Топ-100 MTV Azərbaycanın baş redaktoru: Mən heç zaman “manıslaşmadım”

MTV Azərbaycanın baş redaktoru: Mən heç zaman “manıslaşmadım”


Mintac Elsevər niyə bacısının 38 il əvvəlki köynəyini geyinir?...
MTV Azərbaycanın baş redaktoru "Edgunews"a danışdı

Mintac Əliyeva (Elsevər)
1975-ci ildə Qərbi Azərbaycanda doğulub.
Əmək fəaliyyətinə Ordu qəzetində başlayıb (1990-1991-ci illər)
1991-1996-cı illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” proqramında jurnalist kimi işləyib. Elə həmin televiziya kanalında "Kriminal Xronika” proqramının müəllifi və aparıcısı olub.
2000-2006-ci illərdə ANS Müstəqil Yayım və Media şirkətində  reportyor kimi çalışıb. "Cənnətdən qovulmuşlar" sənədli filminin müəllifi və aparıcısı olub.
2007-2014-cü illərdə Azərbaycan Dövlət Televiziyasında jurnalist, redaktor, Müəllif və Xüsusi Layihələr Departamentinin baş redaktor müavini vəzifələrində işləyib. Burada Azərbaycanının tanınmış və tarixi şəxsiyyətlərindən bəhs edən "Birincilər" və "Unudulmayanlar" telelayihələrinin müəllifi və aparıcısı olub. Layihə çərçivəsində 200-dən çox film çəkilib və efirdə yayımlanıb.
2016-2018-ci illərdə ARB Televiziyasında "Gəlin danışaq", "Düz bazar" və “Xalqın şairi” mədəni-sosial layihələrinin baş redaktoru kimi fəaliyyət göstərib.
Hazırda MTV Azərbaycan kanalının baş redaktorudur.

