Топ-100 Əziz Ələkbərli: Azərbaycan xalqı artıq qisas və qiyam püskürmək istəyən qüvvələri yerində oturdacaq qədər müdrikdir

Əziz Ələkbərli: Azərbaycan xalqı artıq qisas və qiyam püskürmək istəyən qüvvələri yerində oturdacaq qədər müdrikdir


Ermənilərə qarşı ikinci cəbhə açmaq ehtimalı varmı?..

Müsahibimiz Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlidir.
M: Əziz bəy, son zamanlar Qərbi Azərbaycanlıların icmalar şəklində təşkilatlanması prosesi gedir. Bu nə ilə əlaqədardır?
Ə.Ə: Bu, ilk növbədə son iki yüz ildə erməni millətçiləri və terrorçu qruplaşmaları tərə­fin­dən müxtəlif  üsul və vasitələrlə zaman-zaman sıxışdırılıb, min illər boyu yaşadıqları ata-baba yurdlarından son nəfərinə qədər qovulub çıxarılmış soydaşlarımızın tarixi və insani hüquqlarının bərpası uğrunda mübarəzə əzmi ilə bağlıdır. Soydaşlarımızın 1801-ci ildən başlanan qaçqınlıq tarixi 1828-ci il Türkmənçay müqaviləsi ilə bütün XIX əsr boyu davam etmiş, 1905-ci ildə qanlı qırğınlarla əvəzlənmiş, 1918-1920-ci illərdə bütün Qafqazı, Yaxın Şərqi əhatə etmişdir. Qərbi Azərbaycan ərazisində erməni bolşevik hakimiyyəti qurulduqdan sonra bu soyqırımı yeni forma kəsb etmiş, 1948-1953-cü illərdə 150 min nəfər azərbaycanlı öz doğma yurdlarından deportasiya olunmuş, azərbaycanlıların soykökü və qədim tarixi ilə bağlı yer-yurd adları dəyişdirilmiş, minlərlə maddi mədəniyyət abidəsi dağıdılaraq yerlə-yeksan edilmişdir. “Ermənistanda” yaşamaqda davam edən son 250 min nəfərdən çox azərbaycanlı isə 1988-ci ildə planlı qaydada, silah gücünə qovulmuş, onların malı, mülkü talanmış, yüzlərlə adam öldürülmüş, qaç­qın­ların fərdi və ictimai təsərrüfatlardakı yüz milyardlarla ABŞ dolları həcmində əmlakı qəsb edilmişdir.
Təəssüf ki, bütün bu məsələləri biz hələ də dünya ictimaiyyətinə lazımi şəkildə çatdıra bilməmişik. Dünya bilməlidir ki, ermənilərin tarixi cinayətləri təkcə Dağlıq Qarabağda, Xocalıda törətdikləri faciələrlə bitmir. Onlar bütün insanlığın düşmənidirlər və onların son 30 ildə Azərbaycan ərazilərində törətdikləri cinayətlər yüz illər boyu ən müxtəlif coğrafiyalarda törətdikləri cinayətlərin tərkib hissəsidir.
Siz diqqət yetirsəniz görərsiniz ki, bu İcmalar Azərbaycan Respublikasının rayonları üzrə yox, Qərbi Azərbaycanın (keçmiş Ermənistan SSR-red.) o vaxtkı rayonları üzrə aparılır. Bu, bizim gerçək niyyətimizdən – Qərbi Azərbaycan dediyimiz tarixi torpaqlarımız uğrunda mübarizə amalımızdan xəbər verir. Qərbi Azərbaycanlıların kənd və rayon icmaları şəklində təşkilatlanması bir tərəfdən o torpaqların unudulmaması məqsədinə xidmət edirsə, digər tərəfdən xalqımızı və gələcək nəsilləri işğal altında olan ərazilərimizin düşməndən azad edilməsi uğrunda mübarizəyə səfərbər edir. Biz belə hesab edirik ki, Qarabağın işğalının sona çatmasının, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının baş yolu məhz Qərbi Azərbaycan uğrunda mübarizədən və soydaşlarımızın Qərbi Azərbaycana qayıdışından keçir.
M: Vahid təşkilatda birləşmə prosesini nə zaman başa çatdırmağı düşünürsünüz?
Ə.Ə: Birincisi, bütün insanların vahid təşkilatda birləşməsi vacib deyil, əsas odur ki, təşkilat insanlarımızın maraqlarını ehtiva edən fəaliyyət ortaya qoysun. İkincisi, bizim təşkilat təkcə Qərbi Azərbaycanlıların təşkilatı deyil, bu, Qərbi Azərbaycan uğrunda mübarizə aparan bütün soydaşlarımızın təşkilatıdır. Üçüncüsü, bütün təşkilatlar kimi, bizim təşkilatda da bütün fəaliyyət dövrü təşkilatlanma davam edəcək, təşkilata daim yeni üzvlər gələcək, bu təşkilatda yerini tapa bilməyənlər təşkilatı tərk edəcək. Bu, normal bir prosesdir.
M: Əhali nə qədər maraqlıdır bu prosesdə, fəallıq varmı?
