Топ-100 Tanrı, yoxsa Allah

Tanrı, yoxsa Allah


Şəmistan Əlizamanlı necə düşünür?..
İlham Tumas Stand Tv-i üçün diktor, musiqiçi, hərbi-vətənpərvərlik marşlarının və mahnılarının ifaçısı Şəmistan Əlzamanlı ilə söhbət etdi.


M: Şəmistan bəy, öncəliklə bizim mətbuat orqanı üçün vaxt ayırdığınıza görə təşəkkür edirik.
İlk sualımız toplumda ciddi əks-səda doğuran hadisə ilə əlaqədardır.
Məlum olduğu kimi TRT 1-də yayımlanan “Diriliş Ərtoğrul” filminin 7 noyabr çəkilişində siz ozan obrazında iştirak etmişsiniz.
Prosesi danışa bilərdinizmi? Necə oldu ki, siz çəkildiniz? Yaxud niyə məhz Şəmistan Əlizamanlı?
Ş.Ə: “Diriliş Ərtoğrul” tarixi bir filmdir. Azərbaycanda da çox bəyənilir və geniş izləyici kütləsi vardır. Mənim serialda iştirakıma gəlincə, yaradıcı heyət filmdə “Turan ellər var olsun” mahnısından istifadə etmək qərarına gəlmiş və buna görə mənə müraciət etdilər. Əlaqələr belə yarandı.
M: O zaman sizə belə bir sual verim.
Şəmistan Əlizamanlı deyəndə, ilk öncə Azərbaycanın hərbi diktoru yada düşür. Amma daha çox bir türk dünyası sevdalısı ağıla gəlir.
Belə baxanda hamımız türkük. Amma yenə də sual yaranır, sizdəki bu türk sevdası ailədən, kökdənmi gəlir, yoxsa Türkiyəyə olan xüsusi sevginizin nəticəsidir?
Ş.Ə: Bu məndən asılı deyil. Təbii ki, mən Türkiyəni çox sevirəm. Həmişə deyirəm, bir gözüm Azərbaycan, digəri isə Türkiyədir. Başqa sözlə, Türkiyə mənim üçün əzizdir, doğmadır. Yəqin ki, bütün bunlar genimlə, qanımla bağlıdır. Yəni mən anadangəlmə beləyəm.
M: Şəmistan bəy, sizinlə dost münasibət içindəyik. Bununla belə, zaman-zaman sizinlə əlaqədar maraqlı xəbərlər eşidirik. Duyduqlarıma görə siz məşhur türk tayfalarından birinin nümayəndəsisiniz. Eşitdiklərim nə qədər doğrudur?
Ş.Ə: Ata tərəfim Əfşar kökənlidir. Yəni əfşarların qırxlı boyundandır. Nadir şah Əfşarın sülaləsi də qırxlı boyundandır. Yəqin bunu nəzərdə tutursunuz. Ana tərəfim isə borçalıdandır. Babam Borçalıya gəlib, burada ailə qurub.
M: Bəy, deyirlər ki, İkinci dünya müharibəsini udanlardan biri də Dmitri Şestakoviçdir. Önun məşhur “Leninqradın blokadası” əsərinin 7-ci simfoniyası insanlar üçün əsl ümid qaynağa olub, qələbə coşqusu yaradıb.
Sizcə, Şəmistan Əlzamanlının əzəmətli səsinin fonunda niyə Qarabağ müharibəsində qalib gələ bilmədik?
Ş.Ə: Nə deyim. Düşünürəm ki, bir vətəndaş kimi əlimdən gələni etdim. Bəzən gücümün yetmədiyi daşın altına belə əlimi qoydum və bu təbii idi. Mən sıradan bir diktor idim. İşi yoxuşa sürənlər isə ciddi mövqelərə sahib olan insanlar idi.
Təcrübəsizlik, xəyanət, mənəm-mənəmlik bizi işğal faktı ilə üz-üzə qoydu. Yoxsa biz düşməndən qat-qat üstün idik. Dediyim naqisliklər ucbatından biləyi bükülməyəcək oğlanlarımız siyası oyunların bihudə qurbanları oldu, torpaqlarımızı itirdik.
