Топ-100 Sönməz Abbaslı: Qarabağın işğalı yeni bayatıların yaranmasına səbəb olub

Sönməz Abbaslı: Qarabağın işğalı yeni bayatıların yaranmasına səbəb olub


Rəngarəng Qarabağ folklorunda rəqslər önəli yer tutur... 
 Stand Tv-nin qonağı Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslıdır.


S.A: Bizim tədqiqat işimizdə hər biri ayrılıqda bir bölmə olaraq arxaik janrların regional və tarixi özünəməxsusluğu, miflər, mifik rəvayət və əfsanələr, Qarabağ folklorunda paremioloji vahidlər, Qarabağ lətifələrinin regional özünəməxsusluğu, Qarabağ bayatılarının spesifikası, Qarabağda oyun-tamaşa mədəniyyəti, Qarabağ nağıllarının özəlliyi, Qarabağ folklorunda obrazlar sistemi və ideya-məzmun özəllikləri elmi təhlil süzgəçindən keçiriləcək. Qarabağda yaşayan əhalinin ənənəvi əkinçilik, maldarlıq və özünəməxsus təsərrüfatla məşğulluğu, zəngin bitki və heyvanlar aləminin olması ilk inamların meydana çıxmasına səbəb olmuşdur. Danılmaz faktdır ki, qarabağlıların gündəlik məişət həyatında üzləşdikləri hadisələr də bir sıra inamların yaranması üçün əsas zəmin olmuşdur. Qarabağ ərazisindən qeydə alınmış inamları təhlil edərkən aydın görmək mümkündür ki, bu inamlar Qarabağda yaşayan əhalinin gündəlik məişəti, həyatı, dünyagörüşləri ilə bağlı olub lokal səciyyə daşıyır. Bu inamlarda bəzən millilik elementləri özünü göstərsə də regional xüsusiyyətlər də diqqətdən qaçmır. Qarabağdan qeydə alınmış ovsunları təhlil edərkən belə nəticəyə gəlmək olar ki, ovsunların hər biri müəyyən mətləb, münasibətlə bağlı olmuşdur və onlar bölgə üçün səciyyəvi olan örnəklərdir. Qarabağ regionu ilə bağlı spesifik çalarlar andlarda özünü büruzə vermişdir. Yəni, lokal mahiyyət daşıyan andlar etiqadla birbaşa bağlı meydana çıxmışdır. Əski mifik, xeyir və şər təsəvvürlərlə bağlı yaranmış alqış və qarğışlar Qarabağ folklor mühitində işləklik tezliyi baxımından əhəmiyyətli yer qazanır. Bu gün də bu janrın Qarabağ sakinləri arasında yaşarlığı insanların üzləşdikləri vəziyyətdən asılı olaraq, yaranan ehtiyacları ilə bağlıdır. Azərbaycan folklor çevrəsində əhəmiyyətli yer tutan Qarabağda mif yaradıcılığı özünəməxsus cizgilərlə səciyyələnir. Qarabağ miflərinin araşdırılması qarşımızda duran vacib məsələlərdəndir. Qarabağın mif yaradıcılığını araşdırdıqda bu sistemlərin hər birinə dair örnəklərlə qarşılaşmaq mümkündür. Qarabağ əfsanələri içərisində dini mövzuda olan örnəklər də külli miqdardadır. Əsasən dini şəxslərin, peyğəmbərlərin adları bu əfsanələrdən aparıcı xətt kimi keçir. Rəvayətlərdə tarixiliyə meyillilik qabarıqdır. Xüsusən tarixi şəxsiyyətlər, qaçaqlar, tanınmış insanlar və pəhləvanlar haqqında yaranmış rəvayətlər qarabağlılar arasında geniş yayılmışdı. Qarabağ folklorunda əkinçilik, ovçuluq, maldarlıq, balıqçılıq, toxuculuq və s. ilə bağlı yaranan əmək nəğmələri qeyd olunan sənətlərin görülmə gedişini, ritmini müəyyən qədər qorumağa xidmət etmişdir. Bu nəğmələr həm də Qarabağda yaşayan xalqın ilkin əmək həyatını bizə açıb göstərir. Paremioliji vahidlər adlandırdığımız atalar sözləri və məsəllər Qarabağ folklor