Ə.Ə: İnsanlarımız, əvvəldən gözlədiyimiz kimi, prosesə çox böyük maraqla qoşuldular. Bu da təbiidir. Bizim xalq torpağına, yurduna, vətəninə bağlı xalqdır. Başqa necə ola bilər? İnsan ömrü boyu dağına-daşına, yoluna-cığırına, ağacına-koluna, çayına-bulağına, gülünə-çiçəyinə öyrəşdiyi yerləri necə unuda bilər? Azərbaycan bizim hamımımzın vətənidir, amma bir də var ata-baba yurd yeri, onu heç bir nemət əvəz edə, heç bir qüvvə  unutdura bilməz.
Bəs dövlətdən hər hansı bir dəstək varmı?
Ə.Ə: Əvvəla, dövlət görür ki, biz müqəddəs bir amal – Azərbaycanın tarixi torpaqları uğrunda mübarizə aparırıq. Qərbi Azərbaycan təkcə Qərbi Azərbaycanlıların yurd yeri deyil, həm də bütün Azərbaycan xalqının tarixi ərazisidir. O torpaqların tarixini, coğrafiyasını, mədəniyyətini, etnoqrafiyasını, folklorunu və s. öyrənməmək bütün Azərbaycan xalqına qarşı tarixi cinayətdir. İkincisi, 30 ilə yaxındır erməni ərazilərimizin bir hissəsini işğal edib oturub, çıxmaq istəmir, xoşluqla çıxmayacaq da. Deməli, ermənilərlə həmişə insan dilində yox, hərdən də erməninin öz dilində danışmaq lazımdır. Biz bu yolu ermənilərə qarşı “ikinci cəbhə” açmaqda görürük. Bu “ikinci cəbhə” Qərbi Azərbaycanlıların ata-baba yurdlarına qayıdışı uğrunda mübarizəsidir. Qarabağ onsuz da Azərbaycanın tərkib hissəsidir və biz onu qaytaracağıq, bəs 1918-20 ci illərdə, 1948-1953-cü illər deportasiyası, 1988-1991-ci illər soyqırımı zamanı yurd-yuvasından qovulmuş insanların vətənini kim qaytaracaq? Cənab Prezident İlham Əliyev dəfələrlə deyib ki, “İrəvan, Göyçə, Zəngəzur bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq, bu, bizim strateji hədəfimizdir”. Biz də bu hədəf uğrunda mübarizəyə start vermişik. Buna görə də hesab edirik ki, dövlətimizin də, xalqımızın da dəstəyini haqq edirik.
M: Əgər vahid təşkilatda birləşmək mümkün olsa, lider məsələsi necə həll olunacaq?
Ə.Ə: Hansı təşkilatda birləşməyindən, sosial statusundan, siyasi mövqeyindən  asılı olmayaraq, bütün Azərbaycan xalqının vahid Lideri onun seçkilərdə seçdiyi prezidentidir. O ki qaldı bu və ya digər quruma, hər bir təşkilatın idarəedici və icraedici orqanları olur. Bizim də var. Təşkilatın üzvü olan hər kəs də təşkilatın Nizamnaməsinə tabedir.
M: Əli İnsanovun həbsdən azad edilməsi ilə Qərbi Azərbaycanlıların icmalarda birləşməsi prosesi sanki üst-üstə düşdü. Bu bir təsadüfdür?
Ə.Ə: Qərbi Azərbaycanlıların bu və ya digər şəkildə təşkilatlanması prosesi həmişə gedib. İlk belə addımlardan biri 1989-cu il dekabrın 28-də Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaradılması ilə atılmışdır və bu il bu təşkilatın 30 illiyidir. Maraqlıdır ki, bu istiqamətdə son addımı da həmin təşkilat – Azərbaycan Qaçqınlar Cəmiyyəti atdı və bu dəfə Qərbi Azərbaycan İcması şəklində ortaya çıxdı. Qərbi Azərbaycan İcmasının meydana çıxmasının Əli İnsanovla heç bir bağlılığı yoxdur və ola da bilməz, biz bu təşkilatın hansı formada meydana çıxmasını son iki ildə sosial şəbəkələrdə soydaşlarımızla dəfələrlə müzakirə etmişik. Qərbi Azərbaycan İcması olaraq biz Azərbaycanın daxili siyasi proseslərində xalqımızın bu və ya digər regionundan məkrli məqsədlə istifadənin qəti əleyhinəyik. Azərbaycan hələ də müharibə vəziyyətindədir, bizə bu gün iqtisadi və siyasi cəhətdən güclü dövlət lazımdır, siyasi çəkişmələr və regional qarşıdurmalar yox. Vaxtilə Osmanlılarla Səfəviləri Çaldıran düzündə qarşı-qarşıya gətirən qüvvələrin bu gün Azərbaycanı regionların və millətlərin qarşıdurma meydanına çevirməsinə imkan vermək özümüzü və övladlarımızı edam kötüyünə sürükləmək, Qarabağın işğalını daha 30 il uzatmaq deməkdir. Elə bilirəm ki, Azərbaycan xalqı artıq qisas və qiyam püskürmək istəyən qüvvələri yerində oturdacaq qədər müdrikdir.
M: Əziz bəy, Stand TV və Edgünews olaraq, sizə fəaliyyətinizdə uğurlar arzulayırıq və müsahibə üçün təşəkkür edirik.

0/Şərhlər

Previous Post Next Post