Топ-100 Tovuz insidenti sonun başlangıcı, başlanğıcın sonu

Tovuz insidenti sonun başlangıcı, başlanğıcın sonu



Yaxud Tovuzda düyünlənən niyətlər...
Sonun başlanğıcı, başlanğıcın sonu

Şahin Əlioğlunun analizi

Azərbaycanda siyasi şərçilər, ekspertlər Tovuz rayonu istiqamətində döyüşlərin başlanmasını eyni məntiqlə izah edirlər.
Niyə Qarabağda deyil, məhz Azərbaycan-Ermənistan sərhəddində döyüşlər başladı?- sualına, rəsmi İrəvanın niyətinin KTMT-ni, dolayısı ilə Rusiyanı aktiv şəkildə münaqişəyə cəlb etməkdir, şəklində cavab verirlər. Başqa sözlə, müttəfiqlərindən adekvat cavab almadığı təqdirdə, Paşinyanın əlində Ermənistanın siyasi kursunu dəyişəmək üçün bəhanəsinin olacağını söyləyirlər. Həqiqətən də son zamanlar Kreml və Paşinyan komandası arasında gərginlik özünün pik həddinə çatıb. Amma...
...Amma bizim apardığımız təhlillərdən gəldiyimz qənaət bir qədər fərqlidir.
Yuxarıda səslənən ehtimalı istisna etməməklə yanaşı hadisələrə başqa pəncərədən baxmağa çalışaq.
Reallıq belədir ki, rəsmi Moskva istənilən variantda münaqişənin içində olub və var. Belə ki, Ermənistanda Rusiyaya məxsus hərbi baza mövcuddur. Rəsmi Moskva bu və ya digər şəkildə müttəfiqinə daima siyasi və hərbi dəstəyini göstərir. Əgər burada söhbət birbaşa Rusiya ərazisindən Azərbaycana hərbi müdaxilədən gedirsə, belə bir addım Kreml üçün riskli və özünəqəsd olardı.
Bəs onda döyüşlərin Tovuz istiqamətində alovlanmasının altındakı məntiq nədir? 
Təbii ki, birinci səbəb, deyildiyi kimi Paşinyan və onun komandasının Azərbaycanı dünyaya işğalçı kimi təqdim etmək cəhdidir. Bununla da “təcavüzə” qarşı üzvü olduğu KTMT-nin gücünü səfərbər etməkdir.
Rəsmi İrəvanın düşüncəsinə görə Ermənistan ərazisi istiqamətində Azərbaycan ordusunun ən kiçik addımı belə onun əlinə ciddi bəhanə vermiş olacaq. Əldə edilmiş siyasi uğur, hərbi qələbənin təminatçısı olacaq. Erməni mediasında gedən məqsədyönlü yayımlar və Ermənistan rəsmilərinin verdiyi bəyanatlardan bunu rahatlıqla görmək mümkündür. Çünki hər bir bəyanatda təxribata məhz rəsmi Bakının əl atdığına, Azərbaycan hərbçilərinin sərhəddə gərginlik yaratdıqlarına vurğu edilir.
Digər bir səbəb kimi Ermənistandakı sosial-iqtisadi vəziyyətlə əlaqədar yaranmış gərginlik də göstərilə bilər. Böyük vədlərlə hakimiyyətə gələn Paşinyan əhalinin diqqətini əsas problemlərdən yayındırmaq üçün belə bir provakasiyaya əl ata bilər. Amma yenə də sual yaranır, əldə Qarabağ varkən, sərhəddə yeni bir cəbhə açmağın məntiqi nədir?
Məsələ bundan ibarətdir ki, Qarabağda atəşkəsin pozmulması xəbərləri, artıq insanları bir o qədər narahat etmir. Halbuki gərginliyi sərhəd xəttinə çəkməklə əhalinin müharibə qayğılarını artırmaq, toplumun ciddi təşvişinə və diqqətinin əsas problemlərdən yayınmasına nail olmaq mümkündür. Deyəsən, Paşinyanın etmək istədiyi də budur. Çünki o, hər necə olsa da, Rusiyanın Azərbaycan ordusunu Ermənistanın içərilərinə doğru irəliləməsinə icazə verməyəcəyi qənaətindədir. Ona görə də sərhəddəki istənilən təxribat həm daxili, həm xarici siyasətdə onun işinə yarayacaq.
Ermənistan Baş Naziri xalqına “qələbə adrenalininin” hava və su kimi lazım olduğunu da yaxşı anlayır. Ona görə də həm bir tərəfdən Azərbaycan ordusuna qarşı “rəşadətlə” döyüşən erməni silahlı qüvvələri imici formalaşdırır, yəni xalqın yaddaşından 2016-ci ilin Aprel məğlubiyyətini silməyə, həm də topluma dövlətin güclü iqtidar əlində olduğu ismarıcını verməyə çalışır. Bütün bunlar öz yerində...
...Ancaq erməni saytlarını diqqətlə analiz etdikdə, bir sıra detallar sərhəddəki insidentin Ermənistan ordusunda Paşinyanı sevməyən və Rusiyaya bağlı hərbçilər tərəfindən törədilmə ehtimalını da ortaya çıxarır. Çünki detallardan belə anlamaq olur ki, Moskva bu dəfə Ermənistanda hakimiyyətə özünə bağlı hərbçi gətirmək istəyir. Yəni Paşinyanın Kremli Qərb yönümlü siyasəti ilə hədələməsinə son vermək niyyətindədir.
Çünki Rusiya üçün Paşinyan və Ermənistan fərqli anlayışlardır. Bu ölkə Moskvanın vaz keçə bilməyəcəyi strateji məntəqədir, oradakı vassalının kim olmasının isə heç bir önəmi yoxdur.
Qarabağa gəlincə, buradakı hərbi əməliyyatlara Rusiyanın birbaşa müdaxiləsini istisna edir. Çünki Azərbaycan Beynəlxalq hüququn tanıdığı qaydalar əsasında öz ərazi bütövlüyünü təmin etmiş olacaq. Moskvanın İrəvana göstərəcəyi hər hansı dolayı dəstək isə Ermənistanı xilas etməyəcək.
Məhz buna görə Moskva bir güllə ilə iki dovşan vurmağa çalışa bilər. Həm Ermənistanı ipə-sapa yatırmaq, həm də Azərbaycan-Ermənistan gərginliyindən istifadə etməklə, sülhməramlı qüvvələr adı altında Cənub Qafqaza əlavə qoşun yeritmək.
Yeri gəlmişkən, bəzi Azərbaycan saytlarında və sosial şəbəkələrdə bir sıra erməni generallarının anti-reklam olunması hələ də anlaşılan deyil. Axı yaxşı anti-reklam, elə reklamdır. Ermənistanın gələcək yiyəsinin reklamı...
Bax budur, özü də bilmədən Rusiyanın çaldığı havaya oynamaq. Nə isə...
İstənilən halda, Tovuz insidenti sonun başlangıcı, başlanğıcın isə sonu ola bilər.

0/Şərhlər

Previous Post Next Post