Топ-100 Partiyalar niyə susur?

Partiyalar niyə susur?

Efirin dili nə zaman dəyişəcək?!


İlk öncə qeyd etmək istərdik ki, işğal altındakı ərazilərimizin azad edilməsi istiqamətində Azərbaycandakı iqtidaryönlü və müxalifətdə olan bütün siyasi partiyaların (biri istisna olmaqla-red.) Ali Baş Komandan ətrafında vahid yumruq şəklində birləşməsi, olduqca, təqdirəlayiq və sevindirici haldır. Lakin prezidenti dəstəkləməklə partiyaların vəzifələri bitməməlidir.

Ölkədə elan olunmuş hərbi vəziyyətin gətirdiyi məhdudiyyətlərin mövcudluğunu başa düşürük, amma bu heç də partiya təmsilçilərinin fəaliyyətini tam qadağa etmir, axı.

Axı ordumuzun əldə etdiyi uğurlar danışıqlar masasında diplomatiyamızı nə qədər güclü edirsə, güzəştlər mövzusunda partiyaların barışmaz tutumu da irəlidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ermənilərə qarşı daha güclü etməklə yanaşı, həm də sərt mövqe sərgiləməsinə imkan yaradacaq. Təəssüf ki, bu günə qədər 52 partiyanın hansısa birindən bu istiqamətdə atdığı konkret bir addıma şahid deyilik. Əgər bunun əksini iddia edən siyasi qurum varsa, öncə atdıqları addımların yetərli olub-olmaması barədə düşünsün.

Bizə görə Azərbaycan partiyalarının Dağlıq Qarbağa hər hansı statusun verilməsinə qarşı qətiyyətli və davamlı tutum sərgiləmələrinin, Ermənistanın terrorçu davranışlarına sərt mövqe ortaya qoymalarının vaxtı çoxdan gəlib çatıb. Xüsusi ilə bizdən tələb olunan güzəştlərə barışmaz mövqelərini açıq-aşkar nümayiş etdirməli, bu istiqamətdə bəyanatlarının ardı-arasını kəsməməlidirlər. Başqa sözlə, prezidentin diplomatik dillə səsləndirdiyi fikirləri partiyalar sərt, inadlı və yüksək səslə bəyan etməlidirlər. Təəssüf ki, bizdə əksi bir vəziyyət yaranıb. Əlaxüsus, televiziya kanallarında çxış edən siyasi şərhçilərin "ad çəkmək istəmirik" ifadələri arxasına sığınan tutumları hiddət doğurmaya bilmir.  Ölkə rəhbəri Ermənistan-Azərbaycan müharibəsində hər bir dövlətin sərgilədiyi mövqeyə açıq-aydın münasibət bildirdiyi halda, politiloqlarımız hələ də müəmma dolu cümlələr qurmaqla məşğuldurlar. Ən yaxşı halda isə "prezident demişkən" ifadəsi arxasına sığınırlar. Prezidentin nə dediyini xalq da, dünya da eşidir və görür. Bəs siz nə deyirsiniz, ən önəmlisi, nə edirsiniz?

Bir neçə gündür, deputatlar arasında bir tərpəniş olduğu müşahidə edilir və bu təqdirəlayiq haldır. İnanmaq istərdik ki, davamı olacaq. 

Unutmayaq ki, bu müharibə təkcə xalqın, ordunun və prezidentin deyil, bu xalqın parçası kimi həm də siyasi partiya və siyasətçilərin də müharibəsidir!!!

Edgunews

0/Şərhlər

Previous Post Next Post