xəritəsində özünəməxsus yer tutur. Qarabağ atalar sözü və məsəllərində bu elin mənəviyyat dünyası əksini tapır. Qarabağ atalar sözü və məsəllərində də Qarabağ folklor mühitinin özünəməxsusluq çalarları yaşayır. Mövzu baxımından Qarabağ atalar sözləri rəngarəngliyi ilə seçilir. Burada həm sosial, həm təsərrüfat, həm məişət həyatı bütün incəlikləri ilə bədii inikasını tapmışdır. Vətən, el, torpaq, əmək, dostluq, sədaqət, ilqar və s. atalar sözlərində dominantlıq təşkil edən mövzulardandır. Qeyd edək ki, dini mövzulu paremiyalar Qarabağın folklor xəritəsində  xüsusi yer tutur. Qarabağ folklor mühitində həcmcə kiçik olmasına baxmayaraq çeviklik, məntiqilik baxımından düşündürücü janr statusu qazanan tapmacalar da geniş yayılmış paremioloji vahidlərdəndir. Söz yox ki, bu janrda digər paremilər kimi regionallıq o qədər hiss olunmur. Ancaq hər halda bu bölgənin tapmacalarında bizi əhatə edən hər şey ─ predmetlər, yaşayış məskənləri, qida, geyim, təsərrüfat aləmi, heyvanlar, quşlar, həşəratlar, nəbatat aləmi, təbiət hadisələri və s. əksini tapır. Bu sadaladığımız mövzularda da qarabağlıların həyat və məişət tərzi, dünyagörüşü, ətraf aləmə münasibəti və s. aşkarlanır.
Araşdırmalardan bəlli olur ki, “... sağlam və mənalı gülüş müsbət bir hadisə kimi ta qədimdən Qarabağ əhalisinin həyatına, məişətinə daxil olmuş, ənənə halında davam edərək kamilləşmişdir. Qarabağ adamları bir sıra məh­ru­miyyətlərə dözüb tab gətirdikləri kimi, ürəkdən gülməyi, şadlanmağı, zəmanənin mənfiliklərinə tənqidi nəzərlə baxmağı da bacarmışlar. Xalqdan gələn folklor əlvanlığı, məzmun dolğunluğu və ifadə tərzi müdrik, hazırcavab və baməzə şəxsiyyətlərin yaradıcılığına xüsusi təravət və rövnəq vermişdir”.
Lotu  oğlu Lotu Qulu, Xarrat Qulu, Şərbaf Kazım, Səfi bəy, Alı Yüzbaşı, Xudu bəy, Abdal Qasım, Kəlba Şirin, Ədürrəhim bəy,  Kefli Cabbar və b. öz ləqəbləri ilə seçilən gülməcə yaradıcıları kimi yaşadıqları tarixi kəsimin tanınan nümayəndələrindən sayılmışlar.
Azərbaycanın folklor xəritəsinə nəzər salsaq görərik ki, elə bir bölgə yoxdur ki, oradan bayatı nəfəsi duyulmasın. Bayatı yüzilliklər keçib, kəmiyyətcə ölçüyəgəməz bir janr kimi məişətimizdə özünə yer edib. Etiraf etməliyik ki, folklor janrları içərisində bayatılar elə ən işlək janrlardandır. Molla Vəli Vidadinin hələ XVIII əsrdə qələmə aldığı
Külli-Qarabağın abi-həyatı,
Nərmi-nazik bayatıdır bayatı
misraları Qarabağ folklor çevrəsində bayatının tutduğu yeri öz-özlüyündə müəyyənləşdirir. Üstəlik, Sarı Aşıq və Lələ kimi məşhur bayatı ustadlarının da Qarabağdan çıxması bizə imkan verir ki, Qarabağı bayatının “beşiyi” adlandıraq. Bu baxımdan Qarabağın folklor xəritəsində, elat dünyasında, məişətində özünə yer edən bayatılar saysız-hesabsızdır.
Qarabağdan qeydə alınmış bayatılarda ənənəvi “Əzizim”, “Əzizinəm”, “Mən aşıq”, “Mən aşiqəm” və s. kimi formullarla başlanan nümunələr kifayət qədərdir. Qeyd edək ki, qeydə alınmış nümunələr içərisində “Eləmi” formulu ilə başlanan bayatılara çox az rast gəlinir, bu steorotipləri sındıran örnəklər isə kifayət qədər çoxdur.
