Топ-100 Milliyətçiliyin psevdodemokrat oyunu

Milliyətçiliyin psevdodemokrat oyunu


Orhan Mirioğlu ve Yusuf Kaplana cavab...


Dünən Orhan Mirioğlu, Yusuf Kaplan, Yusuf Halacoğlu, Naim Baburoğlu Türkiyənin “Habertürk” kanalında yayımlanan “Enine Boyuna” verlişinin qonağı oldular. Mövzu milliyətçilik idi.
Verlişdə diqqəti çəkən ciddi bir məqam var idi. Demokrat Yusuf Kaplan və dindar demokrat Orhan Mirioğlu milliyətçiliyi baltalayaraq, Türkiyəni düşdüyü bu ağır vəziyyətdən dinin və demokratiyanın çıxaracağını iddia edirdilər.
Haqlı olaraq, burda qəribə nə var ki, bu da bir mövqedir, deyə bilərsiniz.
Təbii ki, belədir, əmması olmasaydı...
Bir kərə Orhan Mirioğlu verliş boyu milliyətçiliyin (əslində türk milləyitçiliyinin) təhlükəli bir nəsnə olmasından ağızdolusu danışsa da, əməli fərqli oldu.
Tutalım ki, milliyətçilik təhlükəli bir nəsnədir. Amma əgər belədirsə, o zaman kürd milliyətçiliyini də bir kənara atmaq lazım deyilmi?
Önəmli olan nə dediyin deyil, önəmli olan, nə etdiyindir. Dildə demokratiyadan dəm vurmaqla gözə kül üfürmək olar. Amma sağlam düşüncə bundan təsirlənməz. Orhan Mirioğlunun bütün veriliş boyu demokratiydan dəm vurub, əslində isə hər dəqiqəbaşı incə cizgilərlə, sətirarası kürd milliyətçiliyini qabartması cəhdi diqqətdən heç də yayınmadı.
Yusuf Halacoğlunun, Türk tarixi Türkiyə toplumuna aşılandığı kimi 1071-ci ildən başlamır, Türklər eradan əvvəl də Anadoluda var idi fikrinə, Orhan Mirioğlu, elə həmin an, bəs onlar eradan əvvəl Anadoluya gələndə burada kimlərlə qarşılaşdı?- deməklə, bir tərəfdən bariz kürd milliyətçisi kimi davrandı, digər yandan isə, əslində bir güllə ilə bir neçə dovaşan vurmağa çalışdı.
Birincisi, demək istədi ki, biz kürdlər hələ miladdan öncə də bölgədə var idik və kürdlər Anadolunun avtoxton, yerli əhalisidir.
İkincisi, əgər iddia edilirsə, kürdlərin bölgədə mövcudluğu eradan əvvələ gedib çıxır, o zaman bu hind-ari tayfalarının tərkibində, yəni e.ə II minilliyin sonu- I minilliyin əvvəlində mümkün ola bilərdi. Halbuki söhbət eradan əvvəl III minliyin II yarısından gedir. Deməli, Orhan Mirioğlu burada başqa bir psevdofaktdan yapışmağa çalışır. Bu da, çox güman ki, ad çəkməsə də, türk mənşəli kassiləri kürd kimliyi altında təqdim etmə cəhdidir. Bu fikri səsləndirməyim əsassız deyil. Belə ki, xeyli zamandır, kürdlər lullubilərin, qutilərin, kassilərin kürd etnosunun nümayəndələri olduğunu söyləyirlər. Həm də sistemli...
Orhan Mirioğlunun seçdiyi taktika isə mənsubu olduğu Ədalət və Kalkınma Prtiyasının üzərindən gerçəkləşir. Yəni hakim partiyanın ideologiyasından sui-istifadəyə yol verir. Bununla da əsl niyyətini gizlətməyə çalışır. Amma nafilə...
Sistem kürd kimliyini qabartmağı demokratik dəyər kimi, türk kimliyindən danışmağı isə toplum üçün təhlükəli bir hal olduğunu təbliğ etməyi qarşısına hədəf qoyub.
Yusuf Kaplana gəlincə...
İddia etdi ki, qərb mədəniyyəti əsrlər boyudur, müsəlman toplumunu düşüncəsini manipulyasiya edir. Daha sonra islam olmadan türklük olmaz, kimi ağır sözlər söylədi. Hətta qaquzlar kimdir, nə dəyər vermişlər?- kimi təhqiramiz ifadələrə yol verdi.
Yusuf Kaplanın bilgisinə.
Birincisi, tarixi bilgi olmadan tarix barədə fikir yürütmək məsuliyyətsizlikdir.
İkincisi, İslam VII yüzillikdə mövcud olduğu halda, Türklərin 6 minillik tarixi var.
Üçüncüsü, islam bugünkü varlığına görə də məhz Türklərə mütəşəkkür olmalıdır.
Dördüncüsü, Türklər sənin iddia etdiyin kimi “yıxıb-dağıtmadı”, əksinə, neçə-neçə toplumun xilaskarı oldu. O cümlədən islam dininin də. Ayn Callut döyüşünü unutmayaq.
