Топ-100 Əziz Ələkbərli: Siyasət onu anlayanların əlində hədəfə çatmaq üçün güclü silah, naşılar üçün isə öz əlini kəsib-doğrayacaq iti bıçaqdır

Əziz Ələkbərli: Siyasət onu anlayanların əlində hədəfə çatmaq üçün güclü silah, naşılar üçün isə öz əlini kəsib-doğrayacaq iti bıçaqdır

Suallarımızı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli cavablandırır


1. Qələbə münasibəti ilə sizi təbrik edirik. Qısaca münasibətinizi bilmək istərdik.

- Təşəkkür edirəm, bu, hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının və bütün Türk dünyasının, eyni zamanda bölgədə barış istəyən bütün güclərin qələbəsidir. Azərbaycan bu qələbə ilə nəinki Ermənistana, dünya ermənilərinə, eyni zamanda onların havadarlarına tarixi bir dərs verdi, zülm və zalımlıq qarşısına ədalət və ədalət naminə cəza çıxardı. Zalımlara dərs, məzlumlara çıxış yolu göstərdi, illərlə ərazisi işğala, milləti təzyiqlərə məruz qalanlarda mübarizə əzmini yüksəltdi.

 2. Sizcə, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Ali Baş komandan, prezident İlham Əliyevə yetərli dəstək verirmi?

- Mən deyərdim ki, Azərbaycan üçün bu həlledici günlərdə təkcə Milli Məclisin deputatları yox, mənsub olduğu sosial təbəqədən, tutduğu vəzifədən asılı olmayaraq bütün Azərbaycan xalqı Ali Baş komandanın yanında oldu. Bəlkə də ilk dəfədir ki, Azərbaycan xalqı indiki kimi tək ürək, tək yumruq oldu, xalq-ordu-hakimiyyət inanılmaz dərəcədə birləşdi, hamı Ali Baş Komandanın əmrinə müntəzir dayandı. İstər ön cəbhədə, istər arxa cəbhədə kim nə bacardısa, elədi. Bu sırada Milli Məclisin deputatlarının da öz müstəsna yeri var. Demək olar ki, deputatlar bir an dayanmadı, düşmənə qarşı informasiya mübarizəsində möhtərəm prezidentimiz İlham Əliyevə çox böyük dəstək verdilər. Gəncəyə raket atıldı, deputatlar gecə səhərə qədər efirdən sözlərini dedilər, Bərdəyə raket atıldı, deputatlar hamıdan əvvəl hadisə yerində oldular, müharibənin davam etdiyi bu 44 gündə ölkə və xarici mediada müxtəlif dillərdə yüzlərlə, minlərlə çıxış və yazılarla Azərbaycan həqiqətlərini dünyaya car çəkdilər. Bundan əlavə, biz deputatlar nəinki təkcə Prezidentimizin, həm də əsgərimizin və vətəndaşımızın yanında olduq, cəbhədən, əsgərdən nigaran seçicilərimiz bizə müraciət etdilər, kimisinin dərdinə dərman olduq, kimisinə ürək-dirək verdik. Bir sözlə, 44 günlük bu müharibəni Millət, Ordu və Dövlət olaraq şərəflə yaşadıq.

 3.Digər sualımız toplumun hələ də tam anlamadığı məsələ barəsindədir. Xankəndi, Xocalı, Xocavəndin gələcəyi üçün rahatsızlığa əsas var? Daha dəqiq desək, bu şəhərlərdə birgəyaşayış mümkün olacaqmı? Olacaqsa, Azərbaycan əhalisinin təhlükəsizliyi necə təşkil olunacaq.

