Strateji kommunikasiya
İnteraktiv informasiya mühitində hər kəsin özünə məxsus
kontenti var. Bu da sıradan insanların, hətta, anonim informator olmasına imkan
yaradır. Hazırkı məlumat mübadiləsi mərkəz-kütlə arasında yox, insan ilə insan
arasında getdiyi üçün fərdiləşib. Bu mənada mənbənin etibarlılığını, dəqiqliyini,
hətta aktuallığını qiymətləndirmək xeyli çətinləşib. Belə bir hal istənilən məlumatın
müxtəlif versiyalar şəklində təzahürünü asanlaşdırır. Yəni məqsəd və hədəflər
üçün geniş fürsətlər yaradır. İşin içinə texnologiyanın yaratdığı yeni
imkanlar-trollar və botlar girincə, mənzərə daha da dəyişir.
Belə olan təqdirdə bilgi təbliğat maşınının məhsuluna
çevrilir və bu müasir dövrdə kommunikasiya strategiyası adlanır. Başqa sözlə,
xarici auditoriyaya təsir məqsədi ilə məlumatlar artıq interaktiv şəkildə
ötürülür. Bu da informasiya ilə dezinformasiya arasındakı incə cizgini xeyli
görünməz edir. Ona görə də bu gün informasiyaların etibarlılığını yoxlamaqla
yanaşı, onlara operativ reaksiya da mühüm əhəmiyyət kəsb edir.
Dezinformasiya, hərbi əməliyyatların effektiv şəkildə
aparılması üçün qarşı tərəfə yanlış məlumatların ötürülməsi və ya əhəmiyyətini
itirmiş bilgilərin tam və ya qismən sızdırılmasıdır. Məqsəd rəqibin yanlış qərar
verməsinə nail olmaq, şəxsi heyətinin psixoloji durumuna mənfi təsir göstərməkdir.
Dezinformasiyanın funksiyası təkcə bununla bitmir. Ondan
həm də qarşı tərəfin qoşununun yerinin müəyyənləşməsində, hərəkət istiqamətinin
təyin olunmasında və özünün təhlükəsizliyinin təmin edilməsində istifadə
olunur.
Dezinformasiyanın arxa cəbhəni hədəfə alan yanları da
var. Bu da əhalinin ruh halına bu və ya digər şəkildə təsir göstərməkdən ibarətdir.
Dezinformasiya fonu
Hazırda Azərbaycana qarşı hibrid müharibə aparılır. Bu
müharibədə dezinformasiyaların payı xeyli çoxdur.
Bəs bu dezinformasiyalar hansı şəkildə ola bilər?
Nümunə kimi buraya şəhərlərdə mühüm obyektlərə bomba
qoyulması kimi yalan telefon zənglərindən tutmuş, cəbhə bölgəsində ordunun üzləşdiyi
uğursuzluqlar barədə feyk xəbərlər daxil edilə bilər. Belə dezinformasiyalar
insanların psixoloji cəhətdən aşınmasına, onlarda ayıq-sayıqlığın azalmasına,
qorxu xofunun artmasına xidmət edir. Məhz buna görə feyk xəbərlərə operativ
reaksiya olduqca önəmlidir.
Virtual dünyada yalan sürətlə yayılır, onun qarşısını almaq çox çətindir. Günümüzdə bu cür hallara qarşı dezinformasiya fonu (disinformation background) deyilən metodlardan istifadə etməklə mübarizə aparılır.
Erməni dezinformasiyaları və reaksiyalarımız
Bu günlərdə ermənilər öz itkiləri barədə bir informasiya yaydılar. Bu məlumatda ölənlərin sayının 11.000, yaralıların isə 8.000 nəfər olduğu göstərilirdi. Xəbərin tərtibat şəklindən bu itkilərin yalnız hərbçiləri, yoxsa mülki vətəndaşları da əhatə etdiyi anlaşılmırdı. Bu da təbii idi.
İnformasiyanın bu şəkildə verilməsində məqsəd bir tərəfdən
daxili auditoriyanın şüuraltına “ermənilərin qətlə yetirilməsi” düşüncəsini
yeniləyən kodu ötürmək idi. Bununla da insanlarda həm qəzəb formalaşdırılır, həm
də “mülki vətəndaş itkisi” hesabına ordunun üzləşdiyi uğursuzluqlar maskalanmış
olurdu. Yəni əhalinin ruh halının istənilən bədbinlikdən sığortalanmasına cəhd
var idi.
Digər tərəfdən isə
bu bilginin xarici aləm üçün nəzərdən tutulan qismində Ermənistan canlı qüvvə tələfatının
çoxluğunu ermənisevər dünyaya çatdırmaqla, cəbhədəki hərbçi qıtlığını digər ölkələrdən
döyüşçülər cəlb etməklə aradan qaldırmağı hədəfləyirdi.
"Edgunews" və Türkiyənin bir neçə
saytı fəaliyyətini tamamilə mülki insanların ölümünü təkzibi üzərinə qurmadı. Çünki
artıq çirkab atılmışdı, yalan maşını işə düşmüşdü. Əksinə, dezinformasiya
fonunda peşəkarlıqla bilgilərin təhlili aparıldı. Azərbaycana yarayan
faktlar qabardılaraq, məlumat erməni
saytlarında yazılan xəbər kimi bir neçə dildə repost edildi.
