Топ-100 Şahin Əliyev: Müəllim adını uca tutmağa çalışmışam

Şahin Əliyev: Müəllim adını uca tutmağa çalışmışam


Diaspora təşkilatları büdcədən ayrılan pulları silməklə məşğuldur...

Beşinci hissə
(əvvəli 28 aprel, 06 may, 08 may, 10 may 2019-cu il yayımlarımızda)
M: Siz o hərbi həkimlə hansı şəraitdə qarşılaşmışdınız?
Ş.Ə: Bu barədə mənim danışmağım doğru olmaz. Yəqin ki, zamanı gəlincə və lazım olarsa, aidiyyatı qurum açıqlayar.
M: Axır vaxtlarda, xüsusi ilə son 10-15 ili Azərbaycanın qaynar həyatından sanki uzaq düşmüşdünüz, səbəb?
Ş.Ə: Qaynar həyat deyərkən, nəyi nəzərdə tutursunuz, bilmirəm. Təkcə onu deyə bilərəm ki, bu, yalnız mənimlə əlaqədar bir durum deyil. Hər kəsin bir missiyası olur. Başa çatınca, digər işlərlə məşğul olur. Mən istisna deyiləm.
Digər yandan hesab edirəm ki, son 10-15 ili də faydalı işlərlə məşğul olmuşam. Müəllim adını uca tutmağa çalışmışam. Təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün həm sağlam, həm də vətənpərvər övladlar yetişdirməyə çalışmışam. Deyirsiniz, bu azdır? Hələ-hələ Azərbaycan təhsilinin bir bu qədər bataqlıq içində olduğu belə bir qarışıq dövrdə.
M: Hazırda Türkiyədə yaşayırsınız. Burada diaspora necə fəaliyyət göstərir?
Ş.Ə: Türkiyədən öncə Almaniyada oldum. Bir mənalı deyə bilərəm ki, nə Türkiyədə, nə də Almaniyada mütəşəkkil diaspora fəaliyyətinə rastladım. Yalnız vətəndaşların şəxsi təşəbbüsləri ilə təşkilatlanmalar var. Çoxlu sayda qruplaşmalar var. Açığı belə bir pərakəndəlik cazibədar görünmür.
M: Bəs sizin özünüz bu pərakəndəliyin aradan qaldırılması və vahid təşkilatda birləşmə istiqamətində cəhd etmək niyətiniz yoxdur?
Ş.Ə: Bu düşündüyünüz kimi bir o qədər də asan iş deyil. Əvvəla, mən burada yeniyəm. İkinci, buradakı insanlarla ünsiyyətdə olub, özümü qəbul etdirməliyəm. Bu isə zaman tələb edir. Təbii ki, mənim də bir bu qədər vaxtım yoxdur. Bəlkə də buna heç ehtiyac yoxdur.
Digər tərəfdən müşahidələrimə əsasən deyə bilərəm ki, diasporalara rəhbərlik üçün liderlik vəsfi bir o qədər əhəmiyyət kəsb etmir. Yəni belə bir xarizmanın varlığı, ya yoxluğu önəmli deyil. Belə ki, dövlətə bağlı diaspor təşkilatlarına rəhbər ənənəvi şəkildə, bildiyiniz yollarla təyin olunur. Qurumun özü isə büdcədən ayrılan pulları silmək üçün yalnız əlamətdar günlərdə tədbir adı altında kiçik otaqlarda toplaşmaqla məşğuldur. Vətəndaşlar isə təşkilatın bu qəbildən olan maraqlarına ortaq olmaq istəmir.   
M: Deyirsiniz, vaxtım yoxdur, o zaman Türkiyədə nə işlə məşğulsunuz, güzəranınız necədir?
Ş.Ə: Türkiyədə AKA İdman klubunda MMA və jiu-jiutsu üzrə məşqçi işləyirəm. Klubun təsisçisi Ahmet Karakaş və prezidenti Murat Karakaşa böyük minnətdarlıq borcum var. Hər ikisi məni çox mehriban qarşıladı.Ən önəmlisi mənə etibar etdilər. Mən də çalışıram onların etimadını doğruldum.
Klubda kikboks, muatay, boks, sayokan MMA, jiu-jiutsu və s. döyüş növləri üzrə məşqlər keçirilir.
Ahmet Karakaş həm də baş məşqçidir.Kikboks və muatay üzrə dördüncü dan qarakəmər ustasıdır. Onun yetirmələri beynəlxalq turnirlərdə, çempionatlarda yüksək nailiyyətlər əldə edirlər. Hazırda bir çox idmançımız Türkiyə yığmasının üzvləridir.

Yeri gəlmişkən, Azərbaycanda arzu edən gənclərimiz varsa, buyurub gəlsinlər, klubumuza müraciət edə bilərlər. Yüksək səviyyədə, peşəkar məşqlərə zəmanət verilir. Özlərini sınasınlar.
Güzərana gəlincə, çox şükür, hər şey yaxşıdır.
M: Deyirsiniz, Azərbaycan gəncləri gəlib burada məşq etsinlər?
Ş.Ə: Niyə də yox? Bir millət, iki dövlət deyilik. Azərbaycan idmançıları Türkiyə, Türkiyə idmançıları Azərbaycan bayraqlarını qaldırmır? O zaman problem nədir?
Şəxsən mənim qrupumda özbək, qırğız, türkmən, axıska türklərindən tutmuş, Türkiyə türkünə qədər hər kəs məşq edir. Azərbaycan türkü niyə olmasın?
M: O zaman sizin şəxsi hədəfinizi bilmək olar?
Ş.Ə: Hədəf nə ola bilər? Təbii ki, MMA və jiu-jiutsu üzrə kluba peşəkar idmançılar hazırlamaq, yarışlarda yüksək nailiyyətlər əldə etmək. Allahın köməkliyi ilə qarşıda duran vəzifəmizin öhdəsindən gəlməyə çalışaçağıq.
M: Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq və olduqca maraqlı müsahibə üçün təşəkkür edirik.
Ş.Ə: Mən təşəkkür edirəm. Ayrıca, bizi xatırladığınız üçün də minnətdaram. Şəxsinizdə təmsil etdiyiniz “Stand” Tv-yə və “Edgunews” saytına təşəkkür edirəm, sizə böyük uğurlar, nailiyyətlər arzulayıram. Səsiniz daim yüksək gəlsin.

0/Şərhlər

Previous Post Next Post