Топ-100 Sönməz Abbaslı: M.Kaşqarlının “Divani-lüğət-it-türk”ündə Qarabağdan izlər var

Sönməz Abbaslı: M.Kaşqarlının “Divani-lüğət-it-türk”ündə Qarabağdan izlər var


Qarabağ siyasətinin prioriteti bölgənin şifahi söz sənətini toplayıb, elmi müstəviyə çıxarmaqdır...
 Stand Tv-nin qonağı Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslıdır.

M: İlk  ondan başlayaq ki, atanız İsrafil Abbaslı folklorşünas idi. Onun Qarabağ folklorunun araşdırılmasında xeyli xidmətləri olub. Mümkünsə, oxucularımıza bu barədə bir qədər ətraflı məlumat verərdiniz. Bir də atanızın sizin yaradıcılıq fəaliyyətinizə nə kimi təsiri olub?
S.A: Bəli, atam  İsrafil Abbaslı ömrünün 50 ildən artıq bir dövrünü Azərbaycan Milli Elmlər Akademiyasının divarları arxasında keçirib və bütün həyatını folklora, onun toplanmasına, tədqiqinə həsr edib. Qeyd etdiyiniz kimi, Qarabağ folklorunun tədqiqində də onun xidmətləri olub. Danılmaz faktdır ki, Azərbaycanın əzəli, əbədi torpaqlarından olan milli nemətlər diyarı Qarabağ təkrarsız və zəngin folklor məkanıdır. Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Üzeyir bəy Hacıbəyov, Bülbül, Cabbar Qaryağdıoğlu, Niyazi, Fikrət Əmirov kimi dahilər yetişdirmiş bu torpaq heç şübhəsiz ki, əsrarəngiz folkloru ilə  də öyünə bilər.  AMEA Folklor İnstitutunun 1994-cü ildən nəşrinə başladığı sayı 20 cildi keçən Azərbaycan Folklor Antologiyalarının V cildi Qarabağın şifahi söz sənətini əhatə edib. İsrafil Abbaslı sözügedən cildin həm toplayıcılarından biri, eyni zamanda tərtib edəni və ön söz müəllifidir. AFA-nın “Qarabağ folkloru” cildinin materialları prof. İ.Abbaslının rəhbərliyi ilə 1988-1989-cu illərdə regiona keçirilmiş ardıcıl folklor eks­pedisiyaları zamanı toplanmışdır. Həmin dövrü “...erməni təcavüzünün aşkar şəkil aldığı, ərazi iddiasının baş qaldırdığı illər” kimi səciyyələndirən İ.Abbaslı topluya ön sözündə yazır ki, ekspedisiya işləri ilə bağlı Tərtərdən Xankəndinə, Ağdamdan Füzuliyə gedərkən ermənilərin millətçilik, separatizm ovqatlı mitinqlərinin şahidi olurduq. Bir müddət sonra Şuşa, Xankəndi, Xocalı və Əsgərana get-gəl çətinləşmişdi. Yuxarı Qarabağda işləyən yüzlərlə müxtəlif peşə yönümlü azərbaycanlılar hər gün Ağdam Dövlət Teatrının qarşısındakı meydana toplaşıb nə isə bir xəbər gözləyirdi:yuxarı getmək mümkündürmü, görəsən, təzə nə xəbər gələcək? Bir müddət keçəndən sonra Yevlax-Bərdə-Ağcabədi istiqamətindən Ağrıdağı vadisindən (düzənliyindən) qovulmuş (Vedibasar və Zəngibasar bölgələri) azərbaycanlı qaçqınların Ağ­dama gələn dəstələrinin şahidi olduq. Onların bir qismi şəhər meh­man­xa­na­sın­da yerləşdirilsə də tezliklə istirahət evlərinə, pansionatlara və s.yerlərə da­ğı­dıl­dı­lar...çoxları kimi biz də o vaxt bu hadisələrin törədəcəyi ağrını-acını dərk et­mir­di.
İ.Abbaslı qeyd edir ki, özgə torpaqlarına uzanan bu əlləri kəsmək üçün biz əzəli və əbədi Qarabağımızın tükənməz söz sərvətini bütün əlvanlığı, tam zənginliyi ilə üzə çıxarmalıyıq.
Sualınızın digər qisminə keçsək deməliyik ki, Azərbaycan Dillər Universitetininin xarici dil fakültəsini bitirdiyimə və doqquz il bu sahədə çalışmağıma baxmayaraq həqiqətən də ailədən-kökdən gələn ənənə məni folklora bağladı. Yəni folklora bağlanmağımda və bu sahəyə yönəlməyimdə atamın çox böyük rolu olub.
M: Sizin tədqiqat işiniz də Qarabağ folkloru ilə bağlıdır. Qarabağ folklorunun Azərbaycan mədəniyyətində rolu və yeri nədən ibarətdir?
