Топ-100 Şahin Əlioğlu: Müharibəyə açıq hazırlıq gedir

Şahin Əlioğlu: Müharibəyə açıq hazırlıq gedir


-İlk öncə bilmək istərdik, tam atəşkəs sənədinə münasibətiniz necədir?

- Birmənalı olaraq, Ali Baş komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin cəbhədəki zəfərinin nəticəsi kimi baxıram.

-Bəs, cəbhədəki zəfərimizi diplomatiya masasında davam etdirə bilirik?

- Müharibənin diplomatiya masasındakı fazası olduqca ağır atmosferdə gedir. Hesab edirəm ki, nə qədər çətin olsa da, diplomatiyamız işinin öhdəsindən peşəkarlıqla gəlir. Uğurlarımızı taclandırmaq üçün misilsiz mübarizə əzmi göstərir.

-Nəticə?

- Bundan sonra Qarabağa hər hansı statusun verilməsinin gündəmdən çıxması, Naxçıvana quru yolu ilə əlaqələrin qurulması böyük nailiyyətdir.

Hazırkı mərhələdə diplomatiyamız Xankəndi, Xocalı, Xocavəndin taleyi uğrunda mübarizə aparır. Azərbaycanlıların bu yaşayış məskənlərinə geri qaytarılması və təhlükəsizliklərinin təmin olunması, mühüm əhəmiyyət kəsb edir. Səbrli, təmkinli, bir o qədər ayıq-sayıq siyasətimizin bu fazada da bəhrəsini verəcəyinə inanıram.

-Amma bizim əldə etdiyimiz məlumatlara görə sənəddəki müddəalardan yayınmalar var.

- Sizin kimi bütün Azərbaycan toplumunun bu kimi neqativ hallardan xəbəri var. Zatən, Azərbaycan iqtidarının Ermənistan-Azərbaycan müharibəsindəki ən böyük uğuru bu prosesi topluma açıq şəkildə idarə etməsidir. Yəni gizli heç bir şey yoxdur.

Sualınızın birbaşa cavabına gəlincə, məsələ bundan ibarətdir ki, regiona təsir imkanı əldə etmək istəyənlər indi diplomatiya masası arxasındadırlar. Ona görə də artıq bu prosesə lokal müharibə kimi yox, beynəlxalq güclərin mübarizəsi kimi baxmaq lazımdır. Belə olan halda vəziyyətin nə qədər çətin olduğu çılpaqlığı ilə görünmüş olacaq.

 -Sualı bir qədər də dəqiqləşdirək, niyə atəşkəs sənədindən yayınmalar olur?

-Burada həm obyektiv, həm də gizli niyyətlərin doğurduğu subyektiv səbəblər müşahidə edilməkdədir. Unutmayın ki, bizim verdiyimiz analizlər məhdud məlumatlara əsaslanır. Onu deyə bilərəm ki, masada Rusiyanın Azərbaycandan istədiyi güzəştlər, təkcə Ermənistan üçün deyil, həm də özünün Qafqazdakı dövlət maraqlarının qarşılanması naminədir. Ona görə də qarşı tərəfin təzyiqlərinə, bizim isə qətiyyətli müqavimətimizə təbii baxılmalıdır. O ki qaldı Kəlbəcərdən ermənilərin çıxması qrafikində tanınmış əlavə 10 günə, düşünürəm, bu humanist addım Azərbaycanın beynəlxaıq aləmdə mövqeyinin daha güclənməsi ilə nəticələnən bir davranışdır. Yetər ki, ayıq-sayıqlığı əldən verməyək.

-Ayıq-sayıqlıq demişkən, Ermənistana gətirilən əlavə silahlar barədə nə deyə bilərsiniz?

-Burada ciddi müşahidə tələb olunur. Əgər silahların geri qalan qismi Ermənistanda qalacaqsa, onda bunu Rusiya-Ermənistan ikili münasibətləri çərçivəsində ələ alıb dəyərləndirmək və adekvat tədbir görmək lazımdır.

-Məsələn nə?

-Məsələn, Türkiyə Silahlı Qüvvələrinə Azərbaycanda bənzər şəraitin yaradılması.

-Azərbaycanın Qoşulmama hərəkatının üzvü olduğunu əsas götürən bir sıra ekspertlər buna ehtiyatlı yanaşırlar.

-Ola bilər, bu onların fikridir. Ancaq qarışdırdığımız bir durum var.

Azərbaycan hər hansı bloka qoşulmur. Bu iki dövlət arasındakı münasibətdir və ölkəmizin beynəlxalq durumuna hər hansı mənfi təsir etməyəcək.

1961-ci ildə Qoşulmama hərəkatı Tərəfsiz Dövlətlər Hərəkatına çevrildi. Onun təsisçilərindən olan Kuba üç il sonra SSRİ ilə hərbi müqavilə imzaladı. 2014-cü ildə isə bu iki dövlət yeni bir razılaşma ilə hərbi əlaqələrini bərpa etdi.

Bu baxımdan Azərbaycan-Türkiyə hərbi əlaqələrinin dərinləşməsində bu faktor maneə ola bilməz. Çünki bu hərəkat blokalara qoşulmamağı, daha dəqiq desək, NATO, SENTO, SEATO, Varşava Müqalivəsi Təşkilatı və sair kimi hərbi qurumlara üzv olmamağı tələb edir və dövlətlərarası münasibətlərə qarışmır. Bir halda ki, bu qurumların çoxu hazırda mövcud deyil.

