Məlum
olduğu kimi Erciyez Universitetinin professoru Qafar Çaxmaqlı Türkiyədə Mühacir
Qərbi Azərbaycan (İrəvan) hökumətinin qurulduğunu elan edib. Bu bəyanat cəmiyyət
tərəfindən birmənalı qarşılanmayıb. Fərqli fikirlər, fərqli mövqelər səslənməkdədir.
“Edgunews” bizim ekspert Şahin Əlioğluna müraciət edərək, məsələni mərcək altına
aldı.
Mühacirətdə
Qərbi Azərbaycan (İrəvan) hökumətinin təsis edilməsi ilə bağlı əsas fikir
ayrılığı bu hökumətin elan olunma yeri, zamanı və Beynəlxalq hüquqla
uyuşmazlığı məsələlərindədir. Lakin bu qəbildən olan haqlı iradlarla yanaşı, fərqli-fərqli
provokativ fikirlər də səslənməkdədir.
İlk öncə
ondan başlayaq ki, həqiqətən, hökumətin elan edilməsində bir tələsgənlik
müşahidə olunmaqdadır. Bu mənada Millət Vəkili Əziz Ələkbərliyə haqq qazandırmamaq
olmur. Onu rahatsız edən iradlar ilə yanaşı, bizə də qaranlıq qalan başqa məqamlar var.
Məsələn, bu dövlərin idarəetmə, quruluş və siyasi rejim kimi dövlət formalarına aydınlıq gətirilməyib.
Digər tərəfdən,
əgər hökumət varsa, dövlət də var. Bu dövlət ya BMT tərəfindən tanınan dövlətlər
sırasına daxil olmalıdır, ya da müstəqilliyi tanınmayan qurumların üzv olduğu təşkilatda
təmsil olunmalıdır. Orada isə tanınmamış Dağlıq Qarabağ “Respublika”sı var. Belə
olan təqdirdə nə kimi addımlar atılacaq, məlum deyil. Bu kimi başqa örnəklər də
var.
Bununla
belə, Əziz Ələkbərli iradlarında nə qədər haqlıdırsa, bir sıra
davranışlarında da bir o qədər xətalıdır.
Belə ki, bir tərfdən
Qərbi Azərbaycan hökumətinin məsləhətləşmədən elan olduğunu söyləyib, başqa bir
yandan da Mühacirətdəki İrəvan hökumətini atəşə tutanları öz statusunda paylaşıb
hər kəsə haqlı olduğunu sübut etməyə çalışması təqdirəlayiq hal deyil.
Gələk mətləb üzərinə.
İlk ondan
başlayaq ki, mütəxəssislər müstəqilliyin bəyanı üçün Beynəlxalq hüquqdan irəli
gələn üç əsas amilin vacibliyini səsləndirirlər. Bu amillərə xalq, ərazi, daha
sonra hökumətin var olması kimi mühüm faktorları daxil edirlər.
Əslində isə
burada dördüncü bir amil də var. Bu da çox zaman diqqətə almadığımız suverenlik
əsasında digər dövlətlərlə münasibət qurma qabiliyyətidir.
Bu mənada
hər səslənən fikri öz statusunda paylaşıb, bir qaşıq suda fırtına qoparmağa hacət yoxdur.
Bu
dördüncü amil, əslində Beynəlxalq hüquqla məharətlə oynmağı bacaranlar üçündür.
Beynəlxalq
hüquq hər nə qədər seperatizmi dəstəkləməsə də, onun sesessiya proseslərini və
bu şəkildə yeni dövlətlərin yaranmasını qadağan edən normaları yoxdur.
Acınacaqlı
olsa da, etiraf etməliyik ki, Azərbaycan Qarabağ məsələsində bu amili diqqətdən qaçırdığına görə indi bu problem Qordi düyününə çevirilib və hamı bu düyünü kəsəcək İskəndəri axtarır.
Halbuki o zaman ermənilər hətta SSRİ Konstitusiyasını Beynəlxalq hüququn tanıdığı bu 4-cü amillə dəlmə-deşik
etmişdilər.
Yəqin Aqil
Abbaslar o zaman da ermənilərə gülürdülər. Ermənilər isə bəsirətsiz Azərbaycan
ziyalılarına gülürdülər. Nəticədə Azərbaycan bütün dünyada rüsvay oldu. Bu yerdə
bir Qərbi Azərbaycan məsəli yada düşür: Hamı gülür Məsimə, Məsim də itin təsinə”.
