Топ-100 Əziz Ələkbərli: Mənim mövqeyim niyə kimisə qıcıqlandırır?

Əziz Ələkbərli: Mənim mövqeyim niyə kimisə qıcıqlandırır?


Qərbi Azərbaycan
Məlum olduğu kimi bügünlərdə Erciyez Universitetinin azərbaycanlı professoru Qafar Çaxmaqlı Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) hökumətinin qurulduğunu bəyan etmişdi. Azərbaycan toplumu bu bəyanatı birmənalı qarşılamamışdır. Qafar Çaxmaqlı da “Edgunews”a verdiyi müsahibsinədə fərqli mövqedə olanlardan şikayət etmişdi. Biz isə öz tərəfimizdən oxucularımıza söz vermişdik ki, məsələyə aydınlıq gətirmək üçün digər  fikirləri də yayımlayacağıq. Bu gün Millət vəkili, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli ilə müsahibəni təqdim edirik.

-Konkret sual, niyə Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) hökumətinin yaranmasına qarşısınız?
--Sualı yanlış qoyursunuz və kimlərəsə məqsədli şəkildə mənim məsələyə münasibətimi təhrif etməyə çalışır. Mən bu ölkədə o insanlardanam ki, bütün elmi, ictimai-siyasi fəaliyyətimi Qərbi Azərbaycan məsələsinə, Qərbi Azərbaycan uğrunda mübarizəyə həsr etmişəm. Bundan sonra da bu, dəyişməyəcək. Və mən bu sahədə tək deyiləm, ölkədə onlarla, yüzlərlə belə ziyalılarımız, alimlərimiz, ictimai-siyasi xadimlərimiz və sıravi vətəndaşlarımız var. Hər kəs öz ölçüsündə, öz səviyyəsində nələrsə etməyə çalışıb və bu illər ərzində bu istiqamətdə az iş də görməyiblər. Qərbi Azərbaycan məsələsi bu illərdə məhz bu vətənpərvər insanların çiyini üzərində günümüzə qədər gəlib çıxıb. Amma bəziləri belə fikir formalaşdırmağa çalışır ki, guya Əziz Ələkbərli Qərbi Azərbaycan uğrunda mübarizənin, bu məqsədlə Mühacirət hökuməti yaratmağın əleyhinədir. Göstərin mənə belə bir sübut. Əgər bu gün bu hökuməti yaradanlar mənim kimi ömrünü bu ideyaya həsr edənləri bu yolla çıxdaş eləmək istəyirlərsə, deməli, mən bu gün bu Hökumətin bu şəkildə yaradılması ilə bağlı şübhələrimdə tamamilə haqlıyam. 
  -Poblem nədir? Nədən şübhələnirsiniz?
-Məni rahatsız edən bu müsbət ideyanın gerçəkləşdirilməsi forması və zamanıdır.
-Mümkünsə, fikrlərinizə bir qədər aydınlıq gətirin...
-Rahtsızam, çünki Qərbi Azərbaycan mövzusu yenidən siyasi alver predmetinə çevrilə bilər.
Rahatsızlığım əsassız deyil. Çünki Qərbi Azərbaycan hökümətinin qurulmasına altıncı dəfə cəhd edilir. Allah eləsin, mən yanılım. Amma rahatsızlığımı dilləndirməm üçün mənim də kifayət qədər əsaslarım var:
Birincisi, hökumət müzakirəsiz, ictimaiyyətdən xəbərsiz, tələm-tələsik elan olunmur.
Halbuki telekonfransdan bir neçə gün əvvəl, bəyannamənin mətnini mənə göstərəndə demişdim ki, mütləq yığılıb müzakirə etmək lazımdır. Bəyannamənin tələm-tələsik hazırlandığı o dəqiqə görünürdü. Təsadüfi deyildir ki, daha sonra mətnə xeyli düzəlişlər, dəyişikliklər etdilər.
İkincisi, Qərbi Azərbaycanın bölgələri, tanınmış şəxsiyyətləri təmsil olunmadan qəfildən hökumət elan edilməsini normal saymıram.
Üçüncüsü, Təşəbbüs qurupu üzvlərinin videokonfrans zamanı bu yayıma təsadüfən qoşulanlardan təşkil olunmasını normal saymıram. Bu məhəllə komandası deyil. Biz hökumət qururuq. Belə bir ciddi məsələyə bu qədər qeyri-ciddi yanaşmanı da normal saymıram.
-Dördüncüsü, hökumətin elan olunma zamanıdır.
-Lüütfən, bu zaman məsələsinə bir aydınlıq gətirin...
-Bu gün ölkədə ciddi şəkildə kadr və struktur islahatları gedir. Anti-korrupsiya əməliyyatları həyata keçirilir. Başqa sözlə, Azərbaycan öz tarixinin çox həssas dönəmini yaşayır. Bütün korrupsioner struktur və məmurlar tikan üstədir. Gündəmi dəyişmək üçün hər vasitəyə əl atırlar. Təki, diqqət onlardan yayınsın. İfşa edilən xəyanətkar dördüncü və beşinci kolon nümayəndələrinin vurnuxmasını da bura əlavə etsək, zənnimcə, mənzərə tam aydın olar. Belə bir zamanda tələm-tələsik hökumət elan etməyə nə hacət var idi. Sizcə, bu rahatsızlıq yaratmamalıdırmı?
