162 saylı məktəbin müəllimindən açıqlama...

Uzun zaman
idi, Azərbaycanla bağlı heç nə yazmırdım. Ona görə yox ki, daha mənə maraqlı
deyil, sadəcə, qaranlıq otaqdakı qara pişiyin qara rəngi bəhanə edilərək, hər şey görməzdən
gəlinir. Onun dəhşət saçan gözləri isə heç kəsin vecinə deyil...
İlk öncə
onu qeyd edim ki, bir il əvvəl mən də E.Əliyev adına 162 saylı məktəbin müəllimi
idim. Başqa ölkəyə getməyimlə əlaqədar olaraq, işdən çıxmaq məcburiyyəti
qarşısında qaldım...
Bu günlərdə həmin məktəbin şagirdi Elinanın
özünü üçüncü mərtəbədən atması, məni daha çox sarsdı. Çünki bu və buna bənzər
hadisələrin baş verməsi qaçınılmaz idi. Başqa sözlə, faciə haray sala-sala gəlirdi.
Amma nə Elinaların, nə də baş verən naqisliklərə qarşı mübarizə aparanların səsini
kimsə dinləmədi. Olanlar isə olur...
Bu hadisədə məni daha
çox sarsan, indi hamının E.Əliyev adına 162 saylı məktəbin direktoru haqqında ən
acı sözləri deməsidir. Sanki ətrafda baş verənlərdən heç kimin xəbəri yox imiş
kimi...
Gəlin, səmimi
olaq... Gəlin, həqiqətin gözünə baxmağa çalışaq, vicdanımızın səsinə qulaq asaq
və belə bir suala cavab verək, axı bu hadisədə kimdir günahkar?..Təkcə Sevinc
Abbasovamı, yoxsa?..
Əzizlərim,
əslində, Elinanın ölümündə suçlular çoxdur..
İlk öncə Təhsil Nazirliyidir...
Belə ki, zamanında
bu direktordan çox şikayətlər olub. Amma həmin təhsil nazirliyindən, onun alt qurumu
olan Bakı Təhsil İdarəsindən yoxlama adı altında gələnlər, baş verən qanunsuzluqları
aşkar edib tədbir görmək əvəzinə, əksinə, cinayət tərkibli nöqsanların üstünü
ört-basdır etməklə məşğul oldular...
Həmin direktorun azğınlaşmasında Səbail rayon İcra
hakimiyyəti də günahkardır.
Bilənlər
bilir, bu məktəb bir il bundan əvvəl güya kapital təmir olunmuşdu. Hətta Prezident
İlham Əliyev də təmirdən sonra məktəbi ziyarət etmişdi. Amma məktəb, təxminən
iki-üç həftə sonra uçub dağılmağa başladı. Hələ o zaman “ Altı təzək, üstü bəzək”
adlı bir məqalə də yazmışdım. Məktəbin nə qədər keyfiyyətsiz təmir olunduğunu
işıqlandırmağa çalışmışdım. Amma həmin İcra hakimiyyəti məktəb rəhbərliyindən mənə
basqı göstərməyi istədi. Nəticədə mənim davranışımın güya dövlətçiliklə uyuşmadığını
söyləyərək, fərqli formada təzyiqlərə başladılar. Sanki rüşvət almaq, qanunsuz yeyintiyə
yol vermək, dövlətçiliyin təməl prinsiplərindənmiş kimi.
O zaman
dediyim bu oldu, bu minvalla, bir çox faciənin səbəbkarı olacaqsınız... Amma
nafilə! Hətta həmin İcra başçısının vəzifəsi artırıldı və o, Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı təyin olundu.
Hər belə qanun
pozuntusu və haqsızlıqlardan Təhsil Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin
və Rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə qalib çıxan Sevinc Abbasovalar “Bağdadda
kor xəlifə, burda mən” ədası ilə daha betər hoqqabazlıqlardan çıxmağa
başladılar.
Bəs valideynlər necə?..
Haqsızlıqlara qarşı səsini çıxarmağa çalışan müəllimləri susdurmaq üçün şərə, böhtana , şantaja əl
atan diretorun pis əməllərinə təəssüf ki, zaman-zaman valideynlər də həvəslə dəstək
ola bildilər...
Bu gün valideyn
övladının yüksək qiymətləndirilməsi üçün məktəbin müdriyyəti, sinif rəhbərləri və
artıq sistemin bataqlığı içində boğulan müəllimləri ilə istənilən razılaşmaya gedə
bilirlər... Nə yazıq ki, bu çirkab içində olanlar ümumi müəllim ordusunun adını
rahatlıqla ləkələməyi bacarırlar...
Bəs hakimiyyət?..
Ən nəhatət,
əgər bir həftə içində iki yaşlı insan, bir yeniyetmə qız yüksək mərtəbədən
atlanmaqla, özünə qəsd edirsə, demək, toplum pis vəziyyətdədir.
Başqa sözlə, sosial imkansızlıqlar içində çırpınan əhalinin səsinə səs verməyən
hakimiyyət də düşünməlidir!!! Amma düşünürmü, və ya düşünəcəkmi? İnanmaq xeyli
çətindir.
Haqsızlıqlar
qarşısında çarəsiz qalaraq od vurub özünü yandıran Qarabağ qazisinin
vaqesi kimi, bu hadisənin də bir müddət sonra unudulması heç kimə sirr deyil. Bir
qədər sonra yenə də əl əli,əl də üzü yuyacaq!!!
İndi siz
deyin, kimdir günahkar!!!
Məncə, haqq-ədaləti təbliğ edən, amma əməldə bunun tərsini öyrədən təhsil
sistemindəki ziddiyyətdir və bu ziddiyyəti tətikləyən mühitdir...Məhz bu amillərdir, Sevinc Abbasova kimi laqeyd, bir o qədər də vicdansız kadrları yetişdirir.
Yenə də doğrusunu
kütlə bilər...
Şahin Əliyev, E.Əliyev adına 162 saylı məktəbin sabiq müəllimi
Post a Comment