Qayıdaq mətləb
üzərinə.
SSRİ
konstitusiyasının 28-ci maddəsinə görə muxtar vilayətlərlə, diyarlarla və s.
yaranmış problemlər və bu problemlərin həlli bir başa müttəfiq respublikaların
səlahiyyətinə aid məsələ idi. Lakin ermənilər Beynəlxalq hüquqda təsbitini tapmış " xalqların öz müqəddaratını təyenetmə prinsipi"nə əsaslanaraq, Dağlıq Qarabağ məsələsini SSRİ Ali Sovetinin
gündəminə daşıdılar. Digər tərəfdən isə bu prinsipin işlək olması üçün Beynəlxalq hüquqda nəzərdə
tutulan insan haqlarının ciddi şəkildə pozulması, zülm, işgəncə “faktları” formalaşdırmağa
başladılar. Sumqayıt hadisələri bu məqsədlə hazırlanmış bir oyun idi.
Qısacası,
indiki halda Qərbi Azərbaycanlılar bəhsi gedən 4-cü amildən fərqli şəkildə
yararlana bilərlər. Amma ermənisayağı aktlarla deyil. Onsuz da əldə tutarlı
zülm faktları, ata-baba yurdundan didərgin düşmüş əhalinin acı taleyi var.
Bunun üçün isə Beynəlxalq hüququ mükəmməl bilən peşəkarlara ehtiyac var. Məhz
peşəkarlara. Belə ki, Beynəlxalq hüquq üzrə mütəxəss fəaliyyətini həmin hüquq çərçivəsində,
bəlli şablonlar içərisində quracaq. Lakin bu sahənin peşəkarı isə bəhsi gedən çərçivə,
şablonları belə rahatlıla dağıtmağı bacaracaq.
Unutmayaq ki, Beynəlxalq məhkəmə müstəqillik
aktları ilə bağlı problemləri, ümumiyyətlə, çox vaxt ”səlahiyyətində olmayan məsələ”
kimi qiymətləndirir. Kosovanın timsalında belə bir nümunəni gördük. Məsələyə yenidən baxılması üçün Birləşmiş Millətlər Təşkilatına geri göndərmişdi.
Amma didərgin
düşmüş əhalinin taleyi ilə bağlı Beynəlxalq məhkəmənin qərar çıxarması qaçınılmazdır.
Bu mənada, Beynəlxalq hüquqa öz istiqamətində dəyər vermək doğrudur.
Hökumətin başqa dövlətin ərazisində elan edilməsi nümunəsinə gəlincə, Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) hökuməti üçün 1918-ci il may
ayının 28-də AXC-nin Tiflisdə öz müstəqilliyini bəyan etməsini örnək göstərmək doğru deyil.
AXC Qərbi Azərbaycan hökuməti üçün president ola bilməz. Ən
azı ona görə ki, AXC öz müstəqilliyini elan etdiyi zaman Cənubi Qafqaz
Federasiyasının tərkibində idi. Bu Federasiyanın seymi isə Tiflisdə yerləşirdi.
AXC-nin Tiflisdə öz müstəqilliyini elan etməsi, Baltikyanı respublikaların SSRİ
tərkibində öz müstəqilliyini elan etməsi ilə eyniləşdirilə bilər.
Qısacası,
Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) hökumətinin elan edilməsində gülünc heç nə
yoxdur. Sadəcə, bu işin mərhələli gedişatı var.
İlk mərhələdə həm Əziz Ələkbərlinin, həm
də Qafar Çaxmaqlının atacağı addımlar var. Birinci olaraq, ətəklərindəki daşı töküb, ortaq fəaliyyət göstərmək istiqamətində düşünməlidirlər. Mahiyyət üzrə isə başlanğıcda Qərbi
Azərbaycan məsələsinə tarixi aspektdən yanaşılmalıdır. Daha sonra siyasi və hüquqi məsələlər həll edilməlidir.
Tarixi baxımdan görüləcək ən ümdə işlər sırasına əhalinin demografik vəziyyətinin və həmin dövrdəki sərhədlərin araşdırılmasıdır. Çar Rusiyası vaxtından günümüzə qədər, hər dönəmə, arxiv sənədləri əsasında aydınlıq gətirilməlidir, bir növ, Beynəlxalq mərhələyə hazırlıq görülməlidir, yəni strateji planlama olmalıdır.
