Топ-100 Heydər xalq dedi, Xalq H.Ə.

Heydər xalq dedi, Xalq H.Ə.


Bu gün Azərbaycan xalqının milli Lideri Heydər Əliyevin doğum günüdür. Ruhu şad olsun!
Heydər xalq dedi, Xalq H.Ə.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il, may ayının 10-da Naxçıvanda dəmiryolçu ailəsində dünyaya göz açmışdır.O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır.Lakin İkinci dünya müharibəsi ona təhsilini bitirməyə imkan verməmişdir.
1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə çalışmışdır.
1944-cü ildə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.

1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Dövlət təhlükəsizliyi orqanlarında 25 il çalışan Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi komitəsinin sədr müavini olmuş,1967-ci ildə isə bu qurumun sədri vəzifəsinə gətirilmişdir.Və ona həmin il general-mayor rütbəsi verilmişdir.

O, 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilərək,1982-ci ilə qədər Azərbaycan SSR-a rəhbərlik etmişdir.

Daha sonra Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilmiş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin  öndə gələn rəhbərlərindən olmuşdur.
1987-ci ildə Sovet İttifaqı KP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa etmişdir.
Heydər Əliyev 1990-ci ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1993-cu ilin may və iyun aylarında Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Əliyevə qarşı qiyam başlamış, ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdır.Bu hadisələrə Azərbaycan xalqı səssiz qalmamış və Heydər Əliyevin hakimiyyətə gətirilməsi üçün ayağa qalxmışdır.
Nəhayət 1993-cü ilin oktyabr ayında ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.Görkəmli ictimai-siyasi xadim müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də bir sıra uğurlara imza atmışdır.Ən mühüm addımlarından biri kimi 1994-cü ilin sentyabr ayının 20-də imzalanan “Əsrin Müqaviləsi” sövdələşməsi olmuşdur.
Bu müqavilə  “Azəri”, “Çıraq” yataqlarının birgə işlənilməsi üçün Azərbaycan respublikası ilə beynəlxalq konsorsiuma daxil olan dünyanın 11 şirkəti arasında bağlanmışdır.

Konstitusiyanın qəbul edilməsi,çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi,Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması və ölüm cəzasının ləğv olunması Heydər Əliyevin adı ilə bağlıdır. Onun ölkəmiz üçün yaratdığı əvəzsiz dəyərləri sadalamaqla bitməz.Təsadüf deyildir ki, dahi lider Azərbaycan xalqı qarşısında göstərdiyi fədakar əməyinin qarşılığı olaraq bir çox mükafatlara layiq görülmüşdür.
Ulu öndər 2003-cü il, dekabr ayının 12-də müalicə aldığı ABŞ-ın Klivlend Klinikasında vəfat etmişdir.Dekabr ayının 15-i Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.

Hazırda onun yolunda layiqli davamçıları Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və birinci xanım, birinci vitse-prezident Mehriban Əliyeva inamla irəliləməkdədirlər.


0/Şərhlər

Previous Post Next Post