Топ-100 Gəncədə bərkiyən dəmir yumruq

Gəncədə bərkiyən dəmir yumruq

Türkiyənin idman həyatında öz sözünü demiş insan...
Hörmətli oxuyucularımız, Stand Tv olaraq, diaspora fəaliyyətinə də geniş yer ayırırıq. Bu məqsədlə tanınmış insanlarımızla görüşüb, onlarla hal-əhval tuturuq.
Bugünkü qonağımız isə Əməkdar məşqçi Çingiz Məmmədovdur.


M: Salam, Çingiz müəllim. İcazə verin, əvvəlcə sizi tanıyaq.
Ç.M: Salam. Mən 1951-ci ildə Gəncə şəhərində anadan olmuşam.Boksla 10 yaşından, yəni 1967-ci ildən məşğulam.
M: Bəs harada başlamısınız?
Ç.M: Boksa “Dinamo” idman məktəbində əməkdar məşqçi Elman Məmmədovun yanında başlamışam. Bir il sonra isə “Neftçi” idman cəmiyyətinə keçmişəm.
M: Neftçidə məşqçiniz kim olub?
Ç.M: Eldar Həsənov.
M: Bəlkə bir qədər uğurlarınızdan danışaq?
Ç.M: 1971-1973-cü illərdə Qafqaz hərbi dairəsi çempionluğu və respublika çempionluğu yaşamışam. Elə həmin illərdə Kiyev və Donetsk şəhərlərində keçirilən ümumittifaq yarışlarda mükafatçı olmuşam.
M: Ali təhsilinizi harada almısınız?
Ç.M: 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişəm. İnsitutu bitirdikdən sonra Gəncə şəhərindəki “Neftçi” idman cəmiyyətinə təyinat almışam.
M: Sonrakı fəaliyyətiniz necə olub?
Ç.M: 1982-81-ci illərdə “Məhsul”, “Dinamo”, idman cəmiyyətlərində, UGİM-in boks bölmələrində məşqçi vəzifəsində çalışmışam.


Keçmiş SSRİ-də mənə Oqtay İbrahimov, Hüseyn Məmmədov, Bayram və İntiqam Bayramov qardaşları kimi ümumittifaq yarışların qaliblərini və mükafatçılarını hazırlamaq müəssər olub.
Məhz bu kimi yüksək dərəcəli idmançılar hazırladığıma görə 1986-cı ildə əməkdar məşqçisi adına layiq görülmüşəm.
1992-ci ildə isə Türkiyəyə dəvət olundum.
M: Türkiyədə hansı nailiyyətlərə imza atmısınız?
Ç.M: Türkiyədəki fəaliyyətim ərzində bir çox nəticələrim oldu.Belə ki, Milli komandanın məşqçisi vəzifəsində çalışdığım dövrdə Dünya və Avropa birinciləri və mükafatçıları hazırladım.
Yetirməm Ali Erkin 1994-cü ildə dünya üçüncüsü oldu.
Selçuk Aydın isə Xorvatiyanın Pula şəhərində Avropa ikincisi oldu.
1996-cı ildə isə İngiltərənin Birminhem şəhərində Halil İbrahim Turan və başqa bir yetirməm, Hasan Kılıç Avropa üçüncülüyünə qədər ucala bildilər.


Antaliyaya gəldikdən sonra isə Avropa üçüncülüyü və Türkiyə çempionluqları yaşadım.
Yəqin məhz buna görədir ki, fəaliyyətimə görə bir çox təşəkkür məktubları almışam. Bunlar arsında Türkiyə Gənclik və Spor bakanlığından tutmuş, hazırkı Cümhur Başkanı R.T. Erdoğanın imzası olan mükafatlar da var.   


M: Bəs hazırda həyatınızda nə kimi yeniliklər var?
Ç.M: 2016-cı ilin mayın 27-də, 65 yaşında əməkli oldum. Artıq əsas diqqətimi ailə, uşaqlara yönəltmişəm. Bununla belə, idman salonunu ziyarət etməyi də unutmuram.
M: Çingiz müəllim, maraqlı müsahibə üçün təşəkkür edirik.
Ç.M: Mən təşəkkür edirəm və sizə məqsədyönlü fəaliyyətinizdə uğurlar arzulayıram.

0/Şərhlər

Previous Post Next Post