İkinci ciddi addım kimi hazırda Qərbi Azərbaycan əhalisinin
icmalar şəklində təşkilatlanmasını təmin etməkdir. Gördüyümüz qədər ilə hər iki
istiqamətdə işlər gedir. Bu da olduqca sevindiricidır. Bu və bənzər qəbildən
olan işlər həyata keçirildikdən sonra məsələnin Beynəlxalq müstəviyə
daşınması prosesi başlamalıdır.
Gələk , provokatif
fikirlərə.
Mühacirətdə
Qərbi Azərbaycan (İrəvan) hökumətinin elan olunmsından bu yana sərgilənən fərqli
sağlam düşüncələrlə yanaşı, provokativ yazılar da peyda olmağa başlayıb.
Bunlardan ən dəhşətlisi isə guya zamanında AXC-nin İrəvana göstərdiyi münasibəti,
indi Qərbi Azərbaycanın şərq bölgəsi qərb bölgəsinə tətbiq edir. Məhz buna görə Qərbi
Azərbaycanın qərb bölgəsinin təmsilçiləri Türkiyədə Mühacir hökumət qurmaq qərarına
gəliblər.
Bir kərə, belə təxribatçı fikirləri səsləndirənlərin təbii ki, tarixi Azərbaycan və ümumtürk
konsepsiyasından xəbərləri yoxdur. Lakin burada rahatsızlıq yaradan başqa məqamlar var.
Diqqətlə incələdikdə, belə söz-söhbəti yayanların ya FETO
bağlantılı insanlardan, ya da bir zamanlar “milyarderlər ittifaqı”na rəğbət bəsləyənlərdən ibarət olduğunu görmək mümkündür.
Son
zamanlar FETO-çuların yenidən aktivləşməsi ilə bağlı mətbuatda gedən yazıları da diqqətə alsaq, vəziyyətin ciddi olduğuna şübhə qalmır.
Ad çəkmək
fikrində deyilik, sadəcə, Qərbi Azərbaycanla bağlı mətbuatda dərc olunan məqalələri,
“Facebook”dakı statuslara yazılan şərhləri təhlil etmək kifayətdir.
Azərbaycan bütöv olduğu kimi Qərbi Azərbaycan da
bu bütövün tam parçasıdır. İnanırıq ki, həyatın hər dürlü çətinliklərini,
amansızlıqlarını görmüş bu bölgənin insanları, onların arasına nifaq toxumu səpmək
istəyənlərin, bu bölgəni parçalamaq niyətinə düşənlərin həvəslərini qursaqlarında
boğacaqlar...
Çıxış yolu
nədədir?
Fərqli
fikirdə olmaq, düşmənçilik etmək mənası verməməlidir. Əksinə, düşüncə müxtəlifliyi
ümumi işin nəfinədir. Məhz bu şəkildə qızıl ortanı tapmaq mümkün olur. Digər tərəfdən belə bir fərqliləşmə
insanlarımızın siyasi mövqeyi ilə də əlaqədar ola bilər və buna təbii
baxılmalıdır.
Müxalif cəbhədən
çıxış edənlər kimi, iqtidar yanında olanlar da var. Təbii ki, müxalifət hökumətdən
müstəqil şəkildə fəaliyyət göstərmək arzusunda olacaq. İqtidar isə qurumları öz
nəzarətində saxlamağa çalışacaq. Önəmli olan, çəkici eyni zindana vurmaqdır. Əlalxüsus,
Beynəlxalq platformalarda vahid mövqedən çıxış etməyi bacarmaqdır.
Bununla
belə Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) hökuməti ətrafında yaranmış mövcud vəziyyətlə
əlaqədar konkret addımların atılması da vacibdir.
Mövcud anlaşılmazlıqların
aradan qaldırılması üçün Əlaqələndirmə Şurasının yaradılması bir çıxış yolu ola bilər.
Şuraya özünün və sözünün ağırlığı olan insanlar cəlb edilməlidir. Əgər tərəflərin
niyəti, həqiqətən, Qərbi Azərbaycan uğrunda mübarizədirsə, bu və bənzər
addımlarla vəziyyəti ümumi işin xeyrinə dəyişə bilərlər. Digər halda, səmimiyyətsizlikləri
ilə Qərbi Azərbaycan ocağının bir dəfəlik sönməsinə səbəb olacaqlar...
Şahin Əlioğlu
Post a Comment