M: Şəmistan bəy, bildiyiniz kimi bu müsahibə Türkiyədə fəaliyyət göstərən “Stand tv” internet televiziyasının saytı üçündür. Dostlar sağ olsun, rica etdilər sizi arayıb-axtarım, hal-əhval tutum, həm də sizidən müsahibə alım.
Amma mənim diqqətimi cəlb edən başqa bir həqiqət var. “Diriliş Ərtoğrul” serialında çəkilişinizə qədər Azərbaycan mətbuatında sizinlə bağlı olduqca qısqanc, çox az xəbərlər gedirdi. Yanlız filmdə çəkilişiniz bir qədər bu boşluğu doldurdu.
Bilmək istərdim, necə olur ki, Türkiyədə yaşayan bir soydaşımız öz gücünə elektron KİV qurur və məndən sizinlə maraqlanmağımı, müsahibə almağımı xahiş edir, amma Azərbaycan telekanalarının efirlərində sizi görmək olmur? Bəlkə özünüz istəmirsiniz?
Ş.Ə: Yox bəy, bu barədə heç bir problem yoxdur. Yəni şikayətçi deyiləm. Sağ olsunlar, istər yazılı mətbuata, istərsə də radio, televiziya və ya internet televiziya kanallarına tez-tez dəvət olunuram. Sözün düzü, vaxtım olmur. Digər yandan düşünürəm ki, getməyimin bir mənası da yoxdur. Onsuz da ürək sözlərimi mahnılarımda səsləndirirəm. Vətənə olan sevgimi hər sətirdə sezmək mümkündür. Sağ olsunlar, efirdə bu mahnılar səsləndirilir də. Başqa nə lazımdır?
Amma zaman-zaman mövzusu aktual və ciddi olan proqramlarda iştirak edirəm. Şou xarakterli verlişlər isə mənə uyğun deyil.
M: Məşhur bir məsəl var, deyirlər, heç kim vətənində peyğəmbər olmur.
Bəy, mən yenə də israrla qeyd dirəm, biz sizin qardaş Türkiyə Respublikası tərəfindən daha çox yada salındığınızın şahidi oluruq.
Şəmistan Əlzamanlının Azərbaycanda mərcək altına alınması “Diriliş Ərtoğrul” filmindən sonra baş verdi. Yeri gəlmişkən, filmlə əlaqədar  fərqli münasibətlər, mübahisəli yanaşmalar var.  
Ş.Ə: Buna təbii baxmaq lazımdır. Türkiyə kimi bir dövlətdə TRT kimi nəhəng bir televiziya kanalında “Diriliş Ərtoğrul” kimi tarixi bir filmdə kiçik rolla olsa belə çıxış etmək, istər-istəməz, səs gətirir.
Azərbaycanda bu janrda filmlər çoxdandır, çəkilmir. Ümumiyyətlə, bizim film sektoru bərbad vəziyyətdədir.
M: Bəs seriallar necə?
Ş.Ə: Bilirsiniz ki, ixtisasca aktyoram, universitetin kino-film fakültəsini oxumuşam. Daha sonra Moskvada ixtisasartırma kursunu fərqlənmə ilə bitirmişəm. Dövlət Televiziya və Radio Verlişləri Şirkətində çalışmışam. Hərbi diktor kimi fəaliyyət göstərmişəm. Xalq məni məhz belə tanıyır.
Zövqsüz, dərinliyi olmayan seriallarda çəkilib, özümü hörmətdən sala bilmərəm. Bu yaxınlarda bir serialda çəkilişə dəvət almışdım. Ssenari ilə tanış oldum, amma bəyənmədim. Bu serialda çəkilməklə hərbi-vətənpərvər mahnıların ifaçısı imicimə xələl gətirə bilərdim. Mən xalqımın duyarlılığına çox həssasam.