- Sentyabrın 27-də Azərbaycan əks-hücum əməliyyatlarına başlamazdan əvvəl kimə desə idiniz ki, iki aydan sonra Azərbaycan 30 il işğal altında qalan torpaqlarını son qarışına qədər işğaldan azad etmiş olacaq, bəlkə də heç kəs buna inanmazdı. Çünki 30 il ərzində insanların inamı xeyli azalmışdı. İnsanların ümidini azaldan təkcə Ermənistanın işğalçı hərəkətləri yox, onu müdafiə edən beynəlxalq güclərin ölçü-biçi bilməyən ədalətsizliyi, ikiüzlülüyü, ikili standartları idi. Amma noldu? Azərbaycan prezidenti öz siyasi iradəsini və Azərbaycan ordusu hərbi gücünü ortaya qoydu. Sizcə, Azərbaycan xalqı nədən birdən-birə belə bir möhtəşəm birlik və iradə ilə ortaya çıxdı və oğullarımız coşqu ilə hərb meydanına atıldı? Ona görə ki, Azərbaycan xalqı öz Prezidentinin və ordusunun gücünü ilk dəfə idi ki, bütün əzəməti və möhtəşəmliyi ilə görürdü. Xalq öz Prezidentindən yeni bir güc aldı və maraqlıdır ki, xalqın bu gücünü görən Prezident də yeni bir güclə yumruğunu yuxarı qaldırdı, haqsız dövlətlərə və haqsız dünyaya yerini göstərdi. İndi siz deyin, belə bir siyasi liderin imza atdığı sənədə şübhə etməyə dəyərmi? Mən qəti əminəm ki, Xankəndinin, Xocalının, Xocavəndin gələcəyi üçün rahatsızlığa heç bir əsas yoxdur. Əsas odur ki, biz Azərbaycanın ərazi bütövlüyünü tam təmin etmişik və sərhədlərimizi Azərbaycan ordusu qoruyacaq. Həmin şəhərlərdə birgəyaşayışın mümkün olub-olmayacağı barədə isə qoy ermənilər narahat olsunlar. Əgər adam kimi yaşamaq istəyəcəklərsə, buyurub yaşasınlar, öz yaramazlıqlarından əl çəkməyəcəklərsə, nəticəsinə də qatlanmalı, Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlar. Həmin ərazilərdə Azərbaycan əhalisinin təhlükəsizliyindən də narahat olmağa dəyməz, bunun üçün müvafiq dövlət orqanları var, hər halda bugünkü Azərbaycan öz torpaqlarında öz vətəndaşının təhlükəsizliyini təmin edə biləcək gücə malikdir.

 4. Laçın dəhlizi barədə danışaq. Bu bölgədə Azərbaycan sərhədçiləri sərhədlərimizi qoruyacaqmı? Dəhliz boyu Rusiya sülhməramlıları ilə birgə Türkiyə hərbçilərini də görə biləcəyikmi?

- Bəzi sualları vaxtından əvvəl cavablandırmaq siyasi baxımdan mümkün və ya məqsədəuyğun olmur. Biz bir qədərdən sonra bir çox sualların öz-özünə cavablandığının şahidi olacağıq. Amma bir məsələ var ki, əgər Rusiya sülməramlıları müəyyən yerlərdə dinc erməni əhalisinin təhlükəsizliyini qorumaq üçün dayanacaqlarsa, Azərbaycan və Türkiyə hərbçiləri də Azərbaycan xalqının təhlükəsizliyini təmin etmək üçün lazım gələn hər yerdə olacaqlar.

 5. Bəs, Naxçıvan-Azərbaycan arasındakı quru yolun eni nə qədər nəzərdə tutulur? Laçın dəhlizinə adekvatmı olacaq, yoxsa burada fərqli qaydalar tətbiq olunacaq?

- Detalların dəqiqləşdirilməsi ilə bağlı vaxtaşırı ikitərəfli, üçtərəfli və lazım gəlsə dördtərəfli danışıqlar davam edir və edəcək. Əsas odur ki, Naxçıvan-Azərbaycan arasındakı quru yol çəkiləcək və bu yol Laçın dəhlizindən daha mühüm, daha böyük yükgötürmə qabiliyyətli və təhlükəsizlik baxımından daha etibarlı olacaq. Ən azı ilkin mərhələdə onu bir tərəfin məsuliyyətinə etibar etmək olmaz. Çünki bu yoldan şimaldan cənuba, şərqdən qərbə və əksinə çox dövlətlər istifadə edəcək, xüsusilə Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan və s.

 6. İkinci Qarabağ müharibəsi təkcə bölgədəki vəziyyətə deyil, dünyanın ümumi geosiyasi durumuna yeni ştrixlər gətirdi. Hər bir dövlət öz siyasətinə yenidən baxmaq məcburiyyətində qalıb. Dünən ehtiyatla yanaşılan məsələləri bu gün asanlıqla rəsmi səviyyədə dilə gətirmək olur. Bu baxımdan Zəngəzurla bağlı fərqli fikirlər səslənməkdədir. Qərbi Azərbaycan İcmasının rəhbəri kimi məsələyə sizin münasibətiniz necədir?

