Топ-100 Qaragüruh yenə iş başında

Qaragüruh yenə iş başında


ABŞ və Belçikada erməni hücumları
Bu günlərdə sosial şəbəkələrdə Azərbaycanlıların döyülüb təhqir edilməsi ilə bağlı paylaşmalar edilməkdədir. Məlum olduğu kimi Amerikada və Belçikada ölkəmizin səfirlikləri önündə minlərlə erməninin iştirak etdiyi mitinqlər keçirilib. Sayı heç yüz nəfərə çatmayan bir sıra Azərbaycanlı isə ermənilərin bu aksiyasına qarşı könüllü təşkilatlanaraq, nümayəndəliklərimiz önündə sipər olublar. Nəticədə toqquşma baş verib və az sayda olan soydaşlarımız ermənilərin kütləvi hücumuna məruz qalıb.
Yaranmış vəziyyəti bir sıra qaragüruh sosial şəbəkələr üzərində fərqli şəkildə toplumla təqdim etməyə çalışırlar. Bəziləri o insanları cəsarətsizlikdə ittiham edir, digərləri isə onların timsalında Azərbaycanlıları əzik xalq adlandıraraq, təhqirə yol verirlər. Bu internet qoçularına xatırlatmaq istərdik ki, minlərlə erməninin qarşısına 30-40 nəfərlə çıxmağın özü, böyük cəcarətdir. Burda tənqid olunacaq ünvan varsa, birincisi, Azərbaycanın Xarici İşlər Nazirliyi, ikincisi isə Diasporla İş üzrə Dövlət Komitəsi olmalıdır.
Diasporanın təşkilatlanması və doğru-düzgün fəaliyyəti üçün hər il dövlət büdcəsindən müəyyən məbləğdə vəsait ayrılır. Maraqlıdır, bəs bu pullar hara xərclənir. Ən az büdcə ilə belə, bir sıra işlər görmək olardı, axı. Təəssüf ki, Fuad Muradov fəaliyyətsizliyi ilə bu xalqı sələfinə minnətdar vəziyyətə gətirib çıxarıb. Anlamaq olmur, niyə Azərbaycanda yeni vəzifəyə təyin olunanlar yaxşı mənada köhnələri xatırladırlar. Halbuki köhnələr yarıtmaz fəaliyyətinə görə vəzifədən uzaqlaşdırılır. Prezident İlham Əliyevin ordu qədər, bu sahəyə də xüsusi önəm verdiyini də unutmayaq. Di gəl ki, təyinatlar özünü doğrultmur ki, doğrultmur.
Qaragüruha gəlincə, kimi tənqid etmək lazımdırsa, buna cəsarətiniz çatmadığı halda, nə ilə üzləşəcəklərini bilə-bilə meydana atılan insanları qorxaq adlandırmaq və milləti gərəksiz ifadələrlə təhqir etmək, sadəcə acı təbəssüm doğurur. Əsl əzik sizsiniz, yazıq nəsnələr!

0/Şərhlər

Previous Post Next Post