Топ-100 Azərbaycan proseslərin növbəti mərhələsinə hazır olmalıdır

Azərbaycan proseslərin növbəti mərhələsinə hazır olmalıdır

Şahin Əlioğlundan hadisələrə yenə də fərqli baxış və sensasiyalı açıqlamalar...


-Söhbətimizə ermənilərin Bərdə şəhərində törətdikləri terrora münasibətlə başlayaq.

-Mülki insanların həyatına qəsd olunur, bu hərbi cinayətdir, terrorçu taktikasıdır. Amma  bütün bunlar gözlənilən idi. Hazırlıqlı olmalıyıq. İrəlidə daha iyrənc əməllərə əl ata bilərlər. Ona görə yox ki, insani dəyərləri itirmiş düşmənlə üzbəüzük, ona görə ki, bir sıra qırmızı cizgilərin dəyişdiyi dövrə qədəm qoyuruq. Azərbaycan xalqı olaraq, bu məqamı diqqətdən qaçırmamalıyıq. Hadisələri soyuqqanlı analiz edib, gərəkirsə, taktiki və strateji planlamada belə bir sıra dəyişikliklər etməyə hazır olmalıyıq. Bu dəyişiklikləri reallşdıra bilməmiz üçün münbit şəraitin formalaşmasına çalışmalıyıq. Digər yandan hərbi və diplomatik dilimizə də korrektələr etməliyik. Ən azı elə bir ifadə şəkli seçilməlidir ki, Ermənistanın cinayətkar hərbi-siyasi rejimi öz ərazisindən bizim yaşayış məntəqələrimizə raket zərbələri endirmək istəyi qursağında qalsın. Həm də bu dil tamamilə inandırıcı olmalıdır.

-Siz Ermənistana cavab zərbəsi endirməyi deyirsiniz? Yerevanın istədiyi də elə bu deyilmi?

- Bir kərə tutuquşu kimi bir şeyi əzbərləyib, davamlı bunu səsləndirməyə ehtiyac yoxdur. Əgər müharibənin əhatəsinin genişlənməsi arzu edilirsə, qarşı tərəfə, hazıram!-mesajı verilməlidir.

Çünki müharibənin əhatəsinin genişlənməsini təkcə Ermənistan, Qərb deyil, Rusiya və İran da istəyə bilər. Unutmayaq ki, bu gün Rusiyada vahid dövlət ağılı yoxdur. Hakimiyyət daxilində ciddi qruplaşmalar var və bunlar arasındakı çat getdikcə böyüməkdədir. Rusiyada dövrün xüsusiyyətlərini, güc dəngəsini nəzərə alıb praqmatik düşünən qanadla bərabər, imperiya duyğularının qabarıq olduğu şahin qrup da var. Bu qrupla ermənilərin mövqeyi kəsişir. Gələcək Rusiyanın sahibi kimdir, bilmirik. Ona görə də bütün ehtimalları nəzərə alıb, hadisələrin hər cür inkişafina hazır olmalıyıq.

İrana gəlincə, heç kəsə sirr deyil ki, bu dövlətin vahid Azərbaycan qorxusu var. Başqa sözlə, bu dövlətlər Ermənistanı Azərbaycana davamlı təcüvüzə təşviq etməklə, qarşıdurmanı uzunmüddətli müharibəyə çevirməkdə maraqlı ola bilərlər. Yəni qarşı tərəfin bizi uzunmüddətli müharibə ilə yorması mümkündür.

Bu mənada içində olduğumuz vəziyyətə Ermənistan-Azərbaycan müharibəsi kimi baxmağımız doğru olmazdı. Bu müharibəyə dünyanın yeni geosiyasi durumunun şəkillənməsinə istiqamətlənmiş proses kimi baxmaq daha məntiqli olardı.

Bu müharibəni biz başlamamışıq. Bu müharibə illər öncə bizim iradəmizdən kənarda başlayıb, amma bizi də ağuşuna almaqla, davam etməkdədir. Ona görə də Azərbaycan ordusu qısa zamanda işğal altındakı torpaqlarımızın azadlığına nail olmalıdır. Həm də hamısının. Növbəti mərhələyə daha sağlam, daha güclü vəziyyətdə hazırlaşmaq üçün arxamızda cəbhə buraxmamalıyıq.

Atəşkəsə gəlincə, insani baxımdan gərəkli, diplomatik gediş kimi məqbul hesab oluna bilər. Amma atəşkəs dövründə də rəqibin sahədəki oyununu pozmağa köklənməliyik. Biz “dünya”ya nəyi isə isbatlamağa borclu deyilik, heç ehtiyac da yoxdur. Əslində bu “dünya” vəziyyətin nədən ibarət olduğunu bizdən də yaxşı bilir. Sadəcə planlarına uyğun davranırlar.

-Bir məsələni anlamaq olmur, niyə Ermənistan bir tərəfdən atəşkəs istəyir, digər tərəfdən qısa bir zamanda bu atəşkəsi pozur?

-Bir kərə, atəşkəsi Ermənistanın pozması faktına deyil, bu atəşkəslərdə vasitəçi kimi çıxış edən dövlətlərin pozulmuş atəşkəslərə reaksiyasına fikir vermək lazımdır. Zənn edirəm, bu zaman sualınıza doğru cavabı tapacaqsınız.

Digər tərəfdən Azərbaycan şəhərlərinin Paşinyan rejimi tərəfindən atəşə tutulması, rəsmi Yerevanın hələ də güc olduğunu nümayiş etdirmək istəyindən və danışıqlar masasına öz şərtləri ilə oturacığı ismarıcını vermək niyətindən irəli gəlir. Yəni Azərbaycana təzyiq göstərmələri üçün Minsk üçlüsünün əlinə “kozur” vermək məqsədi güdür. Unutmayaq ki, masada güc önəmli faktordur və Ermənistanın törətdiyi bu kimi iyrənc havadislər Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Cenevrədə keçiriləcək görüşmə öncəsi baş verir.

 -Bəs Ermənistanın acınacaqlı iqtisadi vəziyyəti ona bu uzunmüddətli müharibəni aparmağa imkan verir?

-Məsələ bundan ibarətdir ki, bizim döyüşdüyümüz tərəf Ermənistan olsa da, əslində müharibəni bir sıra başqa güclərlə aparırıq. Bu gün Ermənistan-Azərbaycan münaqişəsinə kənardan müdaxilə edənlər, gələcəkdə açıq-aşkar sahəyə enə də bilərlər. Beynəlxalq hüquqa, beynəlxalq qurumların safsafalarına çox bel bağlamağa dəyməz. Sadəcə, biz də digərləri kimi bu qaydalarla oynamağı bacarmalıyıq. Məsələn, Beynəlxalq qaydalara görə Ermənistanın silah kvotası bəllidir, deyilmi? Amma reallıqda nəyi müşahidə edirik? Cinah sazişinə əməl olunurmu? Xeyr və bundan sonra da əməl olunacağına inanmaq, çətindir. Yəni Ermənistana silah axını davam edəcək. Demək, bu axın bizim də hazırlıqlı olmağımızı qaçınılmaz etməlidir.

 

0/Şərhlər

Previous Post Next Post