-  Sizinlə razıyam ki, İkinci Qarabağ müharibəsi nəinki regiounun, bütün dünyanın geosiyasi durumuna yeni ştrixlər gətirdi. Təkcə son 30 ildə dünya gözümüzün qabağında özünün görməməzlik oyununu oynadı və biz buna dözdük. Minsk Qrupuna aid, hətta həmsədr olan bəzi ölkələr 26 il siyasi şou göstərməklə məşğul oldular, 1 milyondan çox qaçqının taleyinə heç bir insanlıq qanunnuna sığmayan laqeyd münasibət sərgilədilər, biz susduq. Nəhayət, Azərbaycan öz taleyini öz əlinə aldı. Maraqlıdır ki, 26 il artistlik edən Fransa kimi dövlətlər dərhal maskasını çıxardı, əsl antiazərbaycan, antitürk, antiislam simasını göstərdi. Belə çıxır ki, biz bu 26 il ərzində problemin sülh yolu ilə həllini işğalçı Ermənistanı faşistcəsinə müdafiə edən Fransa kimi Azərbaycana düşmən bir dövlətə etibar etmişik. Nə yaxşı ki, bu müharibə dostumuzu da, düşmənimizi də bizə yaxşı tanıtdı. Bölgədə yaranmış yeni geosiyasi durum bir çox məsələlər kimi, Zəngəzur məsələsini də aktuallaşdırdı. Məsələnin tarixinə baxanda bugünkü Ermənistan dövlətinin əsasında 1918-ci ildə Azərbaycan və Türkiyənin birgə razılığı ilə tarixi Azərbaycan şəhəri olan İrəvan paytaxt olmaqla ermənilərə bağışlanmış 9 min kv. km əraziyə sahiblənmiş Ararat Respublikası dayanır. Bu 9 min kv. km ərazi son qarışına qədər Azərbaycanın İrəvan xanlığının ərazisi idi. Sovet hakimiyyəti zamanında həmin Ararat Respublikasının ərazisi Moskva tərəfindən Azərbaycandan zorla alınan ərazilər hesabına daha da böyüdüldü və nəhayət, 29,8 min kv.km-ə çatdırıldı. Həmin vaxt Azərbaycanın bir çox əraziləri də, o cümlədən Zəngəzur Azərbaycandan alınaraq Ermənistana verildi. Zəngəzurun Ermənistana verilməsi ilə bir tərəfdən Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın arası kəsildi, digər tərəfdən Azərbaycanla Türkiyə bir-birindən uzaq salındı və Ermənistanın İrana çıxışı təmin edildi. Gec-tez bu tarixi ədalətsizliyə son qoyulmalı idi, noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında avtomobil və dəmir yolu xətlərinin çəkilişi razılığına gəlinməsilə bu ədalətsizlik qismən aradan qaldırıldı. Amma Qərbi Azərbaycan İcması olaraq, biz 1988-1991-ci illərdə Ermənistandan qovulan azərbaycanlı qaçqınların öz tarixi torpaqlarına qaytarılmasında, gələcəkdə isə həmin ərazilərin Azərbaycana geri verilməsində israrlıyıq.

 7. Mövcud reallıqlarda Qərbi Azərbaycan Türk dövlətinə münasibətiniz dəyişibmi?

- Qətiyyən! Siyasət onu anlayanların əlində hədəfə çatmaq üçün güclü silah, naşılar üçün isə öz əlini kəsib-doğrayacaq iti bıçaqdır. Bu gün bizim əsas məsələmiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam təmin olunmasıdır. Bəs bu mübarizədə Azərbaycan dövlətinin əsas silahı nə oldu? Əlbəttə, beynəlxalq hüquq! Prezident İlham Əliyev Azərrbaycana haqsız hücum edənləri bu hüquqla yerində oturdurdu. Cənab prezident hər dəfə deyib: ermənilər bir dəfə öz müqəddəratlarını təyin edib, Ermənistan dövləti yaradıblar, bunu ikinci dəfə edə bilməzlər. İndi biz neyniyirik? Cənubi Qafqazda ikinci Azərbaycan dövləti yaradırıq? Əlimizdəki silahı erməninin əlinə verib, “məni öz silahımla vur” deyirik? Bu, bir. İkincisi, bu gün Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatıb, qondarma “Dağlıq Qarabağ Respublikası”nın varlığına son qoyulub, bu, möhtəşəm qələbədir, indi ermənilər çalışır ki, bu qondarma qurumun statusunu bərpa etsinlər, belə bir vaxtda biz yeni  bir “respublika” yaratmaqla ermənilərin qondarma “Qarabağ Respublikası statusu” xülyasına haqq qazandırmırıqmı? Nəhayət, indiki Ermənistan ərazisi necə müstəqil dövlət ola bilər ki, o, tarix boyu Azərbaycan dövlətinin tərkib hissəsi olub, gələcəkdə də belə olacaq. Bu, ona oxşayır ki, Qarabağ erməni işğalı altında olanda bizim qarabağlı vətəndaşlarımız bir Qarabağ dövləti yaradaydılar, onun bayrağını, gerbini, parlamentini, ordusunu və s. təsis edəydilər, deyəydilər ki, Qarabağ xanlığının da vaxtilə dövlət atributları olub. Görürsünüz nə qədər absurd fikirdir? Bəli, indiki Ermənistan Azərbaycanın əzəli torpaqlarıdır, lakin bu gün BMT tərəfindən tanınan müstəqil dövlətdir. Biz beynəlxalq hüququ tapdamadan bu torpaqlar uğrunda mübarizə aparmalıyıq. Bunun üçün öncə 32 il əvvəl oradan qovulan 300 min nəfər qaçqın soydaşımızın (indi onların sayı 500 minə çatıb) ata-baba ocaqlarına qayıtmasını tələb etməliyik və edirik də. Necə ki, erməni qaçqınlar dinc yanaşı yaşamaq üçün Azərbaycanın Dağlıq Qarabağ hissəsinə qaytarılır, biz də Ermənistanda xüsusi olaraq ayrılmış bir bölgəyə, məsələn, Zəngəzura qayıdıb sülhməramlıların nəzarəti altında ermənilərlə dinc yanaşı yaşaya bilərik. Bu, daha məntiqi deyilmi? Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması olaraq, biz bu yolla gedirik və inanırıq ki, qüdrətli Azərbaycan gələcəkdə özünün tarixi Qərbi Azərbaycan torpaqlarını da işğaldan azad edəcəkdir.