-Deyirsiniz qaragüruh qüvvələr bundan istifadə edə bilər?
-Tək bu deyil. Digər raharsızlıq doğuran məsələ, hökumətin qərargahının Azərbaycanda deyil, qonşu dövlətdə yerləşməsi ideyasıdır.
Qərbi Azərbaycan qaçqınları, Qərbi Azərbaycan kökənli insanların böyük əksəriyyəti Azərbaycanda yaşadığı halda, niyə bu hökumət başqa dövlət ərazisində fəaliyyət göstərməlidir. Zənnimcə, bu, həmin qurumun gələcəkdə Azərbaycanın nəzarətindən kənar qalmasına hesablanmış bir addımdır.
Növbəti rahatsızlığım, mühacir hökumət elan edilər-edilməz xarici ölkələrdəki imkanlı şəxslərə maliyyə vəsaiti üçün müraciət olunmasınadır, Azərbaycan hökumətindən maliyyə asılılığından qurtatmaq çağrışlarınadır. Bunun arxasında nəyin gizləndiyini artıq özünüz düşünün.
İndi mən soruşuram, illərini Qərbi Aərbaycan uğrunda mübarizəyə həsr etmiş bir insan kimi, eləcə də Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının rəhbəri kimi mənim belə bir rahatsızlığa haqqım yoxdurmu? Bu niyə kimisə qıcıqlandırır?
-O zaman Qərbi Azərbaycan uğrunda mübarizə düşüncələrinizdə hər hansı bir dəyişiklik yoxdur.
-Mübarizə davam edir. Amma biz kimlərinsə Qərbi Azərbaycan məsələsini siyasi alver vasitəsi kimi istifadə etməsinə də imkan verməyəcəyik. Əgər yaradılan bu qurum Azərbaycan dövlətinin və xalqının maraqlarına cavab verəcəksə, bizdən də dəstək görəcək. Başqa niyyət güdənlər isə qulaqlarını açıb dinləsinlər: bizim bütün fəaliyyətimiz Azərbaycan dövlətinin daha da güclənməsinə, Azərbaycan hökumətinin daha da möhkəmlənməsinə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına, Qarabağın azad edilməsinə yönəlib.
Qərbi Azərbaycan uğrunda mübarizəmiz Azərbaycan dövləti və hakimiyyəti güclü olduğu təqdirdə uğur qazana bilər.
-Yaxşı, siz bu məsələni necə həll etməyi düşünürsünüz?
-Şəxsən mənim və bizim icmanın bu məsələdə mövqeyi belədir, bu gün bizim bir dövlətimiz var-Azərbaycan. Bütün gücümüzü Azərbaycan dövlətinin güclənməsinə, onun qarşısında duran problemlərin, ən əsası Qarabağ məsələsinin həll olunmasına sərf etməliyik.
İndiki halda isə Qərbi Azərbaycan üçün muxtariyyat tələbi qoymaqla, bu bölgədən olan qaçqınlarımızın geri dönüşünü təmin etməyə çalışmalıyıq. Bizə görə ən real və düzgün addım budur. Qərbi Azərbaycan icmasını da elə bu məqsədlə qurmuşuq. Qısacası, Qarabağ ermənilərinə Azərbaycanda veriləcək status səviyyəsində Ermənistanın Zəngəzur, Dərələyəz, Göyçə ərazisində azərbaycanlılara bənzər status tanınmalıdır.Azərbaycanlı qaçqınlar Ermənistana geri dönməli və burada bütün hökumət strukturlarında fəaliyyət göstərməlidirlər. Digər məsələr isə zamanla həll edilə bilər.
-Necə düşünürsünüz, ortaq nöqtəyə gələ biləcəksiniz, yoxsa parçalanma labüddür?
-Əgər söhbət həqiqətən Qərbi Azərbaycan uğrunda mübarizədən gedirsə, burada ortaq məsələyə gəlməyə ehtiyac yoxdur, zatən ortaq nöqtədəyik. Yox, əgər bu məsələnin arxasında başqa niyyətlər varsa, onda bu məsələnin ortaq nöqtəsi yoxdur. Olmayan nöqtəyə gəlinməz.
Parçalanma fikri ilə də razı deyiləm. Çünki parçalanmaq üçün bütövləşmək lazımdır. Bütövləşmək üçün Qərbi Azərbaycanın kənd, rayon və digər inzibati vahidlərini icmalar şəklində bərpa etməyə çalışırırq. Xeyli zamandır, bu istiqmətdə fəaliyyət göstəririk. Bizə görə bu daha düzgün yoldur.

0/Şərhlər

Previous Post Next Post