Bu günlərdə Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca
yeni bir hesabatla çıxış edərək, Covid-19 virusuna yoluxanların sayının iki gün
əvvəl 786 və 867 nəfər olduğu halda, iyunun 4-də bu sayının yenidən 988-ə
çatdığını bildirmişdi.
Elə həmin gün Daxili İşlər Naziri Süleyman Soylu bu hesabatı əsas götürərək, həftəsonunun
karantin olacağını elan etdi. Yəni əhaliyə küçəyə çıxmaq yenidən
qadağan olundu.
Halbuki iyunun 1-dən Türkiyədə qadağalar xeyli
yumşaldılmışdı. Həyat yavaş-yavaş öz axarına dönürdü. Uşaqların sevinc səsləri
parkları, həyətləri bəzəməyə, insanların üzləri gülməyə başlamışdı.
Təbii olaraq, belə bir qərarın yenidən icraata
qoyulması insanların tədirginliyinə səbəb oldu.
Lakin qəfil və gözlənilməz, bir
o qədər də təqdirəşayan addım Cümhurbaşkanı Recep Tayyip Erdoğandan tərəfindən gəldi.
İyun ayının 5-də Erdoğan Daxili İşlər Nazirinin bəhsi
gedən qərarını ləğv etdi. Onun çıxışında sanki bu addımın insanlara qarşı bir
haqsızlıq olduğu qənaəti sezilirdi. Bununla yanaşı dövlət başçısı vətəndaşlardan
ehtiyatlı olmağı rica etməyi də unutmadı.
Görünən budur ki, Türkiyə prezidenti Erdoğan da ya bu
koronavirus oyununun mahiyyətinə varmış, ya onun özü ilə gətirəbiləcəyi
sosial-siyasi təhlükələri sezmiş, ya da bundan sonra koronavirus üzərindən artıq
siyasət yürütməyə ehtiyac olmadığı qənaətinə gəlmişdir.
Azərbaycanda
isə indi-indi həftəsonlarının qadağan edilməsinə başlanılıb.
Koronavirus və “kopi-past”
Ümumiyyətlə,
koronavirus psixozu dönəmində bir sıra heyrətamiz və komik hallar müşahidə edildi.
Bunlardan biri də dövlətlərin bir-birindən Covid-19 virusuna qarşı atılan
addımları "kopi-past" etmələri idi.
Məsələn, vaqenin başlarında əgər Türkiyə Azərbaycandan
bir sıra tədbirləri mənimsəmişdisə, son zamanlarda əks proses getməyə başlayıb.
Yəni Azərbaycanda həyata keçirilən həftəsonu qadağaları Türkiyədən transfer
olunur. Onu da unutmayaq ki, bu Türkiyəyə xas bir "çarə tədbiri" də
deyil. Avropanın bir sıra ölkələri bu mərhələlərdən keçiblər və ya keçməkdədirlər.
Deyilə bilər ki, burada pis nə var, sınaqdan uğurla
çıxmış addım kimi tətbiq olunur.
Məsələ burasındadır ki, bütün ölkələrdə bu tədbirlər
koronavirusa qarşı deyil, insanları inandırmaq məqsədilə tətbiq olunduğu üçün
gülməli görünür.
Məsələn, əgər həftəsonunda qadağalar tətbiq etmək
lazımdırsa, virusun ekstensiv yayılması barədə statistika dövriyəyə buraxılır və
ardınca sərt tədbirlər gəlir. Özlərinə mətbuat orqanı və ya işçisi adı verən bir sıra
qaragüruh isə bu rəqəmlərdən bərk-bərk yapışaraq koronavirus barəsində səsləndirdikləri
fikirlərində nə qədər haqlı olduqlarını sübut etməyə çalışırlar. Bu vaqeyə soyuqqanlı
münasibət göstərən insanları, hətta, bütövlükdə cəmiyyəti aşağılamağa belə cürət
edirlər. Düşünürük ki, zaman hər şeyi yerinə qoyacaq. Necə deyərlər, haqq nazilər,
amma üzülməz!
Biz dünən
də vardıq, bu gün də varıq. Yolxucu viruslar da bizimlə bərabər olublar, olacaqlar.
Amma insanoğlu yaşamağa daim davam edəcək.
Post a Comment