“Diriliş Ərtoğrul”a gəlincə, bu serialı xeyli zamandır izləyirdim. Çox bəyənirəm. Ayrıca, dünyanın fərqli ölkələrində də uğurla izlənilir. Tarixi filmlərə olan marağımı da nəzərə alsaq, burada olmağım təbiidir. Başqa sözlə, mən bu serialda iştirakla,əslində arzularımı həyata keçirmiş oldum.
Serialla əlaqədar, şəxsən filmin rəhbərliyi mənə zəng etmişdi. Növbəti mövsümdə “Turan ellər var olsun” mahnısını filmdə səsləndirmək istədiklərini söylədi. Söhbət əsnasında mənim də aktyor olduğumu dedim. Çox məmnun oldular. Ssenarini yeniləyib, bir daha müraciət edəcəklərini bildirdilər. Beləcə, mənə ozan rolu təklif olundu.
“Turan ellər var olsun” mahnısına gəlincə, 2002-ci ildə yazılıb. Sözləri və musiqisi mənə aiddir. Amma şeiri Nizamı Saraclı redaktə edib. Mən şair olmadığıma görə sözlərin onun adına yazılmasını, təqribən dörd aya yxın israrla istədim. Amma Nizami qəbul etmədi. İndi də qəbul etmir.
Nə qədər qəribə olsa da, şair olmadığım halda bu şeiri çətinlik çəkmədən yazmışdım. Hiss, duyğularımı sətirlərə köçürmək üçün sanki tələsirdim. Göründüyü kimi nəticəsi uğurlu olub. Mahnı çox sevilir. Fərqli-fərqli saytlar öz səhifələrində yerləşdirir. Bildiyim qədər, hətta, ona baxış 20 milyonu keçib.
Ancaq mahnını məşhurlaşdıran Türkiyə televiziya kanallarında Rəcəb Tayib Ərdoğanın seçki kompaniyasında təbliğat vasitəsi kimi istifadə olunmsı idi.
Fonda Ərdoğanın nitqinin bu musiqi ilə süslənməsi, onu daha da populyar etdi.
M: Bəy, təbii ki, mahnı bütün dostları sevindirir.  Amma mətndə “Tanrı türkə yar olsun” əvəzinə “Allah Türkə yar olsun” sözlərinin yer alması sosial şəbəkələrdə Azərbaycanlı türklərin ciddi müzakirəsinə səbəb olub. Təbii ki, bu məsələdə mənim öz mövqeyim var. Düşünürəm ki, Allah, ya Tanrı, fərq etməz, hər ikisi Uca Yaradanın adıdır. Amma, bununla belə, niyə Tanrı yox, Allah olaraq mətndə dəyişiklik  edildi.
Ş.Ə: Bilirsiniz ki, filmin mövzusu XIII əsrə aiddir. Türk toplumları VII əsrdən sonra yavaş yavaş islam dinini qəbul etməyə başladılar. Nəticədə sözükeçən yüzillikdə Allah sözünün işlədilməsi təbii idi. Ona görə də mahnının sözlərinin dövrün kerçəkliklərinə uyğun dəyişdirdik.
M: Demək istəyirsiniz ki, Ərtoğrul düşmən üzərinə “Allah! Allah!”- nidaları ilə yürüyürdü?
Ş.Ə: Yəni...
 Birdəki kimi Allah, kimi Tanrı, kimi Boq, kimi Qad- deyə çağıra bilər. Əsas olan yeri-göyü var edən Uca Yaradanın Tək olmasıdır? Ən əsası, tək olan bu Uca Yaradanın məhz Türkə yar olmasıdır! Məzmunda dəyişiklik yoxdur...
Yeri gəlmişkən, mahnının mətnində başqa bir dəyişiklik də var. Mətndən Sultan Fateh sözləri də çıxarılıb. Çünki hadisələr XIII əsrdə vaqe olduğu halda, Fateh II Mehmet XV əsrdə yaşayıb. Bu da ssenari ilə tərs düşürdü. Ona görə də “Gördüm Sultan Fatehi” sözlərini, “ Gördüm Oğuz Atanı” ilə əvəz etdik.