Qarabağ bayatılarında özünəmüraciət “bülbüləm”, “ərəbəm”, “pəriyəm”, “qərənfiləm”, “bənövşəyəm” kimi formullarla təsbitləşir. Vətən, yurd, el-oba həsrəti ifadə edən bayatılar isə Qarabağdan qeydə alınmış nümunələr arasında çoxluq təşkil edir. Xüsusən də 1988-ci ildən başlanan Dağlıq Qarabağ problemi, Azərbaycanın 20%-dən çoxunun erməni qəsbkarları tərəfindən işğalı Vətən mövzusunda minlərlə yeni bayatının yaranmasına gətirib çıxarmışdır. Belə ki, Qarabağ dərdi, yurd həsrəti, el-oba nisgili Qarabağ bayatılarından aparıcı bir xətt kimi keçir. Doğma yurd-yuvasından didərgin düşmüş minlərlə qarabağlı öz ağrı-acısını bayatılarla dilə gətirmişdir.
Qarabağ bayatıları içərisində deyişmə-bayatıları, fal bayatıları, qarğış bayatılarının da özünəməxsus yer tutur.
Azərbaycanın folklor xəritəsində mövzu rəngarəngliyinə, məzmun spesifikasına görə xüsusi mövqeyə malik Qarabağ folklor mühitində xalq oyunları və meydan tamaşaları aparıcı yeri tutur. Atüstü oyunlardan tutmuş qız-gəlin oyunlarına qədər, dərviş oyunlarından tutmuş zorxana oyunlarına kimi, mərasim oyunları, kukla tamaşaları, eləcə də şəbih tamaşaları Qarabağın demək olar ki, bir çox bölgələrində təşkil olunmuş və icra edilmişdir.
Nağıllar Qarabağ folklor çevrəsində geniş yayılmış epik janrlardan biridir. Qarabağdan qeydə alınmış nağılları saf-çürük edərkən diqqəti çəkən əsas məqam odur ki, bölgədən toplanmış nağılların təxminən 50-dən çoxunun Aarne-Tompson Kataloqunda qarşılığı yoxdur. “Bacı həsrəti”, “Qismətdən qaçmaq olmaz”, “Çobanın Həcc ziyarəti”, “Üç qardaş” və s. nağıl süjetləri dediklərimizə əyani sübutdur. Qarabağ nağıllarının spesifikliyi bir də ondadır ki,  “Çörək verən Allahdır”, “Qaraçuxası yatmış adam”, “Qışın xəbərdarlığı”, “Kim daha çox ot yeyər” və s. nümunələr ilk dəfə toplanılan nağıl süjetləridir.
Qarabağı “Kiçik Azərbaycan” adlandırmış 17 əsr türk səyyahı Övliya Çələbi,  Şuşanı “Qafqazın İtaliyası” hesab edənlər, “Zaqafqaziyaya musiqi xadimlərini çalğıçı və xanəndələrin, şeir, musiqi və mahnıların füsunkar vətəni olan Şuşa verdi” deyənlər heç də yanılmamışdılar.  Qarabağ xalq mahnılarına hələ XIX əsrin sonlarından nəşrinə başlanılmış SMOMPK məcmuəsində rast gəlinir. Bundan əlavə bölgə ilə bağlı nəşr olunmuş toplularda xeyli sayda xalq mahnıları öz əksini tapmışdır. “Xarı bülbül”, “Şuşanın dağları” və s. kimi məşhur mahnıların vətəni musiqi diyarı Qarabağdır. Bu gün Qarabağ həqiqətlərini dünyaya çatdırmağın bir yolu da onun mənəvi irsinin, musiqisinin araşdırılması və təhlilə cəlb edilməsidir.
M: Qarabağ mərasimlərimiz də yəqin ki, tədqiqatdan kənarda qalmaz.