8. Gələk birbaşa fəaliyyətinizlə bağlı məsələlərə. Məcburi köçkünlərin tədricən geri qayıtması, Qərbi Azərbaycan qaçqınlarının lqotlarının geri qaytarılmasına təsir edəcəkmi? Ümumiyyətlə bundan sonra nə kimi yeniliklər gözlənilir?

- 30 il işğal altındakı torpaqlarımızın azad edilməsi və məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıda bilməsi xalqımızın böyük uğurudur, Azərbaycanın tarixi qələbəsidir. Bunun üçün millətimiz əsrlər boyu Ali Baş Komandanımıza alqış deyəcək. Məcburi köçkünlərimizin qayıdışına onlarla bərabər bu gün bütün millətimiz sevinir, xüsusilə biz Qərbi Azərbaycan qaçqınları. Bu qələbə bizdə də öz dədə-baba ocaqlarımıza nə vaxtsa qayıdacağımıza inam yaradır. Cənab Prezident çıxışlarında dəfələrlə deyib ki, İrəvan, Göyçə, Zəngəzur bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq, bu, bizim strateji hədəfimizdir. Elə hesab edirəm ki, bu gündən sonra bizim erməni faşizminə qarşı ideoloji mübarizəmizin hədəfi artıq Qərbi Azərbaycan olacaq və olmalıdır. Qarabağ müharibəsinin ilk mərhələsində – 1988-1991-ci illərdə indiki Ermənistandan vəhşicəsinə qovulmuş biz Qərbi Azərbaycan qaçqınlarının da haqq səsini dünya eşitməlidir, bu, bizim insani hüququmuzdur.

 9. Sonuncu sualı Ağbaba-Şörəyel (Kars) bölgəsindən olan bir sıra yurdaşlarımızın adından veririk. Bu insanlar hazırda Azərbaycan vətəndaşlığı daşımaqdadırlar. Həmin bölgədən bir qisim insan qaçqın statusu ilə Türkiyəyə getmək və Qarsda məskunlaşmaq istəyirlər. Buna Türkiyə qanunvericiliyi də imkan verir. Yəni 1921-ci ilə qədər o bölgədə anadan olan insanların özündən sonra ikinci və üçüncü nəsilləri bu vəziyyətdən yararlana bilərlər. Ancaq əhalidən Ermənistan SSR pasportlarının yığılması və kötüyün qaldırılmasında sıxıntıların olması ciddi problemlər yaradır. Rəhbəri olduğunuz Qaçqınlar Cəmiyyəti bu istiqamətdə soydaşlarımıza nə kimi yardımlar göstərə bilər?

- Mənim rəhbərlik etdiyim Azərbaycan Qaçqınlar Cəmiyyətində də, Qərbi Azərbaycan İcmasında da Qərbi Azərbaycanın Ağbaba-Şörəyel bölgəsindən, xüsusilə Amasiya rayonundan kifayət qədər insanlarımız var, lakin mən eşitməmişəm ki, onlardan kiminsə Türkiyəyə getmək və Qarsda məskunlaşmaq istəyində bir çətinlik var. Hər halda, mənim rəhbərlik etdiyim təşkilatlara belə bir müraciət daxil olmayıb. Əgər belə bir istəkdə olanlar varsa, bizə müraciət edə bilərlər və biz onlara hüquqi yardım göstərə bilərik. Türkiyə bizim qardaş dövlətdir, elə bilirəm ki, Türkiyə dövləti də bu məsələdə qaçqınlarımıza dəstək verər. Yeri gəlmişkən, xatırladım ki, 1998-ci ildə həmin qaçqınlarımıza dövlət tərəfindən “Qaçqın statusu” vəsiqəsi verilib və bu status bu gün də qüvvədədir.

0/Şərhlər

Previous Post Next Post