M: Deyirsiniz. Belə daha yaxşı oldu?
Ş.Ə: Yenə deyirəm, nəticədə heç nə dəyişmir. Amma mahnının bundan sonra da əzəlki şəkilində “Tanrı Türkə yar olsun” şəklində oxunmasına heç bir maneə yoxdur.
M: Yəni dəyişiklik yalnız film üçün edilib?
Ş.Ə: Əlbəttə.
Mən yenə də konsertlərdə “Tanrı Türkə yar olsun” kimi oxuyacam.
Allah ifadəsilə əvəzlənmiş variantında da oxuyacam. Yerinə görə.
Məsələn, Macarıstanda böyük Turan qurultayı keçirilir. Bu mahnı qurultayın himnidir. Rəhbərlik rəsmən qəbul edib. Orada təbii ki, Tanrı variantında oxunur,oxunacaq.
Allah ifadəsi ilə səsləndirdiyim variantı da toplum bəyənib. Ciddi baxış toplayıb. Sadə dildə desək, bir partlama olub.
Xülasə Allah da, Tanrı da bizimdir. Bəzi gənclərimizin buna radiakl yanaşması və ya digər bir qisim  gənclərin məlumatsızlıqdan ifrat reaksiya göstərməsi, düşünürəm, gərəksizdir.
M: İşin içində kibir yoxdur?
Ş.Ə: Yox, mən elə düşünmürəm. İşin içində daha çox qulaq alışqanlığı var. İnsanların sevdikləri mahnını alışdıqlarından fərqli şəkildə dinləmək istəməmələri anlaşılandır. Birdəki gənclərimizin mahnını ilkin variantında sevməsi məni çox sevindirir. Məmnun edir. Bununla belə bir daha deyirəm, bu filmin tələbi idi. Burada başqa sətiraltı məna axtarmağa dəyməz. Birdəki əsas olan düşüncə deyilmi?
M: Yəni qayə, amal...
Ş.Ə: Olsun qayə,amal...Baxın:
Hər əzaba qatlaşdım,
Atlanıb dağlar aşdım,
Bir kurtla qarşılaşdım,
Dedi, uğurlar olsun!
Tanrı Türkə yar olsun!

Bən kurtlarla ulaşdım,
Altayları dolaşdım,
Şamanımla bağlaşdım,
Dedi, uğurlar olsun,
Tanrı Türkə yar olsun.
Burada “şamanımla” sözünün vatanımla əvəzlənməsi nəyi dəyişir ki?.
M: Necə yəni, şaman sözü də əvəzlənib? Bu da ssenari ilə əlaqədar idi?
Ş.Ə: Bəli, bəli. Burada qəribə heç nə yoxdur.
Türkiyə mətbuatı “Allah Türkə yar olsun!”-variantının çox sevildiyini yazır.
Gəlin unutmayaq, həm Türkiyə, həm Azərbaycan türk olduğu qədər, həm də müsəlman dövlətləridir. Allah ifadəsi Tanrı qədər bizə doğmadır, əzizdir. Gənclərimizi bir qədər təmkinli olmağa çağırıram. Məqsəd kökümüzü təbliğ etməkdir. Gəlin bunu birgə, layiqincə həyata keçirək.
M: Bəy, bildiyiniz kimi müsahibə bizim Türkiyədəki intrnet tv üçünndür. Düzü, “Stand Tv” -ni mən də yeni-yeni tanıdım. Bununla belə, uğurunun davamını çox istərdim. Sizin kanalımıza arzu, diləklərinizi eşitmək, bizi çox məmnun edərdi.
Ş:Ə: Uğurlu, xeyirli olsun. Geniş auditoriya kütləsi arzu edirəm. Varlığı əbədi olsun. Stand Tv-yə uğurlar arzulayıram.
M: Maraqlı müsahibə və xoş diləkləriniz üçün minnətdarıq. Çox sağ olun.
Ş.Ə: Siz sağ olun!

0/Şərhlər

Previous Post Next Post