M: Müshibəyə razılıq üçün təçəkkür edirik. Necəsiniz?
M.E: Mən Təşəkkür edirəm. Özüm olmağa çalışıram.
M: İlk sualımız belədir, ədəbiyyat və incəsənətin toplum qarşısında hər hansı öhdəliyi varmı? Yoxsa deyildiyi kimi ədəbiyyat ədəbi mühit, incəsənət isə sənət üçündür?
M: Ədəbiyyatın topluma hər hansı təsiri ola bilər, amma öhdəliyi yoxdur. Fərd olaraq kimsə ciddi ədəbiyyatı,incəsənəti qəbul etməyə də bilər. Unutmayaq ki, hərənin bir yaşamışlığı var və bu həyat ağrı acılarla, sevinclərlə ilmələnib. Bütün bunlar istər-istəməz insan həyatına, onun dünyaya baxışına təsir göstərir və bu şəkildə ehtiva da edə bilir. Bu baxımdan bəli, ədəbiyyat, incəsənət konkret ünvana, mühitə xitab edir.
M: Onda belə çıxır ki, burada söhbət yaradıcının həyata baxışından, tamaşaçının, oxucunun zövqündən getməlidir. Belə olan halda zövq müxtəlifliyini qınamaq olarmı?
M.E: Sizinlə razıyam, zövqlər qınanmaz. Hər kəsin bir dərk səviyyəsi və buna uyğun baxışı vardır. Kimisə Döstayevskini sevməyə və ya anlamağa məcbur etmək olmaz və bu doğru da deyil. Əksi də doğrudur, yəni digərlərinin sevdiyini sənin qəbul etməyin şərt deyil. Bilirsiniz, bu şirini və ya acını sevməyən birisinə həmin təamı sevdirib yedizdirməyə bənzəyir. Yesə belə, ondan dad və ya zövq almayacaq. Zatən ciddi ədəbiyyat və incəsənət, eləcə də cərəyanlar öz varlıqlarını zövq müxtəlifliyinə borcludurlar.  Amma bütün bunlara rəğmən, təəssüflər olsun ki, yazılmamış qanunların, məcburiyyətlərin ədəbi mühitə sirayəti də hər dövrün gerçəkliyidir, və arzuolunmaz nəticələr doğurur.
M: Üzrlü hesab edin, o zaman çağdaş Azərbaycan ədəbiyyatı və incəsənətindəki “manıs”ların yeri haradır?
M.E: Bu sualınıza yuxarıda qismən cavab verdim. Heç kəsi qınamaq lazım deyil və kimsə kimsənin yerini tutmur. Zənnimcə, hər kəs öz yerindədir. Ümumiyyətlə isə hər şey pərdə bağlanana qədərdir. Unudulmalı olan unudulacaq. Sadəcə, bəhsi gedən ”manıs”lara televiziya efirlərində ölçüsüz imkanın verilməsi xoşagəlməz haldır. Başqa sözlə, toy-düyün ifaçıları və onların səsləndirdikləri bənzəri mahnılar elə şadlıq evlərində qalsa, daha doğru olar.  Amma nə etməli ki, bu qəbildən olan ifalar israrla efirlərə daşınır. Mövcud reallıqlarda isə buna qarşı mübarizə aparmaq mümkün deyil. Ən yaxşı halda demaqoq damğası vururlar. Ona görə bütün bunları dərkə, zövqə, zamana buraxmaq lazımdır.
M: Amma tv-lər toplumun aynasıdır. Dediklərinizdən belə çıxır ki, toplum “manıs”laşıb?
M.E: Sevilməyən yemək ikram olunduqda ya etiraz, ya da əsəb yaradacaq. Şəxsən mən manıslaşmadım. Bəyənmədiyim tv proqramlarına baxmıram. Digərinə baxıram, yoxdursa, söndürüb kitab oxuyuram, sevdiyim musiqini dinləyirəm.
M: Bunu Azərbaycan televiziya kanallarını baykota çağırmaq kimimi başa düşək?
M.E: Yox, kimsəni baykota çağırmıram. Baykot, üsyan, inqilabların da tərəfdarı deyiləm. Təlatümlər xəyal qırıqlığından başqa bir şey deyil. Çox sevdiyim Nazim Hikmətin də bir zamanlar inandığı nəsnələr vardı və israrla onun arxasınca gedirdi. Amma həyatı kimi qəribləşmiş inancı da torpağın altına gömülməklə nəticələndi. Elə həmin şimalın sərt şaxtasında donuq görüşü çilik-çilik oldu. İdeyalarının cəfəng və puç olduğunu ona başa saldı.
M: O zaman məsələy digər bir aspektdən baxaq. Nə hikmətdirsə, Azərbaycanın sərhədlərindən kənarda da bu "manıs"lar dinlənilir. Onların timsalında Azərbaycan tanınır, sevilir.
M.E: Burada dəhşətli heç nə yoxdur. Hər hansı hikmət də axtarmaq lazım deyil. Demək burda olduğu kimi, sərhədlərimizdən kənarda da “manıs”larla eyni qafa da olanlar var.
M: Hər nə qədər ədəbiyyat və incəsənətin məram və məqsədi başqa olsa da, amma milləti, dövləti, xalqçılığı, humanizmi və s. təbliğ və tərənnüm etməyə məhkumdur. Başqa sözlə, toplumun, yaxud ayrı-ayrı fərdlərin maraqlarının təcəssümü ilə məşğuldur. Məsələyə bu aspektdən yanaşsaq, çağdaş Azərbaycan ədəbiyyatından və incəsənətindən örnək göstərə biləcəyiniz əsərlər varmı?
M.E: Böyük təəssüflə sualınızı mənfi cavablandırmış olacam. Dövrünün Nizamisinin, Nəsimisinin, Füzulisinin, Zərdabisinin, Mirzə Cəlilnin, Üzeyir Hacıbəylisinin, Qara Qarayevinin, Fikrət Əmirovunun, Niyazisinin, Emin Sabitoğlusunun, Tofiq Quliyevinin, Cahagir Cahingirovunun fonunda çağdaşlar olaraq, çox solğun görünürük.  Lakin Vaqif Bayatlı Ödər, Rüstəm Behrudi, Ramiz Rövşən kimi müasirlərimizin, onların əsərlərinin adlarını çəkməmək də haqsızlıq olardı. Yenə də zövq məsələsinə qayıtmalı olacıq. Sadaladıqlarımı sevməyənlər də ola bilər. Dünya böyük, insanlar isə fərqli-fərqlidir.
M: Atalar və oğullar arasında daim çəkişmə olub. Bu baxımdan yeni nəsil yazarlarla yaşlı ədiblər arasındakı qarşıdurmaya təbii baxmaq olarmı?
M.E: Təbii. Zamanında onlarda da öncə gələnlərə qarşı münasibətdə bir bəyənməzlik ədası olub. Amma hər bir şey əndazəsində, qədərində gözəldir. Bilirsiniz, gənc yazarlar arasında nə qədər istedad var. Təəəsüf ki, bunlar arasında zamansız adını tarixə yazdırmaq istəyənlər, dahilik ünvanına təkbaşına sahiblənmək kimi ifrata yuvarlananlar var. Yanlış anlamayın, mən mütiliyin tərəfdarı deyiləm. Sadəcə, istənilən əsər öz pıçıltısında, sükutunda, ədəb-ərkanında daha səliqəli, daha gözəl olur. Mən artıq qəbul edir və anlayıram ki, ədəbiyyat və incəsənət çox zərif, bir o qədər də pünhan, hüznlü və hüzurlu bir aləmdir. Odur ki, bağırmaq, bağır yarmağa dəyməz.
M: Mövzunu bir qədər də dərinləşdirək. Sosioloqlar və tarixçilər hesab edir ki, mövcud formasiya və düzən aşınıb, yenisinə ehtiyac var. Mintac Elsevərə görə ədəbiyyat və incəsənət aləmində belə bir yeniliyə ehtiyac varmı?
M.E: Mintac Elsevərə görə dəyərli tarixçilərimiz və sosioloqlarımız çox da dərinə gedə bilməyəcəklər. Düşüncələrindəki yeni formasiya və ya korrekt düzən heç vaxt real olmayacaq. Bu baxımdan klassika öz hegomonluğunu qoruyub saxlamağa davam edir, hər nə qədər yeni innovasiya və texnologiyalar sürətlə inkişaf etsə də.
Sizə bəsit bir nümunə deyim, bu günlərdə gənc bir xanım əynində anasının 25 il əvvəl geyindiyi əlbisə ilə efirə çıxdı və böyük sevgi ilə tamaşaçılarına təqdim etdi. 25 il əvvəl nəfis bir şəkildə ərsəyə gəlmiş bu paltar bu gün də çox zövqlü, müasir və gözəl görünürdü. Elə mən özüm, bacımın 38 il əvvəlki köynəyini məmnuniyyətlə, sevə-sevə, geyinirəm. Qısacası, ədəbiyyat və incəsənətdəki, ümumiyyətlə, istənilən sahədəki yenilik azman, qocaman keçmişin üzərində pərvəriş tapır.
Bacımın 38 il əvvəl aldığı köynəyi geyinirəm...


