, Özbəkistan onların əsl vətənidir.
Özbək xalqı, tarixdə yaşanan faciəli anlara baxmayaraq, müstəmləkəçilik dövrü ərzində bərpası mümkün olmayan zərərlərə düçar olsa da, yenə də uşaqlarına qardaşlıq duyğularını, bütün dünya xalqları ilə yaxşı əlaqələrdə olmaq düşüncəsini aşılamaqdan imtina etməmişdir. Bu dəyərlər hətta Özbəkistan müstəqilliyinin bərpasından əvvəll də dəhşətli bolşevik zülmlərinə rəğmən ailələrdə uşaqlara verilirdi. Müstəqilliyimizi bərpa etdikdən sonra isə təhsil işçiləri, vətənpərvər ziyalılar, gənc nəslin mövcud bəşəri dəyərlərdən uzaq düşməməsi üçün əllərindən gələni edirlər. Çünki təhsil sistemimızın əsas məram və məqsədi milli özünüdərk və vətənpərvərlik şüurunu, eləcə də humanizm prinsipini formalaşdırmaqdan ibarətdir. Bu mənada Özbəkistanın müəllim ordusuna təşəkkür etmək lazımdır. Çünki bu vəzifənin öhdəsindən layiqincə gəlir.
M: Son vaxtlar Özbəkistan türk dünyası xalqları arasında münasibətlərin inkişafı istiqamətində xeyli uğur qazanıb. Bu baxımdan Türkiyə ilə əlaqələrin gələcək səviyyəsi bizə nələr vəd edir?
Ş.B: Biz yalnız yaxşı şeylərə ümid edirik. Amma zaman göstərəcək.
M: Bəs ümumiyyətlə, nəticədən razısınızmı?
S.B: Xeyr, razı deyiləm. Biz hələ də ortaq əlaqələr üçün çox şey etmək məcburiyyətindəyik.
M: Tarixə geri dönsək, hazırda nə qzərində işləyirsiniz?
Ş.B: Bir film üzərində işlərimiz var. Hazırda Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstandan fikir birliyində olduğumuz dostlarla birgə bir filmin ssenarisinin konsepsiyası üzərində çalışırıq. Ssenariyi bitirdikdən sonra, söz verirəm, ilk olaraq, sizin portala məlumat verəcəyik.
M: Sonda oxuculara nə demək istərdiniz?
Ş.B: Hər hansı xalqı tərifləməkdə heç bir qəbahət yoxdur. Lakin bunu digər xalqları alçatmaqla, onların hüquqlarını pozmaqla etmək olmaz. Bu cür addım atanlar öz millətlərini izzətləndirməzlər.
Millətlərin böyüklüyü kosmosa və ya Aya peyk göndərməklə olmur.
Xüsusilə millətlərin böyüklüyü, ütopik düşüncələr naminə uşaqların, yaşlıların və qadınların öldürülməsi ilə də ölçülmür.
Hələ-hələ insanların Sibirə,ölüm düşərgələrinə sürgün edilməsinin,yaxud Amerikadakı, Avstraliyadakı yerli əhalinin məhv edilməsinin böyüklüklə uzaqdan-yaxından hər hansı bir əlaqəsi yoxdur.
İki Dünya müharibəsini başlatmaq da böyüklük deyil.
Böyüklük əməksevərliklə qurub-yartmaqdır. Xeyirxah, insani dəyərlərə sahib çıxmaqdır.
Təkrara yol versəm də söyləməliyəm ki, biri böyüklüyü kosmosa it göndərməkdə, başqa birisi isə müharibələrin, hərbi vəziyyətlərin gətirdiyi şətinliklərə baxmayaraq, düşməni olduğu xalqın əhalisini belə, yəni qadınları, uşaqları, qocaları himayəsi altına almaqda görür və bu əməlinə görə fəx edə bilir.
Halbuki, dünyada hər dürlü siyasətdən uzaq duraran, yalnız bəşəri dəyər və duyğuları əsas götürərən və şəxslərin dini, milli kimliyinin fərqinə varmadan yardıma ehtiyacı olan hər kəsə kömək edən insanlar var. Və buna görə də onlar çox xoşbəxtdirlər. Çünki bilirlrər ki, xoşbəxtlik xoşbəxtsizliyin olmadığı yerdə mümkündür.
Axı şəxsi maraqları naminə insanları aldadıb özünə sərvət yığıb "böyük insan" olanlar da var. Halbuki onlar öz süfrəsindən ac qalanlara pay ayıranların yanında çox kiçikdirlər. Zövq və düşüncələr fərqlidir deyilmi? Amma hamımızın bilməmiz gərəkən bir həqiqət var:
Milli, dini şəxsiyyətindən asılı olmayaraq, hər bir insanın məqsədi dünyada YAXŞILIĞIN toxumunu səpmək olmalıdır.
İnsanlığın inkişafının təməlində XOŞNİYYƏT, SEVGİ və ELM durmalıdır.
Çünki tarixin tədqiqi zamanı şeytanların məhz  insanlığa düşmən kəsilmiş qüvvələrdən, kəslərdən ibarət olduğuna şahidlik edirik.
Pis əməllərə heç bir vəcdlə haqq qazandırmaq olmaz. Min illər keçsə belə, qaragüruh yenə də lənətlə anılacaq.
M: Müsahibə üçün təşəkkür edirik.

0/Şərhlər

Previous Post Next Post