Heç kəsə sirr deyil ki, istənilən variantda Ermənistana
dəstək verilir. Bu post vasitəsi ilə muzdlu döyüşçülərin cəbhəyə gətirilməsi, yumşaq
desək, təbəssüm doğurur. Belə ki, gələn artıq gəlib, gəlmək istəyən isə bu post
olmadan da gələcək. Geriyə bu bilgidən səmərəli istifadə qalırdı. Ona görə də həmin
məlumat işlənərək, ermənilərin cəbhədə yenilgisinin özləri tərəfindən etirafı
kimi repost edildi. Yəni ermənilərin öz dili ilə öz yalanları ifşa olundu.
Yalan isə bundan ibarətdir ki, guya ermənilər cəbhədə vəziyyəti nəzarət altında
saxlayır.
İkinci bir tərəfdən bu məlumatın erməni toplumu üzərindəki
yıxıcı, Azərbaycan xalqına isə göstərdiyi müsbət təsiri təsəvvür etmək, heç də
çətin deyil.
Repost zamanı nələrə fikir vermək
lazımdır?
Ümumiyyətlə, xəbər işlənilən zamanı, ilk öncə insan və
müharibə hüququ baxımından ələ alınmalıdır. Sonra isə diplomatik mövqeyə, eləcə
də cəmiyyətin və cəbhədəki əsgərlərin ruh halına təsiri nəzərə alınmaqla, təhlil
olunmalıdır. Daha sonra isə informasiyadakı gərəkli məqamlara vurğu edilməklə,
repost olunmalıdır. Bu isə göründüyü kimi komanda işidir.
Şuşa və ətrafında cərəyan edən söz-səhbət
Azərbaycanda günü bu günə kimi aidiyyatı qurumlar feyk
xəbərlərin təkzibi ilə məşğuldurlar. Bunu etmək isə olduqca çətindir. Çünki
çamur atılıbsa, ləkəsi qalacaq. Halbuki təkziblə yanaşı, dezinformasiya fonunda
xəbərin işlənib repost edilməsi istiqmətində də fəaliyyət göstərmək lazımdır. Başqa
sözlə, qarşı tərəfin dezinformasiyasını informasiya şəklində öz xeyrinə
yayımlamaq xeyli effektli olur.
Bu gün iddia edilir ki, Şuşanın alınması ilə bağlı yayılan
feyk xəbərlər əhalinin və əsgərin psixoloji vəziyyətini aşındırır.
Yuxarıda qeyd etdiyimiz kimi hər hansı informasiyaya
malik olmaq və ya dezinformasiyanı istehsal etmək yetərli deyil. Önəmli olan əldəki
bilgini toplumun strukturuna uyğun ötürməkdir.
Azərbaycan toplumunun və əsgərinin kommunikasiya strategiyasına qarşı formalaşmış strukturu xeyli möhkəmdir. Bu mənada Şuşa ətrafında
cərəyn edən söz-söhbətin, nəticədə “Şuşa niyə alınmır və ya gec alınır" düşüncəsinə
və əhalidə, dolayısı ilə əsgərdə ruh düşkünlüyünə səbəb ola biləcəyi fikirləri cəfəngiyyatdır.
Yaxud da cəmiyyəti bu istiqamətə yönləndirmək məqsədi güdür. Çünki Azərbaycan
xalqı müzəffər ordusunun Şuşanı nə zaman alacağına deyil, az itki ilə azad etməsinə
köklənib. Bunun həqiqət olduğunu isə sosial şəbəkə üzərində aparılan analiz və
ya birbaşa sorğu yolu ilə asanlıqla müəyyənləşdirmək olur. Təbii ki, hər
toplumda bir-iki çatlaq səs mümkündür. Amma bunlar heç bir vəchlə ümumi vəziyyətə
təsir edə bilmədiyinə görə əhəmiyyətsizdir.
Bu mənada Ermənistan tərəfinin Azərbaycan əsgəri Şuşanın 5 km-lik məsafəsindəsir, xəbərinə Azərbaycan tərəfi
insanları gözləntiyi soxmaq olmaz, düşüncəsindən yanaşaraq, biganə qaldı. Halbuki bu xəbəri məqsədəmüvafiq şəkildə repost etmək mümkün idi. Çünki bunun erməni toplumu
üzərindəki mənfi təsiri təsəvvür ediləcəyindən xeyli çox ola bilərdi. Məlumatın
mənbəyinin Ermənistan rəsmilərinin olması və dünya mətbuatı tərəfindən
işqlandırılması isə erməni cəmiyyəti üzərində daha katastrofik təsir yarada bilərdi.
Digər yandan yayılan xəbərdə biz yalnız repost funksiyası rolunu oynadığımıza
görə nə geolokasiya, nə dislokasiya barədə bilginin sızma imkanı, nə də bizə göstərəcək
mənfi psixoloji təsiri mümkün idi.
Əgər düşünülürsə bu ermənilərdə dirənci artıra və ya
müqavimət ruhunu gücləndirə bilərdi, bu da yanlışdır. Ən azı ona görə ki,
birinci Qarabağ müharibəsi zamanı biz bu psixoloji sarsıntının acı nəticələrini
yaşamışıq, bilirik.
Unutmayaq ki, düşmənin istənilən dezinformasiyası onun özü üçün yıxıcı ola bilər. Yetər ki, onu doğru şəkildə təhlil edə, yenidən işləyə və bizə sərf edən mətndə paylaşa bilək.
Kommunikasiya strategiyası barədə burada danışmaq istəmədiyimiz başqa mətləblər də var. Hesab edirik ki, bu qədər bilgi yetərlidir.
Post a Comment