S.A: Heç şübhəsiz ki, Azərbaycanın tərkib hissəsi olan Qarabağ mədəniyyətinin izlərini Qarabağ mərasimlərində axtarmaq lazım gəlir. Bu mədəniyyəti öyrənməklə əski çağlardan müasir çağa qədər gəlib çatan zəngin adət-ənənələrlə bir daha tanış oluruq. Toplanmış folklor mətnlərində həm Qarabağın mövsüm, həm də məişət mərasimlərinə aid xeyli nümunələrə rast gəlinir. Xalqın adət-ənənəsi, məişəti, etiqadı və s. Qarabağda da məişət mərasimlərinin yaranmasına təkan vermişdir. Hələ əski çağlardan bu bölgədə toy adətləri, doğum, yas, dəfn mərasimləri icra edilmişdir. Bu mərasimlərdə qarabağlıların dünyabaxışı, etiqadları öz əksini tapmışdır.
Xüsusən Qarabağ toylarını qeyd etmək istərdim.  Heç şübhəsiz ki, Azərbaycanın mədəniyyətinin zənginliyi ilə seçilən bölgələrindən olan Qarabağın toylarının özünəməxsus cizgiləri var.  Təsadüfi deyil ki, dahi Bülbül Qarabağ toylarını o dövrün mədəniyyət evləri adlandırırdı. Qarabağın,  eləcə də Azərbaycanın musiqi beşiyi olan Şuşa toyları ilə hələ çox əskilərdən məşhur idi. Məlumdur ki, digər bölgələrimizlə müqayisədə Şuşada musiqiçi, həm xanəndə, həm rəqqas yetərincə olub. El arasında yaranan “Şuşanın uşaqları ağlayanda “Segah”, güləndə “Şahnaz” üstündə gülərlər” məsəli elə-belə yaranmayıb. Keçən əsrin ortalarında çap olunmuş “Kommunist” qəzetində dərc olunmuş bir yazıda Şuşada musiqiçilərin sayını göstərən statistik göstərici deyilənlərə bir daha sübutdur. Statistik informasiyadan belə məlum olur ki, təkcə XIX əsrdə Şuşa şəhərində 95 şair, 22 musiqişünas, 35 xanəndə, tar, kaman və başqa çalğı alətlərində ifa edən 70-ə qədər musiqiçi olub.
Qarabağ torpağının yetirdiyi tanınmış musiqişünas Firidun Şuşinski isə bu zəngin musiqi beşiyi ilə bağlı əbəs yerə demirdi ki, “Hər evdən, hər qayadan, hər ağacdan tar, kaman, qarmon, ney səsi ucalırdı”. Qışı çox sərt keçdiyindən Şuşa toyları adətən yayda çaldırılırdı. Digər tərəfdən yay vaxtı doğma yurda axışanlar çox olurdu. Qeyd edək ki, qış vaxtı keçirilən mərasimlərdə daha çox aşıqlar iştirak edər, dastan söyləyər və məclisi feyziyab edərdilər. Yayda isə bu missiyanı əsasən xanəndələr öz üzərlərinə götürərdilər. Şuşanın kübar ailələri əsasən xanəndə dəstələrini öz məclislərinə dəvət edər və ev sahibinin maddi durumundan asılı olaraq 5-6 xanəndə toyu idarə edərdi. Şuşa toyları əslində Azərbaycan musiqisinin, mədəniyyətinin inkişafında əvəzsiz rol oynamışdır ─ desək heç də yanılmarıq. Hacı Hüsü, Məşədi İsi, Şahnaz Abbas Dəli İsmayıl, Keçəçi oğlu Məhəmməd, Bülbül, Cabbar Qaryağdıoğlu kimi tanınmış xanəndələr əslində Şuşa toylarında püxtələşmiş, ətrafa səs-soraq salmışdılar. Maraqlı məqamlardan biri Şuşada toyların davametmə müddətidir. Əlimizə çatan faktlar əsasında deyə bilərik ki, ötən əsrlərdə, konkret desək,  XVIII-XIX ərlərdə 3, 7, 14, 21 və hətta 40 gün davam edən Şuşa toyları olub. Üç gün çəkən toy adi toy sayılırdı və bu toya bir sazəndə və yaxud bir aşıq dəstəsi dəvət olunurdu.