Bəs XV yüzillikdə yəhudiləri ispan zülmündən kim xilas etdi? Türklər, qüdrətli Osmanlı dövlətinin qurucuları.
Nəhayət, deyirsiniz ki, qərb mədəniyyəti müsəlmanların düşüncəsini manipulyasiya etməklə məşğuldur.
Amma Qərb düşüncə tərzininin “təhlükəsindən” danışa-danışa, həmin mədəniyyətin formatladığı şablonlarından kənara çıxa bilmədiniz. Göstərdiyiniz ən kiçik nümunə, örnək, sitatlar belə qərbdən oldu.
Bir kərə elmin şərqi, qərbi olmaz.
Amma illa ki, mədəniyyəti bir yaşam tərzi kimi nəzərdə tutursunuzsa, o zaman yenə də öz gözünüzdə kəranı görməniz doğru olardı.
İslamı bir bu qədər sevirdinizsə, Qərbin deyil, İslam ölkələrinin birinin təhsil müəssisələrində oxumağınızın mübah olub-olmaması sualının cavabı artıq sizə qalmış. Məslən Səudiyyədə, Misirdə dini təhsil ala bilərdiniz, əgər Türkiyə təhsilini bəyənmirdinizsə və iddia edirsinizsə, nicat islamdadır.
Nicata gəlincə...
Türklüyün nicatı İslamda deyil. Tarixi kökünü qavramaqdadır.
Türkiyənin nicatını deyirsinizsə, bu nicat həm Türklükdə, həm İslam da, həm milli və insanı dəyərləri önəmsəməkdə, həm elm və texnoloji nailiyyətlərin gəlişdirilməsindədir və s.
İslama gəlincə.
Biz Türklərə məhzəb və təriqətlərə ayrılmış islam deyil, müəlman adını qürurla daşıyacaq bir toplumu formalaşdıracaq İslam lazımdır. Bunun teoloji, fəlsəfi mənbəyi isə Qurani Kərim olmalıdır, digər hər hansı bir mənbə məkruhdur. Hətta haramdır.
Qurani Kərimin tilavəti önəmlidir. Müqəddəs kitabın özü bunu belə istəyir. Bunun üçün isə Quranın Türkcəyə tərcüməsi şərtdir. Halbuki əksi mövhumatı tətikləyər.
Quran oxumağa cox əhəmiyyət verir. Onun “İkra”, yəni “Oxu” ilə başlaması da təsadüfi deyil. Amma nə hikmətdirsə, sizin  kimilər belə bir tərcüməyə qarşı çıxır, hətta bunu günah hesab edirsiniz. İnana bilmərəm ki, sizin kimi bir intellektual bununla nəyə xidmət etdiyinin fərqində olmasın. Amma yenə də soruşum, sizə elə gəlmirmi ki, belə bir tövrlə şikayətçi olduğunuz Qərb sivilizasiyasına xidmət edirsiniz? Axı qiraətlə oxumq başqa, tilavətlə oxumaq başqa. Oxuduğunu anlmaq önəmlidir. Bunun üçün Quranda tilavət əsasdır. Bir Türkün Quranı anlaması üçün isə onun ana dili Türkcədə oxuması şərtdir.
Amma Kaplanlara, Mirioğullarına görə bu milliyətçilikdir və təhlükəlidir.
O zaman alternativ sual yaranır, milliyətçilikmi, mövhumatçı toplummu təhlükəlidir?
 Maraqlı sualdır, deyilmi?
Gələk dünyanın xilasının Türkiyədə olması fikrinə.
Birincisi, dünyanı xilas etmək Türkiyənin borcu deyil. Bir dəfə belə bir məcra ilə ölkəni Suriya, İraq, Yaxın Şərq bataqlığına sürüklədiniz. Hələ də mövcud hakimiyyət bu çirkabı təmizlənməklə məşğuldur.
İkincisi, milli və dini dəyərlərini bilməyən , ona sahib çıxmayan bir toplumla bəşəri dəyərləri necə qorumaq, dünyanı necə xilas etmək olar? Bununla olsa-olsa, başqa bir mədəniyyətin qaranlıq əməllərinə xidmət etmiş olarsınız.
Türkiyə bu gün dünyada söz sahibi olmaq üçün güc toplamalıdır. Əlhəmdülillah, bu istiqmətdə də çalışmaqdadır. İnşa Allah hədəfindən, yolundan sapmaz. Əks təqdirdə bəsirətsizlik və gücündən ağır daşın altına əlini qoymuş olacaq. Bunun bədəli isə çox ağır ola bilər.
Nəhayət, qaquzlar kimdir və nə dəyər yaratmışlar?
Qaquzlar Göyoğuzlar, Götürklərdir.
Hansı dəyəri yaradıblar?
Bu gün sizin də ağızdolusu danışdığınız Osmanlı kimi qüdrətli bir dövlətin qurulmasının alt bazasını yaradıblar. Əlavə bilgiyə ehtiyacınız varsa, sizi arzuladığınız tv-də polemikaya dəvət edirəm.
Amma lütfən, yalan-yanlış məlumatlarla topluma xor baxmayın... 
Şahin Əliyev


0/Şərhlər

Previous Post Next Post