Топ-100 Fəxarətdən xəcalətə gedən yol

Fəxarətdən xəcalətə gedən yol


yaxud Bambino provokasiyanın olacağını haradan bilirdi?..
Bakı hadisələri ŞahinƏlioğlunun mərcəyində

Cəbhədə verdiyimiz itkilərin xalqı çilədən çıxarması təbii idi. Təbii olmayan isə yenə də pərdə arxasında cərəyan edən oyunlar idi.
Sözün düzü, Facebook-da Əli Kərimovun iqtidarla bir cəbhədə ümumi düşmənə qarşı səf tutacaqları bəyanatını oxuyanda həm təəccüb etdim, həm də içimdə buruq bir sevinc inanmaq istədim. Amma...
...amma altıncı hissim yenə məni aldatmadı.
İlk öncə onu deyim ki, hazırda Türkiyədə yaşasam da İnstagaram, Facebook, Odnoklassnik kimi sosial şəbəkələr üzərindən paylaşılan canlı yayımlar vasitəsi ilə hadisələri izləmək imkanım oldu.
Qətiyyətlə deyə bilərəm, saat 24:00 qədər ermənilər Bakı izdihamından ciddi xofda idilər. Hətta Odnoklassnik-də Vahan Arakelov və niki "Mer Zinvor", (ermənicə bizim əsgər deməkdir) olan iki erməni arasında ciddi mübahisə də düşmüşdü. Vahan Azərbaycanlılar haqlıdır, Ermənistanın bu mövqeyi onu Beynəlxalq aləmdə tək buraxıb, xalq yorulub, rusvay olmuşuq kimi mesajlarla həmyerlisinə qarşı əməlli-başlı cəbhə almışdı.
Təxminən, 20-25 dəqiqə sonra, yəni gecə, saat birə doğru "Bambino" nikli birisi Arsenə gülüş smaylikləri ilə indicə komediya başlayacaq, görəcik, kim rusvay olur, şəklində bir cavab yazdı.
Doğurdan da bir qədər sonra sehirli dəyənək işə düşdü.
Bu ərəfələrdə, yəni gecə saat 12-1 arası Facebookda diqqətimi  özlərini millət fədaisi kimi qələmə verən insanların " şəhidlər xiyabanına axın edin, ora daha yaxındır" şəkilində kodlu paylaşmaları cəlb etdi. İlk öncə məna verə bilmədim. Sandım ki, yaşadıqları mənzilə yaxınlıq nəzərdə tutulur. Sonra anladım ki, əslində Milli Məclis nəzərdə tutulurmuş. Bu arada parlamentin qapılarının da əhalinin üzünə bir bu qədər taybatay açılması insanı düşünməyə vadar edir. İşin içində qara əməllər olduğuna şübhə yeri buraxmır. Demək, yenə də birilərinin xalqın ülvi istək və tələbləri üzərindən faydalanmaq arzusu nəşət etmiş.
Burada ən qəribə olan şey FETO-çuların açıq-aşkar hücuma keçməsi idi.
Azərbaycanda özünü Beynəlxalq məsələlər üzrə ekspert kimi tanıdan və hər fürsətdə xalqı, milləti qoyun, kolxoz kimi ifadələrlə aşağılayan FETO aktivisti niyəsə bu ərəfədə millət sevdalısı olmuşdu.Tərif üstünə tərifl yazır, yönləndirmələr edirdi.
Digərlərinin də bənzər əməlləri sayəsində ortalıq qızışmağa başladı. Nəticədə qəfildən şəhid generalın haralı və ya meydanlara axışanların yalnız Qarabağlılar olması, daha sonra Azadlıq meydanını tutmaq, 28 illik əsarətə son vermək və s. barədə təxribat xarakterli mesajlar yağmağa başladı...
Bir söz, müxalifətin qeyri-səmimiliyini üzə çıxaran çağrışları və FETO-çuların təxribat xarakterli paylaşmaları durumu yavaş-yavaş öz məcrasından çıxartdı. Axı necə ola bilər ki, xalqla birgə, iç-içə, Qarabağ!-deyə hayqıran polis birdən qarşı cəbhə tutsun? Əgər yalan söylədiyimi iddia edənlər varsa, buyursunlar, aşağıdakı videoya baxa bilərlər. Xalqla birgə irəlilyib, Qarabağ!-qışqıran polislərimizin görünrüsü:
Belə olan təqdirdə sualın cavabı çox sadədir.
Azərbaycan polisinə, Azərbaycan hakimiyyətinə, bunlar ermənidir!-deyənlər, əslində özləri fərqinə varmadan, bəlkə də bilərəkdən erməni zurnasına oynadılar.