Qarabağ toylarını digər bölgələrin toylarından fərqləndirən əsas amillərdən biri burada əsasən Bakı və Şirvan toylarında olduğu kimi muğama önəm verilməsidir. Yəni Qarabağ düyünlərində toy seyrçisi muğama qulaq asmağı oynamaqdan, şənlənməkdən daha üstün tutur. Muğam musiqisinin müşayiəti ilə keçirilən toylar isə yeddi gün çəkirdi. Bu toylara yeddi xanəndə dəvət edilirdi. Bu toylarda xanəndələrin gözəl ifaçılıq məharəti toya gələnləri feyziyab edirdi.
Qırx gün qırx gecə toy çaldırmaq bir çox klassik nağıl və dastanlarımızdan, o cümlədən “Kitabi-Dədə Qorqud” boylarından bizə gəlib çatan toy adətlərindəndir. Xan qızı Xurşudbanu Natəvanın oğlu Mehdiqulu xan üçün qırx gün qırx gecə toy etməsi faktı da danılmazdır. Məşhur xanəndələrin, aşıqların iştirak etdiyi bu toy üç məclis şəklində təşkil olunub. Yüksək təbəqədən olanlar yəni əsilzadələr birinci məclisə, sənətkarlar ikinci, kasıb-kusublar isə üçüncü məclisə dəvət olunub. Bu toyun ən yaddaqalan xüsusiyyəti isə Xurşudbanu Natəvanın qırx gün bütün kasıblara yemək paylaması, dəvət olunanlara bəxşiş verməsidir. Bu toy mərasimində 30-a yaxın dastan söylənilib. Həm məhəbbət, həm qəhrəmanlıq dastanları bu cür toyların sözün əsl mənasında bəzəyi idi.
Təbiət hadisələrinə münasibət, ətraf aləmə etiqad, əmək fəaliyyəti ilə əlaqədar Qarabağ bölgəsində də müxtəlif mövsüm mərasimləri keçirilmiş və bölgə əhalisinin formalaşmasında, mənən zənginləşməsində əvəzsiz rol oynamışdır. Qarabağda keçirilən Novruz, Xıdır Nəbi, Qodu-qodu və s. mövsüm mərasimlərində bölgə üçün spesifik çalarlılıq özünü göstərir.
M:Azərbaycan aşıq yaradıcılığı ənənəsində Qarabağ aşıq mühitinin yeri nə dərəcədədir?
S.A: Azərbaycan aşıq poeziyasının mərkəzlərindən biri olan Qarabağ aşıq mühitinin özünəməxsus yeri var. Xüsusən XVII-XIX əsrlərdə bu diyarda çox güclü aşıq nəsli yetişmişdir. Göyçə aşıq məktəbinə daxil edilən Qarabağ aşıq mühitinin digər aşıq mühitləri ilə fərqli və oxşar cəhətləri var ki, bunlar da elmi təhlillərlə üzə çıxarılmalıdır. Qarabağ aşıq mühiti ilə bağlı ilkin mənbələrə müraciət etdikdə Qarabağda aşıq yaradıcılığının yüksək dövrü sayılan XVII-XIX əsrlərdə Aşıq Qurbani, Aşıq Abdulla (Sarı Aşıq), Aşıq Səməd, Aşıq Valeh, Aşıq Qənbər kimi ustad sənətkarların yetişməsini görmək mümkündür. Onların hər birinin özünəməxsus yaradıcılıq ənənəsi, ifaçılıq üslubu olmuşdur. Klassik ənənədən qaynaqlanan müasir dövr Qarabağ aşıq mühitinin Aşıq Xaspolad, Aşıq Məhəmməd, Zülfuqar Tərtərli, Çingiz Laçınlı, Aşıq Zeynal, Aşıq Umbay, Adil Cəfakeş, Nübar Mədətli kimi saz və söz xiridarlarının yaradıcılığı müqayisə və paralellər əsasında araşdırılmalı, özünəməxsus sənətkarlıq xüsusiyyətləri üzə çıxarılmalıdır. Klassik aşıq yaradıcılığı ənənəsindən müasir çağadək daşınan təbiət təsviri, məhəbbət lirikası Qarabağ aşıq mühiti üçün aparıcı mövzulardandır. Son illərin məlum hadisələri ilə əlaqədar vətən həsrəti, yurd nisgili motivləri dominantlıq təşkil edir. Bu həsrət, nisgil Qarabağ aşıq şeirlərinin ruhuna, canına, qanına hopmuşdur.

0/Şərhlər

Previous Post Next Post