M: Gözəllikdən söz düşmüşkən, bir qisim insan onu görməzdən gəlir. Zənnimizcə, burada bir qeyri-səmimilik var. Sizə görə bir kəlmədə gözəllik nədir, onun yaradıcı mühitdə yeri varmı?
M.E: Qəddardır!
M: Buna görə də bütün haqlardan və vəsfdən məhrum olmalıdır?
M.E: Qətiyyən, onun da öz aşiqi var. Dedik axı. Hər şey hamıya görə dəyişir.
M: Bəs sevgi? Füzuli 4 mərtəbə, 40 qapı fəlsəfəsini əsas götürərək, sevgini ilahi şah elan etdi. Amma sevgi dünyanı xilas edə bilmir. Bəlkə klassikaya bir bu qədər bağlılıq da doğru deyil?
M.E: Kimsəyə məlum deyil, Füzuli 40-cı qapını aça bildi, ya yox. Aça bildisə, ordakı öznə və nəsnəni dərk edə bildi, yoxsa əksinə... 
Sevginin ilahi şah olmasına gəlincə, Füzulinin durduğu məqam belə söyləməsinə əsas verdi. Fərqli adla tanıya biləcəyimiz bu hissi insanın vicdanı kimi də tanımlaya bilərik. Ondan ötədə duranlar ötəridir, nisbidir, dəyişəndir, bitəndir.
Bir də ki, kim deyir ki, sevgi dünyanı xilas edəcək. Əgər onun belə bir missiyası varsa belə, bu əbədi ilə dəyişənin mübarizəsi kimi davam edəcək.
Bütün bu dediklərim, təkcə klassikaya bağlı qalaq, anlamına gəlməməlidir. Demək istədiyim dəyərləri qorumağın, əndazədə qalmağın vacibliyindən başqa bir şey deyil.
M: Bəs Mintac Elsevər yaradıcılıq fəaliyyətində nə edir, yaxud nə etmək istəyir, amma olmur?
M.E: Təssüf ki, tam bir durğunluq və yorğunluq dayanacağındayam. Düşüncələrim, hisslərim qalaqlanıb qalıb. Ümid edirəm, ötəri bir durumdur. Bəzən yuxularımda misralar, sətirlər görürəm. Tez durub qeyd edirəm, amma hmısı yrımçıq qalır...
M: Maraqlı söhbət üçün təşəkkür edirik. Bəlkə topluma bir ismarıcınız var?
M.E: Mən sizə təşəkkür edirəm. Topluma gəlincə, demək istəyirəm ki,  əgər kimsə bir başqasına qarşı oyun oynayırsa, dayandırsın. Çünki bütün oyunlarda həlledici əl Tanrıya məxsusdur. Bu qüdrətli əl açıq qapını bağlasa, bir daha açilmaya bilər...


0/Şərhlər

Previous Post Next Post