Bu arada iqtidar da aydan arı, sudan duru deyil.
Əvvala, İlham Əliyevin komandası xalqın prezidentinə olan dəstəyinin dünən qarşısını süni yollarla aldı. Prezidentin ətrafı, deyəsən, yenə hörümçək toru kimi hörülür. Halbuki ciddi kadr islahatlarına başlamışdı. Bəlkə də bundan sonra xarici ölkələrin Azərbaycandakı agenturası üzərinə gedəcəkdi. Unutmayaq ki, Qarabağ məsələsinin həllində bəhsi gedən mövzular mühüm əhəmiyyət kəsb edir. Amma, deyəsən, olmayacaq!
Təəssüf!!!
Bunca zaman sonra Qarabağ ətrafındakı birliyimizə yenə zərbə vuruldu!..
Bəs iqtidarı belə bir yanlışa sürükləyən nə ola bilər?
 Zənnimcə:
1. Qəsdən ola bilər, prezidentlə xalqın arasını açıb, yenə də onu özlərindən asılı vəziyyətə salmaq istəyi;
2. Təhlükəsizlik məsələləri üzrə köməkçisinin polis olması və çözümü polis üsulunda görməsi:
3. Rusiyanın basqısı altında ermənilərlə müharibəyə getməyəcəkləri üçün böyüyən etiraz səslərini zamanında boğmaq niyyəti;
4. Prosesin qeyri-sağlam güclərin vasitəsi ilə fərqli istiqamətə yönələ biləcəyi barədə bilgi əldə etmələri və s. kimi səbəblər hakimiyyəti belə bir addıma sövq edə bilər.
Təbii ki, bunlar bir ehtimaldır.
İstənilən halda, iqtidar bəsirətsizlik və səriştəsizlik etdi. Ən azı ona görə ki, yüksək mövqeli, məsul birisi xalqın qarşısına çıxa bilərdi.Yaxud video müraciət belə yetərli olardı. Nəinki polis nəfərinin əlinə meqafon verib Müdafiə Naziri Zakir Həsənov adından bəyanat səsləndirmək. Bu gördüyüm ən məsuliyyətsiz bir davranış idi. Vətənin taleyi həll olunur, xalq küçələrdə, polis nəfəri bəyanat verir! Rəzalət! Halbuki o möhtəşəm görüntü həm cəbhədə, həm də İrəvanda hadisələri birmənalı lehimizə dəyişə bilərdi. Bir də ki, əslində biz Ermənistan qarşısında deyil, Kreml önündə imtahan verirdik, bunu unutmayın. Və Moskva yenə də bizə “2” yazdı. Çünki o möhtəşəm görüntünü rahatlıqla rəzil bir duruma çevirməyi bacardı. Bu mənada millət içində olmayan millət vəkillərini, ziyalılarımızı da qınamamaq olmur.
Moskva test etdi, İrəvan bayram! İndi prezidentin ətrafındakılar, bir zəhmət, erməni saytlarında gedən yazıları oxusunlar. Flaş və ilk səhifə xəbərləri kimi yayımlanan Bakı hadisələri məsxərə mövzusu olub.
Bu irad müxalifətə də aiddir. Bəlkə də sizin heç xəbəriniz yoxdur. Amma ermənilər sizə “sireli bareqamner!”, yəni əziz dostlar!- deyə təşəkkür edirlər!!!
Bir söz, yenə də yanılmadım, Azərbaycan xalqının nə iqtidar, nə də müxalifət sarıdan bəxti gətirib.
Bütün bunlar gözlənilən idi. Bu barədə hələ dünən günorta Edgunews-da “başlanğıcın sonu, sonun başlanğıcı” adı altında xəbərdarlıq yazısı da vermişdim, amma olmayınca, olmur. Deyəsən, “Mörfi qaydası” işlədi...
Nə isə, iqtidarın bəsirətsizliyi, müxalifətin isə həm bəsirətsizliyi, həm də qeyri-səmimiliyi, dünən, milləti yürüdüyü fəxarət yolundan xəcalət uçurumuna sürüklədi.
Amma bütün bunların hamısı önəmli deyil. Çünki bu xalq nələr yaşamadı ki?!.. Məni düşündürən başqa məqamdır, doğurdanmı, Bambino bütün bunların baş verəcəyini bilirdi? Əgər bilirdisə, indiyə kimi Qarabağı niyə ala bilmirik?- sualının bəsit  cavabı bu olmalıdr!!!
Şahin Əlioğlu

0/Şərhlər

Previous Post Next Post