S.A: Qarabağın təbiətinin zənginliyi onun dilinin, ədəbiyyatının, folklorunun da zənginliyini şərtləndirir. İlk insanların Qarabağda yaşamasını, Azıx mağarasının Qarabağda Füzuli şəhəri yaxınlığında tapılmasını, kurqanların Xocalıdakı mövcudluğunu sübut edən tarixi faktlar Qarabağa sivilizasiyanın ilk yarandığı məkan ─ beşik statusu qazandırır. Bu bir gerçəklikdir ki, ilk abidələrimiz  “Kitabi-Dədə Qorqud” dastanında və M.Kaşqarlının “Divani-lüğət-it-türk” əsərində Qarabağdan soraq verən izlər-nişanələr açıq-aşkar görünməkdədər. O da danılmaz faktdır ki, son klassik dastan örnəyimiz olan “Qaçaq Nəbi” də məkan və tarixi qəhrəmanları baxımından da Qarabağ mühitinin bəxşişi hesab olunur. Bütün bu faktlar onu göstərir ki, çoxəsrlik tarixə söykənən Qarabağın Azərbaycan mədəniyyətində, eləcə də folklor xəritəsində öz yeri və mövqeyi var. Əcdadlarımızın ilk yaşayış məskəninin Qarabağ ərazisində olması, zəngin şifahi söz sənətimizin də burada cəmlənməsinə səbəb olmuşdur. Həm mövzu genişliyinə, həm məzmun rəngarəngliyinə, həm də spesifik çalarlılığına görə Qarabağın folklor mühiti Azərbaycan folklor xəritəsində əvəzsiz və böyük rol oynamışdır. Qarabağdan toplanmış folklor örnəkləri həm də tarixən Qarabağda mövcud olmuş bir çox tayfaların ─ cavanşir, kəbirli, afşar, şahsevən, qaradolax, otuziki, bozox və s. tarixini, həyatını, məişətini, şifahi söz sənətini öyrənməyə bizə geniş imkan yaradır. Şifahi xalq ədəbiyyatının bir çox ─ lətifələr, atalar sözü və məsəllər, rəvayətlər, oyunlar və s. kimi janrlarında əksini tapan bölgədə mövcud olmuş tayfaların etnoqrafik həyatı maraqlı nümunələrlə tədqiqat obyektinə cəlb olunmalıdır. Bu gün ərazisinin 20% dən çoxunun işğal edildiyi, bir milyondan artıq əhalisinin qaçqın düşdüyü bir ölkənin düşmən tapdağı altında qalan torpaqlarının şifahi söz sənətini toplamaq, onu elmi müstəviyə çıxarmaq Qarabağ siyasətinin əsas prioritetlərindəndir. Milli kimliyimizi dərk etmək və dünyaya dərk etdirmək mövzunun aktuallığını şərtləndirir.
M: Qarabağ folklorunun ilkin və çağdaş nəşrlərdə öyrənilməsi məsələləri barədə nə deyə bilərsiniz?
S.A: Sualınızın birinci hissəsinə gəldikdə qeyd etmək lazımdır ki, Qarabağın tarixini, “Qarabağnamələr”i yazan müəlliflər özləri də etiraf edirlər ki, Qarabağın tarixi ilə bağlı faktlar elə xalqdan, xalq arasında dolaşan rəvayətlərdən toplanıb yazıya alınmışdır. Qarabağın tarixini faktlarla bizə çatdıran “Qarabağnamələr” bölgənin folkloru ilə bağlı ilkin mənbələr kimi tədqiqata cəlb olunacaq.
XIX əsrin sonlarında Qarabağ folklorunun nəşr olunduğu ən zəngin mənbələrdən biri “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu”dur (QƏXTMT). Eyni zamanda, Qarabağ folklorunun toplanması və nəşrində böyük xidmətləri olan Ceyhun bəy Hacıbəylinin, Zülfüqar bəy Hacıbəylinin fəaliyyətlərini ayrıca qeyd etməliyik.
Şübhə yox ki, 1923-cü ildə əsası qoyulan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin də Qarabağ folklorunun toplanmasında xüsusi əməyi olmuşdur.
Qarabağ folklorunun çağdaş nəşrlərdə araşdrılmasına gəldikdə isə onu deməliyik ki, AMEA Folklor İnstitutunun nəşr etdiyi Azərbaycan folklor antologiyalarının V cildi Qarabağ folklor mühitini əhatə edir. Eyni zamanda, antologiyaların XIII və XVIII cildlərini əhatə edən Zəngəzur folkloru, bölgədən toplanmış materiallar əsasında hazırlanmış “Bu yurd bayquşa qalmaz” toplusu bölgə folklorunun öyrənilməsi baxımından zəngin material verir. 2012-ci ildə icrasına başlanıldığı “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” mövzusunda layihənin qarşısında qoyulan vəzifələrdən biri də 10 cildlik folklor toplusunun nəşri idi. Bu layihə çərçivəsində nəşri nəzərdə tutulan “Qarabağ: folklor da bir tarixdir” çoxcildliklərinin nəşri bizə imkan verir ki, Qarabağın şifahi söz incilərini toplayaq, geniş şəkildə tədqiqata cəlb edək.
M: Qarabağ folklorunun janr özəlliklərindən danışmağınızı rica edərdik.
Davamı növbəti yayınımızda...

0/Şərhlər

Previous Post Next Post