Digər yandan untmayaq ki, KTMT-yə üzv olan Belarus da Tərəfsiz Dövlətlər Hərəkatının üzvüdür. Ona görə də bu kazus ola bilməz.

-Müharibənin yenidən alovlanması nə qədər realdır?

Bu sadə, həm də çətin sualdır. Müharibənin nə zaman və necə başlayacağını söyləmək çətindir, ona qızğın hazırlığın getdiyini isə asanlıqla görmək olur. Həm də bu, təkcə bizim regionla əlaqədar bir vəziyyət deyil.

Müharibənin yenidən alovlanması təkcə tərəflərin hansısa məsələdə uzlaşmaması ilə əlaqəli olmaya da bilər. Bu müharibənin yenidən alovlanmasına həm də dünyanın siyasi-iqtisadi ab-havası təsir edə bilər. Məsələn, əgər bir tərəfdən TAP lahiyəsi bölgəynin inkişafını, əmin-amanlığını təminn edirsə, digər yandan özüylə də xeyli risklər gətirir.

Həmçinin, ABŞ-da demokratların hakimiyyətə gəlməsi və Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin alovlanması da olduqca təhlükəli haldır. Kreml qısa zamanda Yerevanda istədiyi kadrı hakimiyyətə gətirə bilməsə, Ermənistanı itirə bilər. Bu isə Moskva üçün taleyüklü məsələdir. Ona görə də Rusiya bir yolla Ermənistanın könlünü almağa çalışacaq. Başqa sözlə, masada əldə edə bilmədiyi güzəşt üçün sahədə döyüşə də bilər. Görünən budur ki, Ermənistan uğrunda amansız Qərb-Rusiya qarşıdurması gedir, hələ ki, Moskva rəqiblərinə qalib gələ bilmir. Bu mənada Paşinyanın hakimyyətdəki varlığı müharibənin yenidən başlanmasında katalizator rolunu oynamağa davam etməkdədir. Unutmayaq ki, Rusiya bunu artıq sınaqdan çıxarıb. Yadınızdadırsa, hələ Tovuz təxribatı zamanı “Edgu News”da söyləmişdim ki, bu hadisə Rusiyanın Paşinyanı devirmək istəyi ilə əlaqədar təxribatıdır. Moskva Ermənistanda ya hərbçi, ya da ən azı sədaqətindən əmin olduğu adamı hakimiyyətə gətirmək istəyir. Həm də bildirmişdim ki, bu bir növ məşqdir, əsl müharibə hər an başlaya bilər. Ona görə də Azərbaycan ayıq-sayıq olmalıdır.

Günümüzə gəlincə, cəbhədə, Qarabağda müharibə bitsə də, amma Kreml hədəfinə çatmayıb, Paşinyan hələ də hakimiyyətdədir. Yəni həssas vəziyyət davam edir.

-Rusiya ermənilərin Xankəndinə geri dönməsinində niyə bu qədər israr edir? Bizdəki məlumatlara görə hətta zor belə tətbiq edilir.

-Buna təbii baxmaq lazımdır. Rusiya Qarabağda niyə var, sülh üçün, deyilmi? Bəs tərəflər kimdir, ermənilər və azərbaycanlılar, doğrudurmu? Sizcə, tərəflərdən biri, yəni ermənilər sahədə yoxdursa, Rusiya hərbçilərinə ehtiyac olacaqmı? Əlbəttə xeyir! Buna görə Moskva ermənilərin geri qaytarılmasında bir bu qədər israrlıdır. Yoxsa Qafqazdakı mövqeyi ciddi şəkildə təhlükə altına düşər.

-Bəs son zamanlar Rusiya mətbuatında Ermənistan əleyhinə, Azərbaycan lehinə süjetlərin getməsi nə ilə əlaqədardır?

-Həmin süjetlər Ermənistanın yox, Paşinyanın əleyhinədir.

Kremlin məqsədi ermənilərdə Nikol Paşinyana qarşı nifrəti alovlandırmaq və insanları üsyana təşviq etməkdir.

Azərbaycana gəlincə, burda da mənim təsbitim fərqlidir. Rusiya mətbuatında prezidentimizin fitri diplomatik zəkasından danışılır. Burada diqqət çəkən məqam, Rusiya mediası cənab prezidentin yüksək zəkasını etiraf etməklə yanaşı, həm də bu faktı erməniləri qıcıqlandıran bir proyekt kimi istifadə etmələridir. İlham Əliyevin nitqindən “nə oldu Paşinyan” hissəsinin rus dilinə tərcümə edilib yayımlanması, bunun bariz nümunəsidir.

-Son sual, demokratlar Rusiyanı niyə bir bu qədər rahatsız edir?

- Rusiya demokratlarla heç zaman anlaşa bilməyib. Ancaq bu dəfə vəziyyət xeyli fərqlidir. İndiki demokratları hakimiyyətə milyarder Soros gətirib. Yəni artıq ABŞ iqtidarında Trans Milli Elita, sorosçular geniş təmsil olunacaq. Bu isə İnsan hüquq və azadlıqları adı altında dünyanın müxtəlif ölkələrində daxili qarşıdurmaların daha da alovlanacağı deməkdir.

 

0/Şərhlər

Previous Post Next Post